İnsanda ölümqabağı gümrahlaşmanın səbəbi nədir? Hadisə

İnsanda ölümqabağı gümrahlaşmanın səbəbi nədir?

Ölüm təhlükəsi real olduqda insanın zehni qabiliyyəti birdən-birə sıçrayışla artır

Bir yaşım olanda atam ölmüş, məni anam və böyük qardaşım böyütmüşlər. Mən anamın və qardaşlarımın böyük qayğısı sayəsində vaxtında və mükəmməl təhsil almışam. Doğma Füzulini düşmənlər tutanda anam və qardaşım bizə gəlib burada - Bakıda məskunlaşdılar. Anam 91 yaşında idi, qocalmışdı. Ancaq xəstəliyi yox idi. Qardaşım isə gözlənilmədən xəstələnmişdi. Hər gün onlara bir neçə dəfə baş çəkirdim. 2003-cü il yanvarın 16-da axşam onların yanına getdim. Anama baxdım. Onda qeyri-adi bir gümrahlıq gördüm. Gördüm ki, anamın yanaqları təravətlənib, sanki cavanlıq çağlarına qayıdıb, nitqi rəvanlaşıb, üzünün-gözünün nuru artıb. Bunlar o qədər qabarıq görünürdü ki, bərk sevindim. Anam tez də yuxuya getdi. Bu, onun son və əbədi yuxusu imiş. Səhər saat 5-də qardaşım məni çağırıb ehtiyatla dedi: "Anamız öldü".
Bu hadisə mənə o qədər güclü təsir etdi ki, ölümqabağı gümrahlaşmanın sirri haqqında düşündüm və bu sirri açdım. Anamın ölümündən 2 ay sonra böyük qardaşım Mürşüd dünyasını dəyişdi. Onunla bir neçə gün əvvəl olan görüşümüz də məndə qardaşımın tezliklə sağalacağına böyük ümid yaratmışdı. Qardaşım gümrahlaşmış, iştahı açılmış, bizə ümidverici, ilhamverici sözlər demişdi. Bu ümidim də doğrulmadı. Yas yasa qarışdı, yüz gün davam etdi. Artıq mən bu günlərdə təbiətin qadağan qanunları və ölümqabağı gümrahlaşmanın sirrini açmağa müvəffəq olmuşdum.
Bu ideyanı 29.12.2003-cü ildə Müəllif Hüquqları Agentliyində dövlət qeydiyyatından keçirərək şəhadətnamə aldım. Keçən müddət ərzində bu iş üzərində axtarışlarımı dayandırmadım. Ölümqabağı gümrahlaşmanın sirrini açan arqumentlərim və yeni-yeni faktlarım genişləndi. Biologiyada sübut olunmuş qadağan qanunlarından birini yada salaq. Bu qanuna görə təbiət insanın malik olduğu enerjinin hamısını sərf etməsinə qadağan qoyub. İnsan ekstremal şəraitə düşdükdə belə malik olduğu enerjinin bir hissənin, yəni təbiət tərəfindən icazə verilmiş hissəsini istifadə edə bilər. Bəs görəsən, bu, icazə verilmiş enerji tam enerjinin hansı hissəsidir? İnsanın bədənində bədənin salamat saxlanılması üçün lazım olan minimal enerji var ki, onu ayrı işlərə sərf etmək qadağandır. Qadağanı təbiət qoyduğuna görə insan bu qaydanı poza bilməz.
Tutaq ki, iki nəfər güləşir. Onlardan heç biri yıxılmaq istəməz. Amma təbiət orqanizmdə olan enerjini tam istifadə etməyə qadağa qoyduğuna görə güləşçi yol verilən müəyyən enerjidən istifadə edə bilər. Qalan enerji isə toxunulmazdır. Əgər gənc adamdan, yəni orqanizmi böyüməkdə olan, 25 yaşa qədər insandan söhbət gedirsə, onda onun enerjisi belə deyək ki, 3 hissədən ibarətdir. Əvvəl orqanizmin böyüməsinə sərf ediləcək enerji, hormon buraxan mərkəz var. Bu hormon insanın bədəninin böyüməsinə sərf olunan enerjini yaradır. Daha doğrusu, insan orqanizminin böyüməsi üçün istehsal olunan hormon əlçatmaz, ünyetməz yerdə - beyinin mərkəzində yerləşdirilib. Ümumiyyətlə, təbiət ən vacib olan sirrini etibarlı yerdə gizləməyi, qorumağı bacarır. Canlıların ən ümdə vəzifəsi nəsil artırmaqdır. Bu səbəbdən də təbiət nəsil artıran orqanları bütün canlılardan maksimum etibarlılıqla qoruyur və onun zirehini yaradır. Bitkilərin toxumunun bu zirehlərini göz önünə gətirmək kifayətdir ki, deyilənlərin həqiqət olduğu aydınlaşsın. Həmin böyüməyə xidmət edən insan orqanizmi 25 yaşa qədər öz funksiyasını yerinə yetirir, bu yaşdan sonra böyümə enerjisi yaratmağı dayandırır. Patoloji olaraq bu mexanizm tutaq ki, 10 yaşında sıradan çıxsa, onda adam liliput olar. Məsələnin digər tərəfi bundan ibarətdir ki, orqanizmin yaşamasına sərf ediləcək enerji nəzarətdədir; insan beynində bu enerjinin yaranması və sərf edilməsini də nizamlayan, tənzimləyən qadağanedici mərkəz var.
Başqa bir məqam. Bizim azad adlandırdığımız enerjini hər kəs zərurət olduqda tam sərf edə bilər. Bu enerji sonra tezliklə bərpa olunar. Birinci iki növ enerjiyə isə təbiət qadağa qoyub. Onları biz sərf edə bilmərik. O enerjiləri orqanizm özü bizim xəbərimiz olmadan sərf edir.
Deyilən üç növ enerji bütün canlılarda (insanlarda, heyvanlarda və bitkilərdə) var və bütün canlılarda onun tənzimlənmə mexanizmi insanlar üçün təsvir edilən kimidir. Ona görə ki, proses qeyri-şüuridir. İnsanı o biri canlılardan fərqləndirən şüur bu tənzimlənmədə heç vaxt rol oynamır. Ümumiyyətlə, canlı orqanizmlər özü nizamlanan sistemdir.
Heyrofiziologiyada sübut olunub ki, insanın orqanizmində, o cümlədən beynində olan saysız-hesabsız neyronların hər birinin hərəkət trayektoriyası tam məlumdur və neyronlar heç bir təsirlə yolunu dəyişə bilməz. Milyardlarla neyronun rasional (kəsə) yolu var və ona bu yolla getməyə heç nə mane ola bilməz. Qadağan - yolunu azmamaq dünyanın - maddi aləmin quruluş prinsipinin mahiyyətindən doğan keyfiyyət xüsusiyyəti, özəlliyidir.
Biz qadağan qanunları ilə bağlı olaraq elmdə və el arasında çoxdan fakt kimi qəbul olunmuş, indi də müşahidə edilən, amma elmi izahını tapmamış bir hadisənin elmi əsasını açmağa müvəffəq olmuşuq. Məlumdur ki, bir qayda olaraq öz əcəli ilə ölən adamlarda, istər yataq xəstəsi, istərsə də ayaqüsütü xəstəlik keçirən adam olsun, ölümqabağı (elmi ədəbiyyatda bu, "aqoniya" adlanır.) bir canlanma, dirçəliş, gümrahlaşma yaranır. Bu, o qədər aydın və davamlı olur ki, çox vaxt xəstənin qohumları, dostları sevinc içində olur, bir-birlərinə ümidverici sözlər deyir, gözaydınlığı verirlər. Bu hal ölümdən bir müddət qabaq baş verir. Bəzi müşahidələrə görə, bu gümrahlaşma bir neçə saat qabaq da üzə çıxa bilər. Bizim topladığımız faktlar, həkimlərlə etdiyimiz söhbətlər aqoniya halında baş verən digər maraqlı cəhətlərə də işıq saldı. Elə hallar olub ki, aqoniya halında "kar" ləqəbi qazanmış adam normal eşitmə aktını bərpa edib. Kor adam olub ki, ölümqabağı görməyə başlayıb. Hitqi pozulmuş adamda ölümqabağı nitqi bərpa olunub. Yaddaşı pozulmuş adamda yaddaşın bərpa olunduğu hallar da məlumdur. Belə xəstələr bir qayda olaraq durub oturur, yaxud ayağa dururlar. Onların üzü-gözü işıqlanır, el arasında deyildiyi kimi üzlərinə nur gəlir. Görəsən, dünya tibb elmi üçün bu gün də sirr sayılan bu hadisənin elmi əsası nədən ibarətdir? Bütün qüvvələri tükənməkdə olan, iştahasını da büsbütün itirmiş adam bu qədər enerjini haradan alır? O, hansı enerjinin hesabına nura qərq olur, üzünə-gözünə gülüş qonur, nitqi rəvanlaşır, dizlərinə taqət, qoluna qüvvət gəlir, eşitmə, görmə qabiliyyəti, nitqi, yaddaşı bərpa olunur və güclənir. Bütün bu sualların cavabını biz ümumi metodlardan biri olan məntiqi təhlil üsulunu tətbiq edərək tapmışıq: ölümqabağı təbiətin qadağan qaununlarından biri olan ehtiyat bioenerjinin saxlanması qanunu üzərindən qadağan hökmü götürülür. Burada təbiətin müdrikliyi də özünü göstərir. Yığılmış enerjini, "qara gün" üçün saxlanan, bu səbəbdən də üzərinə qadağa qoyulmuş enerjini indi ölüm ayağında qoruyub saxlamağa ehtiyac varmı? Təbiidir ki, yoxdur. Ona görə də ana təbiət bu enerji üzərindən qadağanı götürür, ehtiyat enerji bütün gücü, enerjisi tükənmiş insanlara verilir, onların vida yollarını işığa qərq edir.
Bitkilərdə və heyvanat aləmində ölüm qorxusu altında baş verən hadisənin - ehtiyat enerji üzərindən qadağanın götürülməsinin müşahidə olunmasının insanlarda - şüurlu varlıqlarda olub-olmaması ilə bağlı bunları demək olar: başqa ekstremal situasiyalarda insanın gücünün, işgüzarlığının qat-qat artması bəllidir. Onu hər kəs öz üzərində müşahidə edib.
Ölüm təhlükəsi real olduqda ehtiyat enerji üzərindən qadağan götürüldüyünə görə şüurlu varlıq olan insanın zehni qabiliyyəti birdən-birə sıçrayışlı artır. Tarixdə buna dair elə parlaq, unikal olaylar baş verir ki, onu ancaq bizim kəşfimizlə- ölümqabağı ehtiyat enerji üzərindən qadağanın götürülməsi hadisəsi ilə izah etmək olar. Daha doğrusu, burada ölümqabağı deyil, ölüm qorxusu qabağı qadağanın götürülməsi hadisəsi baş verir. Bu hadisəyə dair ən parlaq misal kimi dahi fransız riyaziyyatçısı Evaris Qaluanın (1811-1832) faciəli həyatını göstərə bilərik. Gənc alim kral rejiminə qarşı açıq şəkildə çıxdığına görə iki dəfə həbs olunmuşdu. O, dueldə öldürülüb. Duelə çıxacağını bildikdən sonra qalan az vaxtında elmlə məşğul olub. Qalua nəzəriyyəsinin müəllifi dar bir vaxtda riyaziyyat elmi sahəsində elə böyük elmi nəticələr alıb ki, sonralar dünya riyaziyyatçıları onu anlamaqda uzun müddət çətinlik çəkmişlər. Ölümlə nəticələnən duelin yaratdığı real ölüm qorxusu onun ehtiyat bioenerjisi üzərindən qadağanı götürüb və 21 yaşlı dahi alim elmə böyük yenilik gətirib.
Bitkilərin çoxalma, nəsilartırma, yayılma və qorunma mexanizmi təbiətin "emalatxanasında" saysız-hesabsız mexanizmlərə malikdir. Bitkilərin bu işə xidmət edən meyvələri, onların müxtəlif kalibrli toxumları, təbiətdə yayılma üsulları heyrətamiz dərəcədə çoxdur. Bizim meyvə hesab etdiyimiz nemətləri göz önünə gətirin. Bu toxumlar, bu dənələr, tumlar təbiət tərəfindən necə məharətlə gizlədilib, "zirehlənib", qorunub. İnsanda ölümqabağı gümrahlaşma
- toxunulmaz ehtiyat enerji üzərindən qadağa götürüldüyü kimi bitkidə də ölümqabağı yaxud yalançı ölüm təhlükəsi olduqda instinktiv olaraq təbiət bitkinin canında olan toxunulmaz enerjinin üzərindən qadağanı götürür və ehtiyat enerji ilk növbədə onun ən ümdə vəzifəsini - nəsilartırma funksiyasını yerinə yetirməsinə sərf olunur.

Telman Əliyev,
professor