
“Ukraynanın Türkiyə gəmisini vurması Qara dənizdə davam edən müharibənin regional və beynəlxalq təhlükəsizlik baxımından yaratdığı risklərin daha bir nümunəsi kimi qiymətləndirilə bilər. Gəminin ekipajında Azərbaycan və Türkiyə vətəndaşlarının olması isə hadisəyə humanitar və diplomatik aspektlər də əlavə edir. Belə insidentlər münaqişə zonasının birbaşa döyüş meydanından kənarda yerləşən aktorlara təsir imkanlarının artdığını göstərir. Məlumdur ki, Qara dəniz uzun müddətdir Rusiya-Ukrayna qarşıdurmasının əsas istiqamətlərindən biridir. Burada enerji infrastrukturu, limanlar, hərbi obyektlər və kommersiya gəmiçiliyi strateji əhəmiyyət daşıyır. Ukraynanın dəniz dronlarından və digər uzaqmənzilli vasitələrdən istifadə etməsi Rusiyanın logistika imkanlarını zəiflətmək və iqtisadi təzyiq yaratmaq məqsədi daşıyır. Lakin belə hücumların mülki gəmilərə və üçüncü ölkələrin vətəndaşlarına təsir göstərməsi münaqişənin daha geniş diplomatik nəticələr doğurmasına səbəb ola bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Y.Bağırzadənin fikirlərinə görə, bu hadisədə əsas diqqət çəkən məqamlardan biri gəminin Türkiyə şirkətinə məxsus olması və ekipajda Azərbaycan və Türkiyə vətəndaşlarının iştirak etməsidir: “Ankara uzun müddətdir Rusiya və Ukrayna arasında balanslı siyasət yürüdür. Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Rusiya ilə enerji, ticarət və digər sahələrdə əməkdaşlığı davam etdirir. Buna görə də Türkiyə vətəndaşlarının və Türkiyə ilə əlaqəli kommersiya obyektinin münaqişədən zərər görməsi Ankara üçün həssas məsələdir. Azərbaycan baxımından da hadisə diqqətlə izlənilməlidir. Azərbaycan vətəndaşlarının təhlükə ilə üzləşməsi rəsmi Bakının diplomatik kanallar vasitəsilə məsələni gündəmə gətirməsini ehtiva edir. Azərbaycan ənənəvi olaraq regional sabitlik və nəqliyyat-kommunikasiya təhlükəsizliyinə xüsusi önəm verir. Qara dənizdə artan hərbi risklər Azərbaycan kimi region ölkələrinin ticarət əlaqələrinə və logistika marşrutlarına dolayı da olsa təsir göstərə bilər”.
Politoloq əlavə edib ki, hadisədən sonra regional gərginliyin artması ehtimalına gəldikdə isə belə bir ehtimal müəyyən mənada mövcuddur: “İlk növbədə, Rusiya bu tip hücumları Ukraynanın beynəlxalq gəmiçiliyə və mülki infrastruktura qarşı addımı kimi təqdim edə və cavab tədbirlərini genişləndirə bilər. Ukrayna isə öz növbəsində bu cür əməliyyatları ənənəvi olaraq Rusiyanın hərbi-iqtisadi imkanlarını məhdudlaşdırmaq vasitəsi kimi qiymətləndirəcək. Bu qarşılıqlı yanaşma Qara dənizdə risklərin artmasına səbəb ola bilər. Lakin hadisənin birbaşa daha geniş regional qarşıdurmaya çevrilməsi zənnimcə məhdud ehtimaldır. Çünki Türkiyə də daxil olmaqla bir sıra ölkələr Qara dənizdə sabitliyin qorunmasında maraqlıdır və tərəflərlə diplomatik əlaqələrə malikdir. Xüsusilə Türkiyənin vasitəçilik imkanları gərginliyin idarə olunmasında mühüm rol oynaya bilər”.
O qeyd edib ki, bununla yanaşı, belə hadisələr təhlükəli presedent yaradır: “Müharibə şəraitində mülki gəmilərin, ticarət marşrutlarının və üçüncü ölkələrin vətəndaşlarının risk altında qalması təsadüfi insidentlərin daha böyük diplomatik böhranlara çevrilməsi ehtimalını artırır. Buna görə də Qara dənizdə naviqasiya təhlükəsizliyi, mülki obyektlərin qorunması və tərəflər arasında kommunikasiya kanallarının saxlanılması xüsusi əhəmiyyət daşıyır”.
Röya İsrafilova