Son 26 ildə 24 min 537 nəfər itki vermişik Hadisə

Son 26 ildə 24 min 537 nəfər itki vermişik

Qəza qurbanlarının sayı I Qarabağ müharibəsində Azərbaycan Ordusunun verdiyi itkilərin sayına yaxınlaşır

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son 26 ildə ölkədə qeydə alınan yol qəzalarının statistikasını açıqlayıb.
BDYPİ xəbər verir ki, 1988-ci ildən 2015-cü ilədək Azərbaycanın avtomobil yollarında 69 min 622 yol qəza hadisəsi qeydə alınıb.
Qəzalar nəticəsində 24 min 537 nəfər ölüb, 77 min 457 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Statistikaya görə, ötən 26 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb.
Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.
2014-cü ildə isə respublika ərazisində 2635 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 1124 nəfər ölüb, 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müqayisə üçün bildirək ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.