“Sahil” Ticarət Mərkəzində yanğın Hadisə

“Sahil” Ticarət Mərkəzində yanğın

Dünən Sahil Ticarət Mərkəzində yanğın olub. APA-nın məlumatına görə, ticarət mərkəzinin üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
"Yanğın "Sahil" Ticarət Mərkəzinin üçüncü mərtəbəsində 1500 kvadrat metr sahəni əhatə edib". APA-nın məlumatına görə, bunu hadisə yerində olan jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
E.Mirzəyev bildirib ki, yanğın barədə "112" xidmətinə 09:48-də məlumat verilib. Hadisə yerinə 12 yanğın söndürən maşın cəlb olunub. Nazir müavini qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın 90 dəqiqə ərzində söndürülüb. Yanğın zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib. Hadisənin başvermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Dünən "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar girişi və çıxışı bağlanan "Sahil" metrostansiyasının fəaliyyəti artıq bərpa olunub.
Bu barədə APA-ya Bakı Metropolitenin baş mühəndisi Fuad Tağızadə bildirib. Onun sözlərinə görə, metrostansiyanın işi artıq qaydasına düşüb. F.Tağızadə əlavə edib ki, yanğın metrostansiyada heç bir problem yaratmayıb, stansiya işini qrafikə uyğun davam etdirir.