“Bütün dünyanı insan haqlarını pozmaqda suçlandıranların...” Hadisə

“Bütün dünyanı insan haqlarını pozmaqda suçlandıranların...”

Sahib Alıyev: "Özlərində həbsdə olanlarla son dərəcə cəlladcasına rəftar edilib"

ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorçuluqda şübhəli bilinənlərə qarşı dindirilmə zamanı işgəncə tətbiq etdiyini bildirib. Senatın Kəşfiyyat Komitəsinin açıqladığı hesabatda Mərkəzi Kəşfiyyat Agentliyinin terror şübhəliləri ilə düzgün rəftar etmədiyi, Konqres və Amerika xalqına tətbiq edilən üsulların effektivliyi ilə bağlı doğru məlumat vermədiyi deyilir. Bu üsullara bağlı mühitdə saxlanma, yuxudan məhrum edilmə və boğulmanın imitasiyası daxildir. Hesabatı açıqlayan senator Dayan Faynşteyn bunun Mərkəzi Kəşfiyyat Agentliyinin saxlanılanlara işgəncə verdiyini deməyə əsas verdiyini bildirib. Prezident Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən sonra ciddiləşdirilmiş dindirilmə üsullarını qadağan edib. Bu üsullar 2001-ci il sentyabrın 11-də 3 min insanın ölümünə səbəb olmuş terror hücumlarından sonra onun sələfi prezident Corc Buş tərəfindən səlahyyətləşdirilmişdi.
Hesabatın açıqlanmasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinin hazırkı direktoru Con Brennan 10 il bundan əvvəl terror şübhəlilərinin dindirilməsi zamanı müəyyən olunmuş yüksək standartlara hər zaman əməl etmədiyini etiraf edib.
Lakin o, Mərkəzi Kəşfiyyat Agentliyinin bu səhvlərdən nəticə çıxardığını deyib. O, Senatın dindirilmə üsullarının qeyri-effektiv olmasına dair çıxardığı nəticə ilə razılaşmayaraq, əksinə bunun sayəsində hücum planlarının qarşısının alındığı, terrorçuların ələ keçirildiyi və insanların həyatının xilas edildiyini bildirib.
Millət vəkili Sahib Alıyev söyləyib ki, Amerika senatının yaydığı sənəddən belə görünür ki, bütün dünyanı insan haqlarını pozmaqda suçlandıranların özlərində həbsdəkilərlə son dərəcə cəlladcasına rəftar edilib. O bildirib ki, senatın apardığı 5 illik araşdırmalar göstərir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin həbs etdiyi və oğurladığı adamlar üzərində aparılan"eksperimentlər" nəticəsində onların əksəriyyətinin psixikası ciddi şəkildə pozulub: "Prezident Barak Obama isə bütün bunların onun vaxtında baş vermədiyni deyərək sələfi Corc Buşu suçlandırır. Halbuki ekspertlər də təsdiqləyirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsi həmişə bu cür metodlarla işləyib. Yaxşı bəs bu gün yaxın şərqdə baş verənlərə görə kim məsuliyyət daşıyır? Orada hər gün yüzlərlə adam qətlə yetirilir, şəhərlərin və qəsəbələrin altı üstünə çevrilir, milyonlarla insan öz evlərindən didərgin düşüblər. Bütün bunlar Obamanın prezidentliyi dövründə Yaxın Şərqdəkilərə hədiyyə göndərilən "ərəb baharı"nın "sürprizləri" deyilmi?".
O, həmçinin əlavə edib: "İki gün öncə iş adamlarıyla görüşdə prezident Ərdoğan da açıq şəkildə bildirdi ki, əgər zamanında qarşısı alınmasaydı, arxasında qərbdəkilərin durduğu Gezi olayları da böyüyərək Türkiyənin də Ukrayna kimi parçalanmasına, hazırda orada "göz deşən" dağıntı və fəlakətlərə bənzər bir mənzərənin yaranmasına aparıb çıxaracaqdı". Baxın, hətta NATO üzvü olan bir dövləti belə xaosa sürükləmək istəyirlərmiş. Məşhur deyimi bir az dəyişdirməli olsaq, demək bunların nəzərində hansısa bir Leyla Yunusun tutulması insan haqlarının pozulması, minlərlə, milyonlarla adamın qətlə yetirilmələri, ev-eşiklərindən didərgin düşmələri, həbsxanalarda başlarına yüz cür oyunun açılması isə sadəcə statistikadır. Bax bu cür oyunlardan çıxanlar bizi yenidən kütləvi həbslərdə suçlandırırlar".
S.Alıyev vurğulayıb ki, konkter faktlara görə tutulan 3-5 adam bunların nəzərində siyasi məhbuslardır: "Və bu kütləvi həbsdir. Yaxşı bu kütləvi həbsdirsə, onda 2011-ci ildə Londondakı etiraz aksiyaları zamanı 1500 adamın birdən-birə içəri atılmaları nə idi? Onlar sosial şəbəkələrdə insanları küçələrə səslədikləri üçün tutulmuşdular. Yeri gəlmişkən, o vaxt Böyük Britaniya hökuməti sosial şəbəkə üzərində senzuranın tətbiqini gündəmə gətirdi. Amma nə tutulanları siyasi məhbus adlandıran, nə Britaniyada söz azadlığının təhlükədə olduğunu deyən, nə də bir gündə 1500 adamın dəmir barmaqlıqlar arxasına salınmasını kütləvi həbslər kimi qiymətləndirən oldu. Çünki bunu edən özləri idi".

Əli