Dmanisidə vətəndaş inteqrasiyası ilə bağlı müzakirə Hadisə

Dmanisidə vətəndaş inteqrasiyası ilə bağlı müzakirə

Gürcüstan dövlət naziri: "İnteqrasiyaya mane olan ən başlıca səbəb milli azlıqların dövlət dilini zəif bilmələridir"

Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili sentyabrın 30-da azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonuna səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd "2009-2014-cü illər üçün Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası fəaliyyət planı" layihəsinin yerinə yetirilməsi ilə bağlı gürcü və azərbaycanlı icması ilə görüş keçirmək və layihə barədə fikir və təkliflər eşitmək və bu təklifləri 2015-ci il üçün hazırlanan yeni layihəyə daxil etməkdir. Heydər Əliyev adına Dmanisi Tədris Mərkəzində baş tutan tədbirdə Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili qeyri-hökumət təşkilatları, media və yerli hakimiyyət orqanları nümayəndələri və Gürcüstan ali məktəblərində təhsil alan tələbələr qarşısında çıxış edib: "Bizim bölgədə münaqişə kimi ağır problemimiz var. Bunlara baxmayaraq, biz milli azlıqların problemlərinin öyrənilməsinə ciddi fikir veririk. Milli və dini tolerantlıq Gürcüstanın ən yüksək nailiyyətidir. Köhnə konsepsiya 2014-cü ildə başa çatır. Yeni konsepsiya işlənib hazırlanır və layihənin əsas hissələri hazırdır. Biz yerlərdə əvvəlki strategiyanın yerinə yetirilməsi ilə əlaqədar hesabat verir, yeni layihənin müzakirəsini etmək məqsədi ilə görüşlər keçirməyi qərara almışıq. Gürcüstan çoxmillətli ölkədir. Biz bu strategiyanı uğurla həyata keçirməyə çalışacağıq". Tədbirdə Gürcüstanın baş nazirinin müşaviri Savalan Mirzəyev çıxış edib. O, çıxışında Dmanisidə baş tutan bu vacib tədbirin təşkil edilməsinə görə dövlət naziri Paata Zakareişviliyə təşəkkürünü bildirib: "Regionlarda belə tədbirlərin keçirilməsi çox faydalıdır. Bu layihənin həyata keçirilməsi yerlərdə dəstəklənir, həm də problemlərin yerində öyrənilib həllinin tapılmasına kömək edir və dövlət strukturları da milli azlıqların yaşadığı bölgələrə səfər edir, yekun hesabatı verir, Milli Konsepsiya strategiyasının həyata keçirilməsinə çalışırlar. Bu layihənin həyata keçirilməsinin nəticəsidir ki, bu günədək Gürcüstanın ali məktəblərində minə yaxın azərbaycanlı tələbə təhsil alır".
Sonra Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin şöbə müdiri Tina Qoqeliani "2009-2014-cü illər üçün Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası fəaliyyət planı" layihəsinin yerinə yetirilməsi haqqında hesabatla çıxış edib. Sonra Dmanisi rayon icra hakimiyyətinin başçısı Qoqi Barbakadze, Gürcüstan daxili işlər nazirliyinin Polis Akademiyasının nümayəndəsi Mamuka Koyava, Gürcüstan təhsil və elm nazirliyinin nümayəndəsi David Zatiaşvili çıxış edərək tədbir iştirakçılarının suallarına cavab verib, müxtəlif məsələlərə aydınlıq gətiriblər. Tədbirdə müxtəlif QHT nümayəndələri, ekspertlər, Azərbaycandilli məktəblərin gürcü dili müəllimləri yeni konsepsiya barədə fikir və təkliflər, problemlər barədə fikir mübadiləsi aparıblar. Tədbirdə Ermənistanla sərhədyanı kəndlər olan Yırğançay və Sadaxlıda bir çox problemlərin mövcud olduğu açıqlanıb. Tədbir iştirakçıları bildiriblər ki, Ermənistanın 300 metrliyində olan və azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndində yol, qaz, uşaq bağçası, internet yoxdur, sosial həyat şəraiti müasir tələblərə cavab vermir. Sadaxlıda isə məktəblərə direktor təyinatı məsələsində təhsil nazirliyinin təşkil etdiyi test imtahanlarının ana dilində aparılması barədə təklif səsləndirilib.
Dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Milli Konsepsiya planının regionda Gürcüstan cəmiyyətinə inteqrasiyanın sürətləndirdiyini bildirib: "Milli Konsepsiya əlbəttə, inteqrasiyaya kömək edir. Bu bizim başlıca məqsədimizdir. Dövlət dilinin öyrənilməsi inteqrasiyaya mühüm təsir edir. Milli azlıqlar özlərinin milli, mədəni və mənəvi keyfiyyətlərini saxlayır və inteqrasiya yönümündə mühüm tədbirlər həyata keçirir, dövlət dilini öyrənirlər. Bu məsələdə dövlətin dəstəyi vacibdir. Onlar Gürcüstanın layiqli vətəndaşıdır".
Dövlət naziri inteqrasiyaya mane olan səbəblər barədə də məlumat verib: "Ən başlıca səbəb milli azlıqların dövlət dilini zəif bilmələridir. Biz arzulayırıq ki, gənclər dövlət dilini yaxşı bilsinlər. Buna görə də biz ali məktəblərə qəbul zamanı 4+1 proqramından istifadə edir və tələbələrin bir il gürcü dilini öyrənmələri üçün istənilən şərait yaradırıq. Bu isə müsbət nəticə verir. Onlar gələcəkdə ali məktəbi bitirir və öz ixtisaslarını gürcü dilində bilir və peşəkarcasına çalışırlar", deyə dövlət naziri bildirib.