Zəhər alıb yeyirik Hadisə

Zəhər  alıb yeyirik

Arzu Şirinova

Hər gün Kütləvi İnformasiya Vasitələrindən kriminal xəbərləi oxuyanda, izləyəndə səbəbinə cavab axtarıram. Necə ola bilər ki, ata qızına təcavüz eləsin, qardaş bacısının başını kəssin, oğul ananı qətlə yetirsin, qardaş qardaşın qəsdinə dayansın, arvad ərin ölümü üçün əlini qana bulasın, kürəkənin gözü dönüb həyat yoldaşını və onun ailəsini, ailə üzvü olan azyaşlını belə "uf" demədən kütləvi şəkəldə qırsın və s. Yenə də bir xəbər-Bakıda qardaş bacısının ailə üzvlərini bıçaqlayıb. Məlumata görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları, 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib.
Məlumatda sonra bildirilir k, Yaşar Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.
Faktla bağlı araşdırmalar aparılır. Olayın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Etiraf tdək ki, əvvəllər bu cür xəbərləri oxuyanda heyrətlənirdik, təsirlənirdik və bir neçə gün həmin xəbərin şokundan özümüzə gəlmirdik. Və cinayət törədənləri qınayırdaq. İndi isə belə xəbərləri sıradan bir xəbər olaraq qarşılayırıq. Sadəcə oxuyuruq və unuduruq. Artıq kimisəni əvvəlki tək qınamırıq və "bizdən uzaq olsun" deyib, yaxamızı kənara çəkirik. Biz jurnalistlər də bu hadisələrin səbəbini axtarmaq əvəzinə, yalnız xəbərin başlığını oxunaqlı etməkdən o yana gedə bilmirik...
...Əvvəllər bu cür hadisələrin sosial problemlərdən qaynaqlandığını güman edirdim. Bu gün isə fərqli fikirləşirəm. Qəbul olunan qida məhsullarının orqanizmdə yaratdığı fəsadlar insanların psixikasına təsir göstərir. İxtisasca həkim olmasam da, söhbət elədiyim həkimlər və mütəxəssislər bildirilər ki, geni dəyişdirilən məhsullar vaxt gələcək ki, genefondumuza zərbə vuracaq. Artıq bunun fəsadları görünür.
Hamilə olan qadınların demək olar ki, 99 faizi qanlarında olan müxtəlif mikroblardan müalicə alırlar. Həmin müalicələr də əksəriyyət vaxt 100 faiz effekt vermir. Uşaq doğulandan sonra fəsadları ortaya çıxır. Bunun da başlıca səbəbi ölkəyə gətirilən dərman peraparatlarının zay olmasındadır. Necə deyərlər üçüncü sort ölkəyə verilən dərmanlardır ki, binəva xəstələrimiz istifadə edirlər. Hər dəfə bu barədə deyilir, yazılır, yoxlamalar aparılıb təsdiq olunsa da, qəti qadağalar qoyulmur...
...Qəbul etdiyimiz qida məhsullarının demək olar ki, hamısı təbii deyil. Yadımdadır, rəhmətlik anam yazda kürd toyuğun altına yumurtalar qoyardı. Müddəti gələndə yumurtadan cücələr çıxardı. Həmin cücələr bir qədər yekəlsin deyə, nazıyla oynayardı. Elə ki, qorxulu günləri keçdi həyətə buraxardı. Bir sözlə həmin cücələr payızda çolpa olardılar və döşəmə plovda yeyərdik. Bu gün isə yediyimiz broyler toyuqları xüsusi maddələrlə şişirdilir. Son vaxtlar da broyler toyuqları alınsın deyə üstündə mətbəxdə istifadə olunan kəfkir, çömçə də veririlər. ..
...Biz bir millət olaraq düyüdən çox istifadə edirik. Ölkəyə müxtəlif adda düyü gətirilir. Gətirilən düyü çeşidləri sintetik məhsulu xatırladır. Bəlkə də özüdür. Çünki nə dadı, nə keyfiyyəti əvvəllər becərilən düyülərlə müqayisə olunmaz dərəcədə zaydır. Uşaq yeməklərində istifadə olunan bu cür məhsullar sonda hansı fəsadlar törədəcək zatən bəllidir. ..
...Bayram vaxtı bazarlıq edirdim. Həmişə aldığım yerdən satıcıya bildirdim ki, mənə xarici məhsullar verməsin. Nə desə yaxşıdır-"Artıq Qubanın alması da eyni qaydada yetişdirilir". Yəni hansısa maddə vurulur ki, göz oxşasın, şirin olsun və günlərlə saxlasan da xarab olmasın. Və yaxud istixanalarda yetişdirilən pamidor elə maddə ilə silinir ki, həmin andaca qızarır. Daha mən müxtəlif çeşidlərdə və adlarda insanlara satılan kalbasa məhsullarını demirəm. Həkim dostlardan biri kalbasanın necə hazırlanmasını izah edəndən sonra dəhşətə gəlmişəm. Yəni ət əvəzinə istifadə olunan xüsusi maddəyə- hansı ki, nədən və necə alındığı sual altındadır-nələr vurulub kalbasa halına salındığı və satıldığı mütəxəssis dilindən söylənilsə o zaman məhvimiz üçün nəyə pul verdiyimiz bəlli olar.
Bir sözlə, biz pulumuzla zəhər alıb yeyirik. Bu zəhər də həmin andaca öldürmür. Bu zəhər insanların beyninə təsir edir, onları dəli olmaq və yaxud cinayət törətmək həddinə gətirib çıxarır, müxtəlif xəstəliklərin başlanğıcını qoyur...