15 sentyabr - Bakının azad olunduğu gün Hadisə

15 sentyabr - Bakının azad olunduğu gün

Bu tarix iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu
Musa Yaqub: "Acıdərədə yatan şəxs Huru Paşanın ən qəhrəman əsgəridir"

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 15-nə kimi Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc dövləti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Təsadüfi deyil ki, 1918-ci ilin martında Bakıda bəşər tarixində ən dəhşətli soyqırımlardan biri törədilmiş, 2-3 gündə 12 min soydaşımız qətlə yetirilmişdi. Belə bir zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı. Bu mənada Bakının azad olunmasının iqtisadi əhəmiyyəti də vardı.
Xarici dövlətlər, o cümlədən də Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu.
Beləliklə, 1915-ci il sentyabrın 15-də Bakı qəhrəman türk ordusunun rəşadəti sayəsində azad olundu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya köçdü. Məhz hökumətin Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin müəyyən müddət mövcudluğunu qoruyub saxlamasında əhəmiyyətli rol oynadı. Danılmaz gerçəklikdir ki, 1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi.
Azərbaycanın bir çox bölgələrini erməni vəhşiliyindən, qatilliyindən xilas edən qəhrəman Huru Paşa barəsində ürəkdolusu danışılmağa haqqı olanlardandır. Sovet dövründə Huru Paşaların haqqında danışmaq yasaq idi. Huru Paşa 1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində anadan olub. Ulu babalarının Krım türklərindən olduğu bildirilir. 1906-cı ildə quru qoşunları hərbi məktəbinə daxil olub, 3 il sonra həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü ordu komandanlığında zabit kimi xidmətə başlayıb. 1918-ci ilin yazında Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradılır. Huru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı idi. Bu dövrdə Bakı nefti uğrunda gedən mübarizədə Almaniyanın şübhələndirilməməsi üçün ordunun məhz belə adlandırılması, ordunun əsgəri qüvvəsinin Azərbaycan Türklərindən yaradılacağı ideyası ortada idi. Əvvəlcə Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə ağır zərbələr endirir. Mayın 20-də Zəngəzura çatır, camaat tərəfindən sevinclə qarşılanır. Mayın 25-də Gəncəyə gəlir, qısa müddətdə Gəncədən Zəngəzura kimi olan bölgələrdə asayiş yaradır. İyunun 20-də Bakının azad edilməsi planını gerçəkləşdirmək üçün Ənvər Paşaya müraciət edir, əlavə qüvvə, hərbi sursat alır. Bu dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin sayı 20 min nəfərdən çox idi.
Qəhrəman döyüşçülər arasında Azərbaycan türkləri də vardı.
Bakıya hücum ərəfəsində Huru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: bunun 8 minini Türkiyə, 6 mini isə Azərbaycan türkləri təşkil edirdi. Huru Paşa işğalçılar qarşısında şəhərin danışıqsız təslim olunması, əsgərlərin şəhərin müdafiəsindən çəkilməsi, silahların, döyüş sursatlarının, əmlak və binaların təhvil verilməsi, Hargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli maşın, təyyarə və digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 15-də qələbə ilə başa çatır. Türk qoşunları Bakının azad olunması zamanı 1130-dan artıq şəhid verib. 1918-ci il sentyabrın 23-də Türkiyənin baş naziri Tələt Paşanın Almaniya ilə bağladığı gizli protokola əsasən Osmanlı dövləti qüvvələrini Azərbaycandan çıxarmaqla bağlı öhdəlik götürür. Hoyabrın 30-da Atlanta ilə Osmanlı dövləti arasında "Mudros" sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan və Avstriya-Macarıstandan sonra məğlubiyyətini etiraf edir.
Beləliklə, qəhrəman türk ordusunun Azərbaycanı tərk etməsi məsələsi qaçılmaz olur. 1920-ci il aprel çevrilişindən sonra Huru Paşa gizlincə Dağıstandan keçərək Qarabağa gəlir, Qarabağda və Zaqatalada xalqı sovet imperiyası əleyhinə üsyan qaldırır. Ancaq o, məğlub olaraq geri dönməyə məcbur olur. 1923-cü ildə təqaüdə çıxır, İstanbul ətrafında dəmirtökmə fabriki açır. 1949-cu il martın 2-də fabrikdə baş vermiş partlayış nəticəsində həlak olur.
Tanınmış şair Musa Yaqubun xatirələrindən: "Uşaq vaxtlarımda Huru Paşa haqqında ata-anamdan, eləcə də o dövrün yaşlılarından çox eşitmişəm: 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda və başqa ətraf bölgələrdə soyqırımı törətməsi, Huru Paşanın qoşunu ilə Azərbaycan Türklərinin köməyinə gəlməsi, soydaşlarımızı ölümün pəncəsindən xilas etməsi barədə çox danışıblar. Eşitdiklərim həmişə məni düşündürüb: türk qardaşlarımızın o dövrdə bu xilaskarlıq əməli olmasaydı, görəsən, aqibətimiz necə olacaqdı? Huru Paşanın Azərbaycana gəlişi, camaatı ermənilərin hücumuna qarşı nizamlı şəkildə səfərbər etməsi, özünün daim döyüşməsi bu gün də həmin dövrün söz-söhbətlərinin canında durur. Sən demə, Huru Paşanın rəhbərliyi ilə Lahıcda top düzəldiblərmiş ki, erməni gələndə vursunlar. Hecə olursa, topu yoxlamaq üçün atanda lüləsi ilə birgə gedib düşür Girdimana. O vaxtdan da bizim tərəfdə məsəl qalıb ki, Lahıc topu kimi nə o yana, bu yana vurursan? O dövrdə əli qanlı, təpədən-dırnağa kimi silahlı, canavar kimi gələn erməninin əlindən bizi Huru Paşa xilas edib. Bu, mənim aləmimdə əsl vətənpərvərlik, qəhrəmanlıqdır. Türkiyənin vəziyyəti o zaman yaxşı deyildi, sonradan daha da çətinləşdi. Bakı-Qazax yolunda, Şamaxıya çatmağa az qalmış, Acıdərə adlanan yerdə qərib türk məzarı var. Hər dəfə həmin məzarın yanından keçərkən içim qəribə bir duyğu dolur, ovqatım çox fərəhli olur. Mən bir Azərbaycan Türkü olaraq Huru Paşanın millətimiz üçün göstərdiyi qəhrəmanlığı ömrüm boyu xatırlayıram. Sovet vaxtı Acıdərədəki qərib türk məzarına şeir də həsr etmişdim. Həmin şeiri kitaba sala bilmədim, imkan vermədilər, sonradan çap olundu. Həmişə fikirləşirəm ki, Acıdərədə yatan şəxs Huru Paşanın ən qəhrəman, hünərvər əsgəridir ki, çoxlu ellər aşaraq Azərbaycana gəlib, xalqımızın ermənilərdən xilası uğrunda canını verib. Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinin şərəfinə ucaldılan abidə bu gün bizim əziz ziyarətgahımızdır".
1918-ci il 15 sentyabrdan sonra Bakının paytaxt olması Azərbaycanın müstəqil dövlət olaraq daha ardıcıl və ciddi addımlar atması gənc dövlətin düşmənlərin əndişələndirməyə bilməzdi. Həmin dövrlə bağlı arxiv sənədləri əsasında araşdırmalar aparmış Ataxan Paşayev bildirir ki, o zaman da mühüm geopolitik regionda yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan və təbiətən çox zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin marağı böyük idi. Ermənilər Azərbaycan Cümhuriyyətini yıxmaq üçün bütün mühüm vasitələrdən istifadə edirdilər: "1919-cu il dekabrın 3-də Petrovskdan "Qafqaz və Merkuri" Cəmiyyətində Vasili Kuzneçə L.Kiriyev adından göndərilən məktubda soruşulurdu: "Bizə daxil olan xəbərlərdən məlum olur ki, türk ordusunun baş komandanı Huru Paşa Bakıya gəlib. Əgər gəlmişsə, onun yerini öyrənib bizə bildir. Sənə 5 min rubl göndərmişik. Xəbər ver, almısan, ya yox? Əgər bir şey öyrənsən, tezliklə bizə xəbər ver. Allah qoysa, tezliklə Bakıda olacağıq. O zaman bizi və təşəkkürümüzü görəcəksiniz".
Güney Azərbaycanın tarixi ilə bağlı tanınmış araşdırmaçı Əkrəm Rəhimli bildirir ki, Bakı azad olunan vaxtı Xoyda, Urmiyada, Səlmasda və başqa şəhərlərdə, digər yaşayış məntəqələrində ermənilər asorlara birgə türklərə qarşı
soyqırımı törədiblər. Məqsəd türkləri sarsıdıb məhv etmək idi: "Türk ordusunun bir qolu Quzey Azərbaycana, son nəticədə isə Bakıya - ölkəmizin paytaxtını xilas etməyə kömək üçün gəlmişdi. Türk ordusunun digər qolu əgər Güneyə getməsəydi, Güney Azərbaycandakı qırğınların miqyası təsəvvürəgəlməz dərəcədə artacaqdı. Türk ordusunun Bakının qurtuluşunda nə dərəcədə misilsiz rolu varsa, Güney Azərbaycanda Xoyun, Salmasın, Urmiyanın azad olunmasında da rolu o qədər əvəzsizdir. Türk ordusu gələnə kimi orada yaşayan soydaşlarımıza qarşı soyqırım olmuşdu. Ancan türk ordusunun gəlişi ilə qırğınların qarşısı alındı. Ermənilər ümumiyyətlə, orada yaşayan türkləri son nəfərinə kimi qırıb məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Türk ordusu Güney Azərbaycanda da xilaskarlıq etdi. Quzey Azərbaycanda erməni vəhşiliyinə qarşı olan türk ordusunun ciddi müqaviməti Güney Azərbaycanda da gedib".
Mərhum tarixçi-alim Səməd Sərdariniya araşdırmalarında türk ordusunun hünərvərliyindən söz açır. Ermənilər türk ordusunun gəldiyini görüb Urmiya gölü vasitəsilə Şərabxanaya doğru qaçırlar. Bu hadisə təxminən 1918-ci ilin sentyabrında baş verir. Türk ordusunun hissələri bunları qayıqlarla təqib edirlər. Türk ordusunun bir əsgəri qayıqlardan birinə yanaşanda ermənilər bunun qolunu qılıncla yaralamağa imkan tapırlar. Türk əsgəri yaralanmasına baxmayaraq qayıqdakı bütün ermənilərin hamısını - 18 nəfəri suya tökərək məhv edir. Beləliklə, ermənilərin Şərabxanaya gedib çıxmasının qarşısı mətanətlə alınır. İran tarixçilərinin bəziləri etiraf edirlər ki, əgər o dövrdə türk ordusu köməyə gəlməsəydi, ermənilər xristian dövlətlərinin köməyilə Urmiyada, Salmasda, Xoyda soyqırım istəklərini başa çatdıracaq, türklərin axırına çıxacaqdılar. Bu, faktdır. Bu fakt isə ümumilikdə tarixşünaslıqda qabardılmır, verilmir, ona görə ki, Türkiyə türklərinə Azərbaycan türklərinin yaxınlığı çox olmasın. İran inqilabından sonrakı araşdırmalarda bu məsələ ilə bağlı bəzi etiraflar var. Mərhum tarixçi Səməd Sərdariniyanın kitablarında ("Arazın hər iki sahilində türklərin soyqırımı" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur") sözügedən mövzuya toxunulub".

Uğur