Milli Məclisdə azərbaycanlı girovlarla bağlı müzakirə Hadisə

Milli Məclisdə azərbaycanlı girovlarla bağlı müzakirə

Aydın Mirzəzadə: "Azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı"

Qənirə Paşayeva: "Biz Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməliyik"

Fazil Mustafa: "Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər"

Milli Məclisin ötən gün keçirilən iclasında Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində ötən gün keçirilən "məhkəmə" gündəmə gətirilib.
İclasda Avropa İnsan Haqları Məhkəməsinə, digər təşkilatlara müraciət edilməsi və onların hüquqlarının müdafiəsinin təşkil olunması təklif olunub.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı.
O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bunu etmirlər.
Onun sözlərinə görə, Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar: "Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür".
Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. "Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib. Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır".
Deputat İqbal Ağazadə də ermənilərin Xankəndində "mühakimə etdiyi" kəlbəcərli girovlarla bağlı təklif səsləndirib: "Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır".
Deputat bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər.
"Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar",-deyə İqbal Ağazadə qeyd edib.
Deputat onu da bildirib ki, insan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayır. "Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq",-deyə deputat söyləyib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyi təklif edib.
Millət vəkili azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların saxlanılması şəraitini və onlarla bağlı saxta məhkəmənin qurulmasını kəskin tənqid edib, eyni zamanda buna ciddi reaksiya verməyən ATƏT-i, ATƏT-in Minsk qrupunu və Avropa Şurası başqa olmaqla, bütün beynəlxalq təşkilatları ciddi tənqid edib. Onun sözlərinə görə, ATƏT, ATƏT Minsk Qrupu və Avropa Şurası Ermənistana girovların azad edilməsi və onlara qarşı işgəncələrin son qoyulması istiqamətində heç bir təzyiq göstərmir: "Bu məsələ ilə bağlı Avropa Şurası İnsan haqları üzrə komissarının da heç bir addım atmadığını görürük. Azərbaycanlı girovların ailələrinə dəstək göstərilməlidir. Onların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün gərəkən bütün dəstəyin göstərilməlidir.Girovlara ciddi işgəncələrin verildiyini və bu işgəncələrlə onları Azərbaycan əleyhinə çıxış etməyə vadar etmək istəyən erməni işğalçıları öz arzularına nail ola bilmirlər, amma girovlarımıza işgəncələr verməkdə davam edirlər. Bununla bağlı Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət edilməlidir. Girovlarımızı azad etmək üçün bütün beynəlxalq mexanizmləri işə salmaq və onların azad olunmasına nail olmaq lazımdır".
Milli Məclisin vitse-spikeri Bahar Muradova İqbal Ağazadənin təklifini məqbul saymayıb: "Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər. Mən Milli Məclisin deputatının qondarma rejimin keçirdiyi məhkəmədə girovların müdafiəsi üçün vəkillik etməsini mümkün hesab etmirəm".
O bildirib ki, Azərbaycan Milli Məclisinin deputatlarının özlərinin vəkillik etmək barədəki çağırışı düzgün deyil: "Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər. Qondarma qurumun qondarma hüquqi məhkəmə aktına etiraz edilməlidir. Amma bu, o demək deyil ki, Milli Məclisin üzvləri girovların müdafiəsi üçün Qarabağa getməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə cəlb edilməlidir".