Bakıda iki yeni açılış oldu Hadisə

Bakıda iki yeni açılış oldu

Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və "Qafqaz Baku Sport Hotel"in açılışlarında iştirak edib

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verib. Bildirilib ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var. Dövlətimizin başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi və yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış olublar.
Məlumat verilib ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplanışı keçən boksçularımız artıq Vətənə dönüblər və bir neçə gündür ki, Bakıda hazırlığı davam etdirirlər.
Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşbülər. Prezident İlham Əliyev boksçuları salamlayaraq deyib: "Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.
Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram".
Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Qafqaz Baku Sport Hotel"in açılışında da iştirak ediblər.
Ağ şəhərdə yerləşən "Qafqaz Baku Sport Hotel" yüksək səviyyədə və müasir üslubda inşa olunub. On yeddi mərtəbəli otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır. Xəzər dənizinə gözəl mənzərənin açıldığı otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir.
Azərbaycan Prezidenti "Qafqaz Baku Sport Hotel"in rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Qafqaz Baku Sport Hotel"in 17-ci mərtəbəsindəki restoranda yaradılan şəraitlə tanış olublar.
Qeyd edilib ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Burada, həmçinin Xəzər dənizinə və Bakı bulvarına açılan gözəl mənzərəni seyr etmək mümkündür. Otelin 60 nəfərlik barında da qonaqların zövqünə uyğun xidmət göstəriləcək.
Otel nömrələrində yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.