Dövlətin pandemiya ilə mübarizə tədbirləri öz effektiv nəticələrini göstərməkdədir - Deputat Hadisə

Dövlətin pandemiya ilə mübarizə tədbirləri öz effektiv nəticələrini göstərməkdədir - Deputat

Dövlətin pandemiya ilə mübarizə tədbirləri öz effektiv nəticələrini göstərməkdədir. Tətbiq olunmuş karantin tədbirləri və məhdudiyyətlər COVİD-19 infeksiyasının yayılma dinamikasını azaldıb. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargah tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçirilir:

“Paytaxtla regionlar arasında gediş-gəlişdə məhdudiyyətlər qüvvədə qalsa da təhsil müəsisələrinin, muzeylərin, sərgi salonlarının və digər ictimai qapalı müəssisələrin fəaliyyətinə icazə verilib. Məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, koronavirus infeksiyası bitib. Koronavirus infeksiyası bizimlə yaşayır və həyatımızda müəyyən sərbəstlik yaranmasına baxmayaraq, biz bunu unutmamalıyıq.

Dünya praktikasında görürük ki, hansı ölkələr tam yumşalmaya getdisə, həmin ölkələrdə koronavirusun yayılması yenidən sürətlənib. Hətta həmin ölkələrdə yenidən sərt karantin rejiminin yenidən tətbiqi məsələsi müzakirə olunur. Bu gün ölkəmizdəki sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Təbii ki, bu nəticənin əldə olunmasının əsasında dövətin gördüyü təxirəsalınmaz tədbirlər və vətəndaşların məsuliyyətli yanaşması dayanır.

Müasir səhiyyə ocaqları koronavirus xəstələrinin sağalmasına yönləndirilib, yeni modul xəstəxanalar istifadəyə verilib. Bütün bunlar ehtiyat tədbirləridir. Amma biz vətəndaş olaraq bugünkü tələblərə məsuliyyətlə yanaşaraq koronavirusu aşağı həddə saxlaya bilərik. Biz unutmamalıyıq ki, peyvənd tətbiq olunana qədər tibbi maska, sosial məsafə və şəxsi gigiyenaya yüksək dərəcədə riayət etməklə yaşamağa məhkumuq. Həm də dövlətimiz yeni peyvəndin alınması istiqamətində iş görür. Biz istəyirik ki, tam sınaqdan çıxmış, etibarlı əsasları olan peyvəndi ölkəmizə gətirək və insanları vaksinasiyadan keçirək. Koronavirusun ömrü əbədi deyil. Bunun da bir sonu olacaqdır. Amma bu sonun nə vaxt olacağını heç kim deyə bilmir. Ona görə də biz vətəndaşlar olaraq öz üzərimizə düşən məsuliyyətə yüksək səviyyədə riayət etməliyik, özümüzü, yaxınlarımızı qorumaqla dövlətin gördüyü bu misilsiz işlərə dəstək vermiş oluruq".