QHT-lərin fəaliyyətində şəffaflıq tələbi Hadisə

QHT-lərin fəaliyyətində şəffaflıq tələbi

Qanunvericiliyə müvafiq düzəlişlər vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən addım kimi qiymətləndirilir

Cavid

Sentyabrın 30-da Milli Məclisin hüquq siyasəti və iqtisadi siyasət komissiyalarının birgə iclasında "QHT-lər, ictimai birliklər və fondlar haqqında" və "Qrantlar haqqında" qanunlara, habelə Miqrasiya Məcəlləsinə düzəlişlərə baxılıb.
Hüquq siyasəti komitəsinin rəhbəri Əli Hüseynli nəzərdə tutulan düzəlişlər haqqında məlumat verib və onların korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi ilə əlaqədar olduğunu bildirib.
"Təklif olunan düzəlişlər QHT-lərin fəaliyyətinə şəffaflığı təmin edəcək", deyə o qeyd edib.
Xatırladaq ki, bu düzəlişlər yerli QHT-lərə və xarici QHT-lərin filiallarına pul ianələrinin ölçüsünü və dövlət orqanlarında qeydiyyatını, habelə vəsait verən şəxslər haqqında məlumat verilməsini nəzərdə tutur.
İanə verən şəxslər haqqında məlumat vermədən həmin vəsaitlərlə hər hansı bank əməliyyatlarına yol verilmir.
Müzakirələr zamanı komitə üzvləri bu düzəlişləri dəstəkləyiblər, onları şəffaflığa şərait yaradan və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən addım kimi qiymətləndiriblər.
İclasın yekunlarına görə düzəlişlərin təsdiq olunması üçün Milli Məclisə çıxarılmasını tövsiyə etmək qərara alınıb.
Əli Hüseynli deyib ki, Milli Məclis indiyə qədər "Qeyri-hökumət təşkilatları haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlara bir sıra dəyişikliklər edib. Dəyişikliklər edərkən, bu sahədə beynəlxalq təcrübəni öyrənmişik, xüsusilə xarici hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təcrübəni. Ə.Hüseynli bildirib ki, bu təcrübə ABŞ təcrübəsinə uyğundur. Onun sözlərinə görə, necə ki, həmin dövlətdə QHT-lər qeydiyyata alınır, xarici hüquqi şəxslərin və milli QHT-lərin hansı azadlıqları var, həmin azadlıqlar Azərbaycanda da mövcuddur.
"Bununla yanaşı, QHT-lərin maliyyələşdirilməsi məsələsində şəffaflıqla əlaqədar biz yeni addımlar atmalıyıq. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, ona görə də biz korrupsiyaya qarşı mübarizənin, şəffaflığın artırılması ilə bağlı nümunələr göstərməliyik. Məlumat üçün deyim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qeyri-hökumət təşkilatları və qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və bu məsələni bir müddət sonra müzakirəyə çıxaracaq. Əminəm ki, həmkarlamız bu təşəbbüsümüzü dəstəkləyəcəklər. Təklif etdiyimiz dəyişikliklər qanunvericiliyə daxil olandan sonra isə qrantların verilməsi, eləcə də QHT-lərin fəaliyyəti ilə bağlı tam şəffaflıq təmin olunacaq" - deyə, komitə sədri vurğulayıb.
Komitə sədrinin dediyinə görə, "QHT-lər haqqında" qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Həmçinin, sözügedən qanunun 24.2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşımalı olacaqlar.
"Qrantlar haqqında" qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəl də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində İnzibati Xətalar Məcəlləsinə (İXM), "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna ("QHT-lər haqqında" Qanun) və "Qrantlar haqqında" Qanuna dəyişikliklər layihəsinin vahid paketinə baxılması və sənəd layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsinə bəzi QHT-lər etirazını bildirib. Qeyd edək ki, İXM-ə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə Ədliyyə Nazirliyinə (ƏN) təqdim olunmadığı halda vəzifəli şəxslərin 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərin isə 5 min manatdan 7 min manata qədər cərimə olunması nəzərdə tutulur.
Həmçinin Məcəlləyə əlavələrdə qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək miqdarda cərimə olunur. Eyni zamanda təklif olunur ki, yalnız nizamnaməsində əsas məqsədi xeyriyyəçilik kimi göstərilmiş QHT-lər 200 manatadək ianəni nağd formada ala bilərlər.
O zaman buna etiraz edən QHT-lər bildirmişdilər ki, parlamentin müzakirəsinə təqdim olunan layihədə nəzərdə tutulan cərimə məbləğlərinin qeyri-adekvat olaraq yuxarı qaldırılmasını layihə müəllifi QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə izah edir. Baxmayaraq ki, mövcud qanunvericiliyə görə, QHT-lər ildə 5 dəfə (4 dəfə rüblük və 1 dəfə illik) Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Statistika Komitəsinə bütövlükdə 15 hesabat forması, həmçinin də ildə 1 dəfə Maliyyə Nazirliyi üçün 4 hesabat forması dolduraraq təqdim edirlər.
Bəzi vətəndaş cəmiyyəti təmsilçiləri hesab etmirlər ki, bu dəyişikliklərin qəbul edilməsi ilə QHT-lərin şəffaflığı artacaq. Əksinə, bu dəyişikliklər qüvvəyə minərsə nəzərdə tutulan qeyri-adekvat məbləğdə cərimələrin ödənilə bilməməsi nəticəsində bir çox QHT-lərin borc öhdəlikləri yaranacaq və onların maliyyə vəziyyəti daha da pisləşəcək. Digər tərəfdən, onların fikrincə, təklif olunan dəyişikliklərin tətbiqindən sonra QHT-lərə maksimum 200 manatdan çox olan ianəni nağd formada qəbul edə bilməməsi QHT-biznes və QHT-icma əsaslı fəaliyyətlərin məhdudlaşdırılmasına, buna əməl etməyən QHT-lərin isə külli miqdarda cərimələnməsinə şərait yaradacaq, beləliklə də qanunvericiliyə təklif olunan dəyişikliklərin bu istiqamətdə də ən çox mənfi təsiri qeydiyyatsız fəaliyyət göstərən QHT-lərə olacaq. Onlar bunu onunla əsaslandırmağa çalışırlar ki, qeydiyyatdan keçməyən QHT-lər və onların alyansları hüquqi şəxs statusu daşımadığından müstəqil bank hesabına malik olmur, yalnız birtərəfli qaydada təsdiq olunan müqavilələrlə fəaliyyət göstərir. Belə olan vəziyyətdə isə dəyişikliklər təsdiq olunacağı halda həmin QHT-lər onlara verilən ianələri qanunun tələblərinə müvafiq şəkildə qəbul edə bilməyəcəkdir. Dəyişikliyə qarşı çıxanların iddiasına görə, bütün bunlar 27 iyul 2007-ci ildə Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na, 03 iyul 2012-ci ildə "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirilmiş tədbirdə hökumət adından bəyan edilmiş prinsiplərə tamamilə ziddir.
Onu da bildirək ki, ölkəmizdə QHT-lərin böyük əksəriyyəti qrantlar əsasında fəaliyyət göstərir. Aydın məsələdir ki, qrantlar olmadıqda QHT-lərin böyük bir hissəsi ya müvəqqəti, ya da uzun müddət ərzində fəaliyyətini dondurur, üstəgəl həmin QHT-lərdə daimi ştatlar ümumiyyətlə olmur. Əksər QHT-lərdə kadrlar idarəsi, mühasibatlılıq və s. ya yoxdur, ya da bir nəfər 3-4 QHT-nin həmin işləri ilə məşğuldur. Digər tərəfdən QHT-lərin böyük bir hissəsində adi inzibati sənədləşmə prosesi aparılmır. Burada bir qəbahət yoxdur. Həmin ştatların saxlanması və bu inzibati işlərin aparılması insan resursu və maliyyə vəsaiti tələb edir. Ciddi sənədləşdirmə tələbi yaxşıdır. Nəzərə almaq lazımdır ki, QHT sektoru çox gəncdir, odur ki, biznes qurumlarında olduğu kimi onlardan da sənədləşmə prosesində daha mükəmməl olmağı tələb etmək çətinliklərə səbəb olacaq. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyevin fikrincə, reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda QHT-lərlə bağlı demokratik islahatlar aparılır, qərarlar, qanunlar qəbul edilir. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Şura tərəfindaən QHT-lərin təqdim etdikləri müxtəlif sahələri əhatə edən layihələri maliyyələşdirilir. Bu da cəmiyyətdə vətəndaş inistutlarına olan inamsızlığın aradan qaldırılmasına yardımçı olub: "Çünki, bəzi QHT-lər xarici fondlardan qrantlar aldıqlarından onların Azərbaycandakı təmsilçiləri rolunda çıxış edərək, beynəlxalq aləmdə Azərbaycanın artan nufuzuna xələl gətirməyə çalışıblar. Şəffaflığın, korrupsiyanın, vergidən yayınmaların tamamilə aradan qaldırılması istiqamətində dövlətimiz beynəlxalq hüquq prinsiplərinə uyğun qanunların qəbul edilməsini təmin etməkdədir. Hazırda "QHT-lər, ictimai birliklər və fondlar haqqında" və "Qrantlar haqqında" qanunlara dəyişikliyin nəzərdə tutulması da cəmiyyətin gözləntilərinin reallığa çevrilməsinə imkanlar yaradacaq. Nəzərdə tutulan dəyişiklik indidən bəzi müxalifyönlü QHT rəhbərlərini, eləcə də AXCP, Müsavat, AMİP kimi partiya funksionerlərini narahat edir. Bu da başa düşüləndir. Çünki, müxalif siyasi partiyaların təsiri altında olan "narazı" QHT rəhbərləri müxtəlif qaranlıq yollarla qrant və ya ianə ala bilməyəcəklər. Əslində qanuna dəyişiklik heç bir narahatlıq yaratmamalıdır. Fəaliyyətlərini qanunlar çərçivəsində quran istənilən təşkilat, o cümlədən QHT-lər yeni dəyişiklikdən sonra daha çevik və cəmiyyət üçün açıq formada fəaliyyət göstərə biləcəklər. Yenə də dövlətimiz, QHT-lərə dəstəyini əsirgəməyəcək".
Hüquqi Yardım İB-nin sədri, İlqar Qasımov isə bildirib ki, dəyişikliklər QHT sahəsini təkmilləşdirməyə yönəlib: "Düzdür hər yenilik bir az çətin qəbul olunur, bu yeniliyin də rahat qəbul edilib, həyata vəsiqə qazanması bir qədər çətin ola bilər. Amma fikirləşirəm ki, dövlət bu dəyişikliklərlə QHT sektorunu daha sözə baxan, daha intizamlı etmək istəyir. Onsuz da biz radikallığı gördük və rahat bir 3-cü sektor qurmaq QHT-rin çoxdankı arzusudur. Bu istiqamətdən dövlətə bağlı QHT-lər daha geniş faydalana bilər. Amma zənnimcə buna şərait yaradılmamalı, bütün QHT-lərə bərabər imkanlar qorunub saxlanılmalıdır".