“Ulduz” Şokolad Fabriki jurnalistləri mükafatlandırdı Hadisə

“Ulduz” Şokolad Fabriki jurnalistləri mükafatlandırdı

Əflatun Amaşov: "Məqsəd jurnalistlərin ölkəmizdə qida sanayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır"

Ötən gün Azərbaycan Mətbuat Şurasının "Ulduz" Şokolad Fabriki ilə birlikdə "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, "Ulduz" Şokolad Fabrikinin rəhbərliyi, aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları, media ekspertləri iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov açıb. O bildirilib ki, müsabiqənin məqsədi jurnalistlərin ölkəmizdə qida sanayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib. Rəhbərlik etdiyi qurumun bir sıra aidiyyatı təşkilatlarla mövcud istiqamətdə reallaşdırdığı birgə təşəbbüslərdən söz açıb.
Ulduz Şokolad Fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin jurnalistlərlə daim təmasda olduğunu bildirib. Bu məqsədlə fabriklə əyani tanışlığın həyata keçirildiyini qeyd edən V.Şərifov iş prosesində şəffaflığın təminatını vacib şərt kimi dəyərləndirib. Mövcud xüsusda KİV-lə təmasların vacibliyini əsaslandırıb, eyni kursun gələcəkdə də davam etdiriləcəyini deyib.
Müsabiqədə qaliblər "Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər", "Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı", "Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri", "Dünya şokolad bazarında Azərbaycan malı", "Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı" istiqamətləri üzrə müəyyənləşdirilib.
Müsabiqəyə yazı qəbulu 2014-cü il oktyabrın 25-dən noyabrın 25-dək həyata keçirilib. Təqdim edilmiş 48 yazı müsabiqə üzrə yaradılmış Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Materiallardan biri I yerə (800 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 17 yazı həvəsləndirici mükafata (100 manat) layiq görülüb.
Qiymətləndirmə prosesində materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyytələrinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, həmçinin qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə xüsusiyyətlərinə diqqət yetirilib.