Türkiyə Qara dənizdə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb Gündəm

Türkiyə Qara dənizdə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb

Türkiyə Qara dənizdə mülki gəmilərə təsir edən münaqişənin kəskinləşməsindən ciddi narahatlığını ifadə edib.

Xalqcebhesi.az -ın məlumatına görə, Respublikanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, gərginliyin azaldılması üçün qabaqlayıcı tədbirlər görülməzsə, bu, ərzaq təhlükəsizliyi də daxil olmaqla ciddi fəsadlara gətirib çıxaracaq.

"Məlum olub ki, dünən axşam (3 avqust) Novorossiysk limanından çıxdıqdan sonra Türkiyəyə məxsus "Yaşar" və "Nadejda" mülki gəmiləri dron hücumuna məruz qalıb, nəticədə vətəndaşlarımız da daxil olmaqla personalın bir hissəsi xəsarət alıb. Vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir", — deyə mətndə qeyd olunur.

"Bütün xəbərdarlıqlarımıza baxmayaraq, Rusiya və Ukrayna arasında Qara dənizdə mülki gəmilərə də toxunan münaqişənin kəskinləşməsindən ciddi narahatlıq keçiririk. Qabaqlayıcı tədbirlər görülməzsə, Qara dənizdəki eskalasiya ərzaq təhlükəsizliyi də daxil olmaqla çoxşaxəli mənfi nəticələrə səbəb olacaq. Bu səbəbdən bütün maraqlı tərəfləri, xüsusən də müharibə edən tərəfləri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün təcili olaraq konkret tədbirlər görməyə bir daha çağırırıq", — deyə bəyanatda vurğulanır.

Məryəm Quliyeva