Qarakəndin mavi səmasında bitən jurnalist ömrü Hadisə

Qarakəndin mavi səmasında bitən jurnalist ömrü

Yazı "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsi çərçivəsində hazırlanıb.
1988-ci ildə ermənilərin Qarabağa yönəlik iddialarının növbəti dəfə baş qaldırması sovet totalitarizminin onilliklər boyu ətalətdə saxladığı Azərbaycan cəmiyyətində ciddi hərəkətlənməyə səbəb oldu. Özünümüdafiə hissi üzərində tədricən güclənən milli təəssübkeşlik duyğuları Azərbaycanın aparıcı ziyalı təbəqəsinin yenidən xalqın önünə keçərək istiqamətverici qüvvəyə çevrilməsinə təkan verdi. Məhz o zaman sovet rəhbərliyinin həyata keçirməyə çalışdığı, lakin Azərbaycana daxil olmağa "çətinlik çəkən" aşkarlıq və yenidənqurma siyasətinin xəfif küləyi bizim respublikanı da "vurmağa" başladı.
Qeyd edilən dönəmdə ermənilərin torpaq iddialarının əsassızlığı, nəinki Qarabağın, hətta Ermənistanın özünün də Azərbaycanın tarixi torpağı olmasına dair ziyalılarımızın ilk açıq çıxışları cəmiyyətə də yeni ab-hava gətirdi. Yenidənqurma siyasətinin yaratdığı bu imkanlar Azərbaycan sovet mətbuatının heç nə ilə fərqlənməyən, şablon, boz simasına da təsirini göstərdi. Təqribən 70 ilə yaxın müddət ərzində yalnız ideoloji təbliğatla məşğul olan, Kommunist Partiyasının sadiq ruporu funksiyasından kənara çıxmayan mətbuatımız o dövr üçün nisbətən gənc sayılan müasir düşüncəli jurnalistlərin sayəsində fərqli məzmun qazandı.
Azərbaycana Moskvanın süni surətdə sırıdığı Qarabağ probleminin milli maraqlara uyğun işıqlandırılması ilə başlayan bu proses getdikcə genişləndi və digər sahələrə aid problemlərin də daha obyektiv şəkildə oxuculara çatdırılmasına yol açdı. Bu sırada televiziya xüsusi yer tuturdu və orada çalışan, tamaşaçıların rəğbətini qazanmış əməkdaşlar xalqa baş verən həqiqətləri çatdırmaq üçün müəyyən çərçivədə olsa da, əllərindən gələni edirdilər.
Azərbaycanda yenidənqurma dövrünün telejurnalistlərindən söz düşəndə adları ilk xatırlananlardan biri və bəlkə də birincisi Alı Mustafayevdir. Yaşasaydı aprelin 14-ü 62-ci doğum gününü qeyd edəcəkdi.
Yaşlı tamaşaçıların ilk dəfə Azərbaycan televiziyasının "Günün ekranı" xəbərlər proqramında görüb-tanıdıqları Alı Mustafayev 1952-ci il-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirdikdən sonra Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, daha sonra informasiya şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlib.
Alı Mustafayevin televiziyadakı fəaliyyətinin ən parlaq dövrü 1988-91-ci illərə təsadüf edir. Yuxarıda qeyd olunduğu kimi, yenidənqurma siyasətinin yaratdığı imkanlar bir çox yaradıcı insanların, o cümlədən də, Alı Mustafayevin də telejurnalist kimi potensialını açıb göstərməyə şərait yaratdı. O, müntəzəm olaraq Dağlıq Qarabağa və Ermənistanla həmsərhəd rayonlarımıza səfərlər edərək, ermənilərin təhdidi ilə üz-üzə qalan soydaşlarımızda ruh yüksəkliyi yaradır, xalqın onlarla birlikdə olduğunu göstərməyə çalışırdı.
Alı Mustafayevin Qarabağdan hazırladığı çoxsaylı süjetlər aktual olduğu qədər də canlı və məzmunlu idi. O, getdiyi kəndlərdə "partiya və hökumətin xalqa qayğısını" nümayiş etdirən təşviqatçı" yox, sakinlərin problemlərini dəqiq təsvir edən və işıqlandıran milli ruhlu qələm sahibiydi. Malik olduğu düşüncələrdən irəli gələrək, süjetlərində dəfələrlə ideoloji çərçivədən kənara çıxmaqdan çəkinməmişdi. Alı Mustafayev ideoloji rəhbərliyin ona tapşırdıqlarını deyil, gördüyü həqiqətləri deyirdi. Bu keyfiyyəti, jurnalist obyektivliyi onu tamaşaçıların gözündə daha da ucaldırdı.
Alı Mustafayevin yaradıcılığının növbəti mühüm mərhələsi onun 1989-cu ildə SSRİ Xalq Deputları qurultayının işının işıqlandırılması hesab oluna bilər. Bu məqsədlə uzun müddət Moskvada yaradıcılıq ezamiyyətində olan jurnalist onlarla maraqlı material hazırlayaraq təqdim edib. O, sözügedən qurultayın iş günlərini, orada aparılan qızğın müzakirələri, Azərbaycan nümayəndələrinin fəaliyyətini göstərməklə kifayətlənmirdi. Həmin dövrdə "qaynar qazan"ı xatırladan Moskvanın ictimai-siyasi həyatında baş verənləri Azərbaycan tamaşaçısına operativ tərzdə çatdırırdı. O, tanınmış siyasi xadimlərdən, din adamlarından Dağlıq Qarabağ probleminə dair müsahibələr alır, Moskva sakinləri ilə müxtəlif mövzularda sorğular keçirir, Azərbaycanın daha yaxından tanıdılması üçün zəruri tədbirlərdə iştirak edirdi.
Təbii ki, 1991-ci ilin oktyabrında 71 illik fasilədən sonra Azərbaycanın müstəqilliyinin bərpa olunması Alı Mustafayevin yaradıcılığında da yeni səhifə açdı. O, ideoloji çərçivələrin götürüldüyü və Mərkəzin diqtəsinin aradan qaldırıldığı bir şəraitdə öz sözü və qələmi ilə xalqına səmərəli xidmət göstərmək imkanı qazandı. Azərbaycan televiziyasında rəhbər vəzifədə çalışdığı dönəmdə də Qarabağa səfərlərinin arasını heç vaxt kəsmədi, artıq azğınlaşmış ermənilərin vəhşiliyi və bölgədə yaşayan əhalimizin vəziyyətini tam dolğunluğu ilə tamaşaçılara çatdırırdı. Lakin təəssüf ki, şüurlu həyatı boyu arzusunda olduğu müstəqillik dönəmində uzun müddət fəaliyyət göstərmək ona nəsib olmadı. 1991-ci il noyabrın 20-də Alı Mustafayevin Azərbaycanın dövlət və hökumət xadimləri ilə birlikdə olduğu vertolyot Qarabağın Qarakənd səmasında ermənilər tərəfindən vuruldu.
Alı Mustafayevin şəhid olmasından sonra onun yaradıcılığının sadəcə, jurnalistika ilə məhdudlaşmadığı üzə çıxdı. Məlum oldu ki, Qazax torpağının yetirməsi olan mərhum telejurnalist məşhur həmyerlilərindən ilham alaraq həm də gözəl şeirlər yazırmış. Onun "Dəli bir ağlamaq keçir könlümdən" şeiri bu gün də Alı Mustafayevin öz taleyinə yazdığı öncəgörmə kimi qiymətləndirilir.
Həlak olduqdan sonra Şəhidlər Xiyabanında dəfn olunan mərhum telejurnalistin fədakarlığı öz layiqli qiymətini alıb. 1992-ci il noyabrın 6-da prezident fərmanı ilə Alı Mustafayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Həmkarları və geniş ictimaiyyət Alı Mustafayevin doğum və ölüm gününü hər il anım mərasimləri ilə qeyd edirlər. Azərbaycan Mətbuat Şurası və digər jurnalist təşkilatları şəhid həmkarımızın xatirəsini hər zaman əziz tuturlar.
Alı Mustafayev şərəfli həyat və yaradıcılıq yolu keçib. Müasir texnologiyanın indiki inkişaf səviyyəsində Alı Mustafayevin telejurnalist fəaliyyətini gənclər müəyyən mənada tam təsəvvür etməyə bilər. Amma reallıq budur ki, jurnalist öz fəaliyyəti və şəhadəti ilə özündən sonra böyük bir nümunə qoyub getdi. Gənclərimizin, xüsusilə yaradıcı fəaliyyətlə məşğul olan gənclərimizin bu nümunəni öyrənib ondan faydalanmalarına ehtiyac var. Ona görə də, qəhrəmanlarımızı, tək fəaliyyəti ilə deyil, ölümləri ilə də nümunəyə çevrilən insanlarımızı heç vaxt unutmamalıyıq. Necə ki, Alı Mustafayevin timsalında unutmuruq.