Qərargah: Ölkə ərazisində koronavirusun müntəzəm diaqnostikası üçün 18 laboratoriya var Hadisə

Qərargah: Ölkə ərazisində koronavirusun müntəzəm diaqnostikası üçün 18 laboratoriya var

"Bu gün Operativ Qərargahın toplantısı olub və bəzi qərarlar qəbul olunub".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı aparılan bütün tədbirlər bilavasitə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin nəzarəti altındadır: "2020-ci ilin martından etibarən koronavirus ÜST tərəfindən pandemiya elan olunub. Ölkədə profilaktik tədbirlər davam edir, yeni laboratoriyalarımız qurulur. Azərbaycanda virusa yoluxmanı aşkar etmək üçün bütün imkanlar, avadanlıq və ləvazimatlar var. Ölkə ərazisində virusun müntəzəm diaqnostikası üçün 18 laboratoriya var. 115 minə yaxın test həyata keçirilib. Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyətə başlayan müasir laboratoriyaların imkanı daha da genişləndirilir. Aprelin 20-dən Şəkidə laboratoriya fəaliyyətə başlayıb. Aprelin 27-dən isə Sumqayıtda da laboratoriya fəaliyyətə başlayacaq. Bununla da diaqnostik imkanlar daha da genişlənəcək. Özəl sektorun, "PAŞA Holdinq"in cihazların əldə olunmasında xüsusi dəstəyi olub. Bu cihazlar çox az ölkədə var, bunlar Avropa istehsalı olan müasir sistemlərdən ibarətdir. Eyni zamanda reaktivlər də İngiltərə istehsalıdır. Ona görə analizlərin nəticəsindən əminik".