Babək Ulusallığımızın sifətidir Hadisə

Babək Ulusallığımızın sifətidir

Babəkə böhtan, çamur yapışmır - onun uca boyuna çatmır da

Yenə də Babəkin xatirəsini cırmaqlayırlar. Ancaq əllərinə bir şey keçmir. Necə ola bilər ki, Babəkdən əl çəkək və var olaq? Bu cür "var olmaq" yox olmaq demək olardı əslində. Tarixi taleyimizdə müəyyən uyğunsuzluqlar (gerçək inanc və ulusal yaşam, düşüncə fərqi...) var: o deməkdir ki, ulusallığımızdan utanmalıyıq, əl çəkməliyik?
Babəkin qəhrəmanlığı o qədər uca, bənzərsiz, əlçatmazdır ki, qəbul etməyəndə gərək danasan, bir az da "qabağa gedib" böhtan, çamur atasan. Babəkə isə böhtan, çamur yapışmır – onun uca boyuna çatmır da. Uzaq yüzillərə boylanıb Babəki qəhrəmanlığına görə günahlandırırlar. Gör bir sən kiminlə döyüşmüsən? Sən niyə bu dərəcədə möhtəşəmsən? Niyə Babəkin qəhrəmanlığını gözdən sala bilmirlər? Doğrudanmı Babəkin obrazlaşdırılması bütünlüklə sovetlər dönəmi ilə bağlıdır?
Babək - sovetizm hadisəsi deyil. O halda sovet dövründə Babəkdən də çox "qəhrəmanlaşdırılan", əslində sırınan obrazlar oldu. Bəs niyə indi onların çoxunun izi-tozu da yoxdur? Ona görə ki, yalnız ulusal (xəlqi) olan yaşayır. Babəkin ruhu ulusaldır, bu səbəbdən də kutsaldır, onu sevməyənlərin yuxusunu ərşə çəkir. Babək ölməzliyiylə, möhtəşəmliyiylə yadların, yağıların canına bu gün də üşütmə salır.
Böyüklüyün, insanlığın, ulusallığın bir əsas ölçüsü var: əgər sən sənsənsə, varlığına inanırsansa, özünü təsdiq etmisənsə, qoy başqası da olsun. Başqa tərəfdən, inkar etdiyindən fərqli, bənzərsiz qənaətin, ömrün varsa, haqlısan. Gərək ortaya imtina etdiyindən artıq nəsə qoyasan.
Ölkələrin, xalqların timsalında da belədir. Əslində insanlarası münasibətlər uluslararası, ölkələrarası münasibətləri təsdiq edir. Ulusun içində, ulusun mahiyyətinə qarşı getmək, Azərbaycanın varlığını qeyri-müəyyənliklərə aparıb bağlamaq - sabahsızlıq yaratmaqdır. Özünə yarımayan, özülü üzərində qurulmayan ulus başqalarına da yarımır əslində. Nə qədər faciəvi olsa da Türk ulusumuzda özgəliklərə yarımaq duyğusu güclüdür. Türkün özgələşməsi yaman olur...
Bunun bir əsas səbəbi var: ulusal qüdrətimiz, imkanımız həmişə bizdən çağımızdan ötə olmağı tələb edib. Bu olmayanda isə zamana yenilmələr, sinmələr baş verib. Babək mövzusu niyə bu dərəcədə kimlər üçünsə qorxuludur? Babək - konkret tarixi qəhrəmandır, bu möhtəşəm obrazı xalqın ağlından, ruhundan silmək mümkün olmur. Ona görə də sinirlidilər. Babək öz yurdunda yadellilərə qarşı döyüşüb. Düz eləyib. Bəs neyləməliydi? Babəki başqa türk qəhrəmanlarıyla əvəzləmək istəyirlər, alınmır. Babəkin yerinə qoyulan, əvəzlənən qəhrəmanlar Babəkdən böyük deyillər.
Dünya bizi bizdən yaxşı tanıyır. Ümumiyyətlə, bəşər tarixində Babəkə tay ola biləcək qəhrəman tapmaq çətindir. Türk xalqı təəssüf ki, tarixin müəyyən dönəmlərində ruhunun tələbinə uyğun yaşaya bilmədiyindən üz tutduğu- tutdurulduğu özgəliklərin diktəsiylə içindən yaranan böyüklərini qoruya, yaşada bilməyib. Türk xalqına orta ölçüdə yaşamaq alınmır. Çünki ulusal ruhumuz qətilik, biryolluq əhval ifadə edib, edir. Babək zamanında yadlığa - yad düşüncəyə, istilaya qarşı varlığını yaratmış şəxsiyyət idi. Gör zəhmi necə güclüdür, qırımlıdır Babəkin... Bu gün də o, dipdiridir - canlıdır. Babəki öldürə bilmədilər. Onu təsdiq etdilər, indi də edirlər. Böyüklük budur. Azərbaycan dəyərlərinin gözdən salınması ilə razılaşmaq - Azərbaycanın yoxluğuyla razılaşmaq kimi bir şeydir. Xalq olmaq istəyiriksə, qədimliyimizdən gələn ülvi, gözəl cəhətləri göz-bəbəyimiz kimi qorumalıyıq. Özümüzü aldatmayaq. Dünyada öz sifətimizlə görünməliyik. Babək ulusal sifətimizi yaradanlardandır.
ANS-dəki "Şəxsiyyət vəsiqəsi" verilişində Babəkin ərəb ordusunu qırması ilə bağlı faktlar həvəslə oxunur, təkrarlanır. Soruşan gərək, ərəblərin burda nə işi vardı ki, qırılsın da? Heç demirlər ki, ərəblər türk soyumuza qarşı nələr etməyiblər, saysız qırğınlar törədiblər?
Babəkin varlığı – özündən yarandı. Özümüzə, tariximizə o dərəcədə saymaz olduq ki, hətta Babək kimi böyük qəhrəmanımızın doğum tarixini dəqiqliklə yazıb sabaha çatdıra bilmədik. Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, məhv edib, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ən alçaq, ləyaqətsiz sözləri yazıb saxlayıblar. Bütün hallarda isə onun böyüklüyünü yenə bilmədilər.
Babək dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi. Babək sözün böyük mənasında yenilməz türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik inancının yaradıcısıdır. Ehtimal etmək olur ki, Babəkin həm də kitabları varmış...
Əgər Babəkin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, o zaman yenə dərd yarı idi. Əslində Babək hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra əsrlər boyunca ərəb tarixçiləri Xürrəmdinlik hərəkatının təsirini heç eləmək, Babəki bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə iş görüblər. Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəb tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı. Bəs Babəkimizin başçılığı altında ulusumuz yad, yağı, qaniçən, soyumuzu kəsən ərəbə qarşı necə davranmalıydı? Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı? Ərəb türkün belini əyməsəydi, indi bir ovuc erməni onun başını kəsməyə, xaincəsinə arxadan zərbə endirməyə girişməzdi.
Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, türk türkə qarşı döyüşürdü. Afşin buna sübutdur.
Bu yerdə Asif Atanın Babək haqqında fikrini təqdim edirik: "Babək ləzzət inamı yaratmamışdı, Fərəh İnamı yaratmışdı. Ləzzət inamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, Babək özündən keçmişdi. Babək inamının yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan dünyaya fərəh üçün gəlib, ən böyük fərəh isə Azadlıqdır. Azadlıq insanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq insanı insandan kənardakı zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda insan aqibətini özü yaradır, ömrünü özü yazır, özündən kömək diləyir, əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır, cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, şərdən böyük cəza. Azadlıq insanı müqəddəs fərəhə qərq edir. O, yenilməzlik tələbidir – zora əyilməmək, özümlüyü qorumaq: vüqarı, ləyaqəti… Xalq insanın müqəddəs mənliyidir. Yenilməzlik müqəddəs mənliyi qorumaqdır. Yenilməzlik uğrunda döyüş insanı müqəddəs fərəhə qərq edir. Zora yenilməmək, zoru yenmək müqəddəs fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh inamı xəlifət inamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı. Babək daxilində Şirvin gəzdirdiyinə inanırdı. Şirvin qədim Şərq allahlarından biriydi və insandan kənarda yox, insanda yaşayırdı. İnsanı yaratmamışdı, ancaq onu allahlığa - ilahi qüdrətə çatdırırdı, hər dövrdə bir Şəxsin ömründə zühur edirdi, – Xürrəmilər zamanında Babəkin aqibətinə düşmüşdü. Rəmzi biçim ruhani həqiqət söyləyirdi. Allahlıq insandan kənarda deyil, insandadır. İnsan öz mahiyyətinə görə ilahi xilqətdir: bu inam Babəkə – möhtəşəm yağıyla döyüşən qəhrəmana gərək idi. Babək Şirvinin qulu deyildi, o, Şirvinə itaət eləmirdi. Şirvindən qorxmurdu, Babəkin üzərində Şirvin hökmdarlığı durmurdu; Şirvin Babəkin qəlbində, ağlında, əməlində yaşayırdı. Babəkiliyi Məzdəkiliyin davamı sayırlar. Əslində isə Babəkiliklə Məzdəkiliyi yalnız Zərdüştlüyün ümumi ideyası – Hürmüzdlə Əhrimənin, işıqla qaranlığın döyüşü birləşdirir: həm Babək, həm də Məzdək Zərdüşt inamına tapınırdılar. Məzdək ümumi mülkiyyətə bel bağlayırdı, Babək ümumiçiliyi fərziyyədir. Babəkçilikdə Hürmüzd işığı müqəddəs fərəhə çevrilmişdi: bu fərəh xəlifət etiqadı adlanan qaranlığa qarşıydı. Babək yurdunu xəlifət əsarətindən – cəhalətindən xilas edirdi, insanları itaət fəlakətindən qurtarırdı: azad ağıl, azad ürək, azad iradə uğrunda döyüşürdü.
Babəki təkcə üsyançı kimi anlamaq səhvdir, Babək - inamçıydı, etiqadçı, ruhçuydu: o, xəlifətçiliyi insan aqibətindən silmək istəyirdi. Babəki Spartakla müqayisə edirlər. Bu müqayisədə üstünlük Babəkin tərəfindədir. Spartak Roma İmperiyasıyla bir il döyüşdü, Babək Xəlifətlə 23 il. Spartak üsyan yaradıcısıydı, Babək inam yaradıcısı. Babək də Xəlifətə qarşıydı, Xəlifət sərkərdəsi Əfşin də. Babək xəlifətin mövcudluğuna, mahiyyətinə - inamına, idrakına, əxlaqına, iradəsinə qarşıydı, Əfşin hakimliyinə. Babəkin idealı azad inam, azad idrak, azad mənəviyyat, azad iradə azad yurd idi, Əfşinin idealı fatehlərdən azad olmuş Sasani İranı. Babəkə əsil müstəqillik gərək idi. Babək Əfşinlə birləşsəydi, öz Azadlıq inamına dönük çıxardı. Babəkə Azad Azərbaycan gərək idi: Azadlıq özü ən böyük möhtəşəmlikdir - bütöv, bölünməz. Səhlin İnamı - varidat idi: bu İnam naminə ləyaqətdən keçmişdi: Babəkin başına çoxlu varidat düşürdü. Onu qazanmaq üçün riyaya tapınmaq, xainlikdən, müxənnətlikdən, biclikdən, qəbahətdən, həqarətdən faydalanmaq gərək idi. İnsanlıq varidata satılırdı: vicdan, namus, qeyrət. Babəki satmaqla Səhl insaniliyi satdı. Babək azadlıq pərvanəsiydi, Səhl varidat divanəsi. Satqınlıq varidatı Səhlə cah-cəlal gətirdi; Baqratilər adlı çar sülaləsi yarandı xain əməldən. Səhl Babək ölümündən qazandı. Babəki qətlə yetirən Xəlifət Səhli taxta çıxartdı.
Misilsiz böhtanlara məruz qalıb Babək. İnamını nəşəlik, haramlıq, zinalıq kimi qələmə veriblər. "Xürrəmi"liyi Fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar. Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim ediblər. Çünki qorxublar. Əvvəl Babəkin özündən, sonra xatirəsindən. Bu səbəbdən də əvvəl özünü, sonra xatirəsini şaqqalayıblar. İndi də qorxurlar. Ruhundan qorxurlar".
Əgər bu gün də Babəkin xatirəsi yaşayırsa, o deməkdir ki, mahiyyətcə düşmənin özü yenilib. Babəki ürəklərdən çıxarmaq mümkün olmadı. Bundan sonra heç olmayacaq!

Uğur