“Dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır” Hadisə

“Dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır”

Mübariz Qurbanlı: "Azərbaycan dindarlarını xarici təsirlərdən qorumağın məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür"

"Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Azərbaycan dindarlarını xarici təsirlərdən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür.. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".
APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Şəkidə öz işinə başlayan Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Ənənəvi İslam dəyərləri və müasirlik" adlı iki günlük regional konfransda bildirib.
M. Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib: "Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var".
Komitə sədri hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin, dinin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən də danışıb: "Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artıb. Ona görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır".