Lökbatanda kütləvi zəhərlənmə Hadisə

Lökbatanda kütləvi zəhərlənmə

Səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb

Bakının Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər birinə məişət qazı ilə zəhərlənmə diaqnozu qoyulub. Baş toksikoloqun sözlərinə görə, məişət qazından haradasa sızma olub ki, insanlar arasında zəhərlənmə yaşanıb: "Mərkəzə gətirilərkən insanların vəziyyəti qaz sızmasından dəyişmişdi. Onlar gətirilərkən vəziyyətləri orta-ağır və yüngül idi. Zəhərlənənlərdə hava çatışmazlığı, ürək bulanma, ürək döyüntülərinin artması və bu kimi hallar müşahidə olunurdu. Zəhərlənənlər tez bir zamanda köməklik göstəriləndən sonra özlərinə gəliblər və evə buraxılıblar. Onların hamısının diaqnozu məişət qazı ilə zəhərlənmə olub".
Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilən 43 nəfərin hamısı artıq evə yazılıb. Evə buraxılan 43 nəfərin 5-i uşaq, 11-i kişi, qalanları isə qadınlar olub.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.
ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama verilib. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev "APA-Economics"ə bildirib ki, artıq dünənki hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: "Müəyyən edilib ki, qazın tərkibinə vurulan odorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur".
Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: "Odorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, "Azəriqaz" aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq".
Səhiyyə Nazirliyi də Lökbatanda baş vermiş təbii qazdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı açıqlama verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib. Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Zəhərlənən digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub: "Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hazırda heç bir xəstəxanada zəhərlənən insan yoxdur, onların vəziyyəti yaxşı olduğundan evə yazılıblar".