COVİD-19-a şübhə ilə yanaşanların nəzərinə Hadisə

COVİD-19-a şübhə ilə yanaşanların nəzərinə

Xəstəliyə yoluxan həkim: “Mən hətta təsəvvür edə bilməzdim ki, virus o qədər təcavüzkardır”

“Nədənsə insanlar koronavirusa inanmırlar. Amma doğrudanmı lazımdır ki, kimsə yaxınlarından bu virusa yoluxsun və onlar da bundan sonra COVİD-19-a inansınlar?!”
Bunu koronavirusa yoluxan və artıq sağalan Gəncə Stomatoloqlar Birliyinin sədri, Azərbaycanın İmplantoloqlar Assosiasiyasının üzvü Vüsal Tahirov deyib.
İnsanları bu qorxunc virusa inanmağa çağıran həkim qeyd edib ki, sərt karantin tədbirlərinin tətbiqi indiki dövrdə olduqca vacibdir.
V.Tahirov bu baxımdan hesab edir ki, iki həftəlik sərt karantin qaydalarının tətbiqi ölkədə yoluxma hallarının azalmasına müsbət təsir edər.
Əhalini də bu qərarlara riayət etməyə çağıran V.Tahirov əlavə edib ki, qaydalara əməl edilərsə, yoluxma halları daha tez azalar və sərt karantin tədbirlərinin müddətinin uzadılmasına ehtiyac qalmaz.
Özünün də koronavirusa yoluxması haqqında danışan V.Tahirov qeyd edib ki, COVİD-19-a Ramazan ayının son günlərində yoluxub.
Bunu həmin zaman oruc tutma səbəbindən bədəninin zəifləməsi ilə izah edən V.Tahirov qeyd edib ki, mayın 14-də özünü pis hiss edib, boğazı ağrımağa başlayıb:
“Əvvəl elə fikirləşdim ki, məndə angina yaranıb. Daha sonra bu ağrı bronxial borularda yarandı. Kompüter tomoqrafiyası etdikdə ciddi dəyişikliklər aşkar edilmədi. Amma buna baxmayaraq, özümü insanlardan təcrid etdim, təcili yardım xidmətini çağırdım. Müayinə götürüldükdən üç gün sonra cavab verildi ki, məndə koronavirus var. Həmin vaxt mən artıq çox zəifləmişdim. Temperaturum yüksəlmişdi, öskürürdüm, bronxial borulardan seliyin bol ayırmalarını müşahidə edirdim. Hər gün daha pis olurdum. Mən hətta təsəvvür edə bilməzdim ki, virus o qədər təcavüzkardır”.
V.Tahirov əlavə edib ki, Goranboyda pandemik xəstəxanada 25 gün müalicə edilib: “Mən xəstəxanaya daxil olanda o, dolmuş vəziyyətdə deyildi. Amma çıxış zamanı vəziyyət dəyişdi və o, demək olar ki, dolmuşdu. Oradakı ümumi pasiyentlərin yalnız 30%-də xəstəliyin kliniki simptomları var idi. Qalan şəxslər simptomsuz xəstələrdir”.
Xəstəxana şəraitindən razılıq edən V.Tahirov deyib ki, virusa yoluxan xəstələrdə emosional gərginlik olsa belə, ağır qrafiklə işləyib hədsiz yorulan həkimlər onlarla çox yaxşı, mehribancasına rəftar edirlər:
“Həkimlərimiz hədsiz çox gərgin qrafiklər çalışırlar. Onlar bu isti günlərdə xüsusi kostyumlardan, maskalardan və eynəklərdən istifadə etməyə məcburdurlar. Bu geyimlər həkimlərin nəfəs almasını da çətinləşdirir. Amma buna baxmayaraq, tibb işçiləri xəstələrin qayğısına çox gözəl qalır, onlarla mehriban rəftar edir”.