“Bu dil tanıtmış bizə dünyada hər şeyi...” Hadisə

“Bu dil tanıtmış bizə dünyada hər şeyi...”

21 fevral – Beynəlxalq Ana dili günüdür


Güney Azərbaycanda ana dilimizə qarşı basqılara baxmayaraq dilimiz ölmür, itmir, varlığını hünərlə qoruyub saxlayır


Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi,
Əzəlində mənə duzdanə nəməkdan demədi.

Anam əxtər deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyib yəxdi, bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaxt biya söyləməyib, gəl deyib o.

Yaxşı xatırlayıram, yaz günü axşam çağılar,
Bağçanın günçıxanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala,
Gəlməsən gər bacıvun astaca zülfün dararam.

O deməzdi ki, biya şane zənəm bir səri to,
Gən nəayi be zənəm şane səri xahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.


Özümə məxsus olan başqa elim vardı mənim,
Elimə məxsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.

Əvvəla, özgə küləklərlə gərək axmayasan,
Saniyən, varlığıma, xalqıma xor baxmayasan.
Yoxsa gər zor deyəsən, millətimi xar edəsən,
Gün gələr səhifə çönər, məcbur olarsan gedəsən.


Yəqin oxucular xatırladı: bu, Məhəmmədtağı Zehtabinin 1946-cı ildə yazdığı "Sən osan, mən də buyam" şeiridir...
Dil - xalqın ruhunu tam mənasıyla ifadə etmək qüdrətinə malikdir. Dil hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada hər mənada gərginliklərin artdığı bir vaxtda xalqlar, dövlətlər dil qoruyuculuğu məsələsində daha da ciddiləşiblər. Dil uğrunda mübarizə əslində xəlqi müəyyənlik, təsdiq uğrunda mübarizəsi deməkdir. Hazırda dünyanın 25 müxtəlif regionunda 210 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir. Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.
Zamanlar bir-birini əvəz edir, ancaq dil ölmür, yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəsilə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi Azərbaycanda yaşayan xalqların nümayəndələri üçün doğma, birləşdirici bir ünsiyyət dilidir. Professor İsmayıl Məmmədov bildirir ki, Azərbaycanda bütün dillərə sayğı var: "Heç kəs heç kəsə demir ki, sən lahıc, eləcə də talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir məkandır. Bu kənddə yaşayan əhali xınalıq dilində danışır. Azərbaycanda başqa dillərə sayğının nəticəsidir ki, xınalıq dilinin daşıyıcısı olduğu yeganə kənd əsrlərdir bu bölgədə mövcudluğunu nəinki qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili burada yaşayanlar üçün ümumi, birləşdirici, anlaşma dilidir".
Bu gün Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız fars şovinizminin əsarəti altındadır, onlara ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim mövcudluğunu hünərvərliklə qoruyub saxlayır. Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Habelə aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin soraqlarını çatdıran gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması milli ruhunun izharı oldu.
Dilçi-alim İsmayıl Kazımov isə deyir ki, hər bir xalqın milli dəyərlərinin əsasını onun ana dili təşkil edir: "Dilimiz türk dilləri arasında özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam qaydamızdır". Müstəqillikdən sonra ana dilimiz tədricən beynəlxalq aləmdə tanınmağa başladı: "Əgər sovet dövründə alınma terminlər, beynəlxalq sözlər dilimizə rus dili vasitəsilə gəlirdisə, hazırda Avropa dillərindən birbaşa bəhrələnmə üstünlük təşkil edir. Habelə dilimizdə Avropa terminlərinə meyl artıb".
Professor Buludxan Xəlilovun fikrincə, gələcəkdə dillərin nüfuzu, daha doğrusu, dillərin nüfuzunun mənzərəsi dəyişə bilər: "Bəlkə də, gələcəkdə sosial bazası güclü olan çin dili başqa dillərin nüfuzunu üstələyəcək. Hər halda gələcəkdə dünyadakı dillərin nüfuzu ilə bağlı mənzərə, heç şübhəsiz ki, dəyişəcək. Dünyanın özü dəyişdikdə dünya dillərinin də nüfuzu dəyişir. Bizcə, "...bu gün palıd kimi qol-budaq atıb çox geniş yayılmış bu dil (ingilis dili – B.X.) zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən dilə nisbətən daha çox ziyan çəkə bilər" fikri doğrudur. Həm də ona görə doğrudur ki, dil inkişaf etmirsə, onda həmin dil məhvə məhkumdur".
Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Həticədə bir dildən bu və ya digər dillərə çoxlu sözlər keçir və ya əksinə: əksər hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır ki, tarixin çox dönəmlərində işğalçılıq motivləri bu və ya digər dilin başqa dili üstələməsinə, nəticədə "dilin dili işğal etməsinə" səbəb olub. Fars dilində Azərbaycan Türkcəsinə məxsus min söz belə yoxdur. Tarixən türk qılıncının zəhmini dadmış çinlilərin dilində belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə mövcuddur. Dili qorumaq milləti qorumaq deməkdir. Eləcə də dövləti, dövlətçiliyi təsdiq etməkdir. Bu, hər şeydən əvvəl aydınlarımızdan mümkün qədər ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Əks təqdirdə bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də "ağ bayraq" qaldıracaq, nəticədə dilimiz demək olar, əlimizdən gedəcək. Hə qədər bədbin səslənsə də, gerçəklik budur. Ona görə də Azərbaycan dialektlərində olan, bu və ya digər bölgədə işlədilən sözlərin çalarlı, ümumişlək xarakterli olmağa layiqlilərini seçərək onların əcnəbi sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün əksər ucqar kəndlərimizdə "dialekt" deyə işlədilən sözlərin varlığı əslində o bölgələrə "mədəni inqilabın" gedib çıxmaması ilə bağlıdır. Ancaq bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizi də fəth etməyə girişib.
Bu gün də Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də səyli şəkildə şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər "sipər çəkilməli", yəni onların qarşılığının tapılmasına səy etməliyik. Başqa bir fəlakətli hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olmasıdır. 1828-ci ildə Azərbaycanın Güney torpaqlarının İran tərəfindən qəsb edilməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. Şəhriyar yazır:


"...Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsəl dil əsil olmaz..."


Bəxtiyar Vahabzadə isə ana dilimizi belə öyür:


Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir. Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidir. Var olsun ana dilimiz!

Uğur