Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib Hadisə

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti onlayn iclası keçirilib. MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Şuradan bildirilib ki, komissiya əvvəlcə “şübhəli şəxs” qismində Bakı şəhəri, Kürdəxanı istintaq təcridxanasında saxlanılan Zaur Yusifovun “Kanal24.az” portalı barədə müraciətini müzakirə edib. Komissiya üzvlərinə məlumat verilib ki, müraciət öncə MŞ katibliyi səviyyəsində araşdırılıb, “Kanal24.az” portalında Z.Yusifov barədə yayımlanmış materialların qarşı tərəfin mövqeyi nəzərə alınmadan yayımlandığı müəyyən edilib. Bu, balans prinsipinin pozulmasıdır. Bu, portalın redaktoru Səadət Şükürovanın diqqətinə çatdırılıb. Şükürova materialların birtərəfliliyinin səbəbini qarşı tərəflə əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qalması ilə əsaslandırıb, həmçinin narazılıq doğuran məqamların tezliklə aradan qaldırılacağını bildirib. Məsələdə qarşılıqlı razılığa gəlinib.

Şamaxı şəhər sakini Aslan Xudaverdiyevin Şamaxı rayon rəhbərliyinə qarşı şikayəti ilə bağlı Şura Katibliyinin məlumatı dinlənilib. Şikayətçinin müraciətində əks ounan məsələlər media ilə əlaqəli olmadığından, Katibliyə tapşırılıb ki, ona bununla əlaqədar tövsiyə xarakterli müraciət ünvanlansın.

İclasda “Anews.az” xəbər saytının baş redaktoru Nailə Bağırovanın “correct.az” saytının redaktoru Rövşən Əsədova qarşı şikayəti də araşdırılıb. Komissiya üzvlərinə məlumat verilib ki, məsələ MŞ Katibliyi müstəvisində həll edilib. Belə ki, şikayətçinin müraciəti qarşı tərəfdə anlayışla qarşılanıb, narazılıq doğuran məqamlar aradan qaldırılıb.

Komissiya üzvləri Xəzər Rayon İcra Hakimiyyətinin “Arama” jurnalının baş redaktoru Mahir İmanova qarşı şikayətini də araşdırıblar. Bəlli olub ki, jurnalın fəaliyyəti “KİV haqqında Qanun”un 3-cü maddəsinə uyğun gəlmir, 28-ci maddənin tələbləri isə ciddi şəkildə pozulub. Belə ki, jurnal istinad məlumatlarını dəqiq təqdim etmir. “Arama”nın elektron ünvanı, mobil əlaqə vasitələri, digər rekvizitləri əlçatan olmadığından, onunla müzakirələr aparmaq imkansızdır. Mahir İmanov isə nəşrin adından müxtəlif ünvanlara müraciətlər ünvanlayaraq, özünü jurnalın baş redaktoru qismində təqdim edir, müxtəlif tələblər irəli sürür, jurnalist adından sui-istifadə yolu tutur. Şikayətçinin diqqətinə çatdırılıb ki, MŞ yalnız KİV-lərdə yayımlanmış materiallardan şikayətlərə baxır. Hazırda “Arama” jurnalı fəaliyyət göstərmədiyindən, onun baş redaktoru qismində çıxış edən şəxsin hərəkət və davranışlarının müzakirəsi digər müvafiq müstəvilərdə aparılmalıdır. Şikayətçiyə də mövcud xüsusda tövsiyənin əksin tapdığı cavab məktubunun ünvanlanması məqbul sayılıb.