Həsən Zeynalov Türkiyə mətbuatına Xocalıdan danışıb Hadisə

Həsən Zeynalov Türkiyə mətbuatına Xocalıdan danışıb

"Ermənilərin düşüncəsi, stili və metodu hər iki halda eyni olub - türk olduğuna görə, türkü yaşadıqları tarixi torpaqlardan güclə çıxarmaq, lazım gəlsə, uşaq, qoca, qadın demədən vəhşicəsinə qətlə yetirmək"

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Xocalı soyqırımı ilə bağlı fikirlərini Türkiyə oxucuları ilə bölüşüb.
APA-nın Türkiyə müxbirinin xəbərinə görə, baş konsul fevralın 23-də Türkiyənin "Yeni çağ" qəzetinin köşə yazarı Selcan Taşçı Xocalı soyqırımının yaratdığı acı tablonun statistik nəticələri ilə bağlı məlumat verdikdən sonra 23 il əvvəl erməni silahlı bandalarının Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırım barədə baş konsulun fakt və dəlillərə söykənən fikirlərini təqdim edib.
Xocalı soyqırımı ilə bağlı kifayət qədər foto və videogörüntülərin, şahid ifadələrinin olmasına baxmayaraq, Ermənistanın indiyə qədər faciəni soyqırım kimi qəbul etmədiyinə diqqəti cəlb edən Həsən Zeynalov hadisənin mahiyyətini düzgün anlamaq üçün Sovet İttifaqının süqut mərhələsinə girdiyi dönəmləri dəqiq şəkildə təhlil etməyin zəruriliyini vurğulayıb. Totalitar rejimin yürütdüyü siyasətin ölkəni idarəçilik nəzarətindən çıxardığını bildirən diplomat yaranmış vəziyyətdən istifadə edən Ermənistanın və erməni diasporunun Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi üçün fəaliyyətə başladıqlarını xatırladıb: "Lakin ermənilər və erməni diasporunun satın adlıqları SSRİ prezidenti Mixail Qorbaçov çox yaxşı bilirdi ki, Siyasi Büro üzvü olan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Azərbaycanın böyük oğlu Heydər Əliyev vəzifədə olduğu müddətcə onların planları həyata keçə bilməzdi. Ona görə də Əliyevə qarşı cürbəcür təzyiqlər göstərdilər və nəticədə onu istefaya məcbur etdilər. O istefadan sonra Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana vermək üçün fəaliyyətlər daha açıq və geniş hal aldı".
Dağlıq Qarabağın Ermənistana ilhaqının ilhamvericiləri olan ermənilərin adlarını da gündəmə gətirən baş konsul 1988-1991-ci illər arasında istər Qarabağda qətl edilən, istərsə də Ermənistandan deportasiya edilən Azərbaycan əhalisinin sadəcə, türk mənşəli olduqlarına görə bu zülmlərə məruz qaldığını vurğulayıb, ermənilərin o dönəmdə türklərə etdikləri zülmün 1814-15-ci illərdə Osmanlı imperiyasının şərq vilayətlərində türklərə qarşı törətdikləri cinayətlərlə eynilik təşkil etdiyini bildirib: "Utopik "Böyük Ermənistan" qurma xəyalları ilə hərəkət edən ermənilərin düşüncəsi, stili və metodu hər iki halda eyni olub - türk olduğuna görə, türkü yaşadıqları tarixi torpaqlardan güclə çıxarmaq, lazım gəlsə, uşaq, qoca, qadın demədən vəhşicəsinə qətlə yetirmək".
Ermənistanda yaşayan 200 mindən çox Azərbaycan türkünün də 1988-89-cu illərdə o ölkədən deportasiya edildiyini "Yeni çağ" qəzetinin oxucularına xatırladan Həsən Zeynalov yüzlərlə insanın terrorçu erməni qrupları tərəfindən qətlə yetirildiyini, aclıq və xəstəlikdən öldüyünü deyib, ermənilərin eyni metodlardan istifadə edərək qədim türk yurdu olan Dağlıq Qarabağdan da Azərbaycan türklərinin silah gücü ilə didərgin salındığını vurğulayıb.