Yunus Oğuzun 5 kitabının təqdimatı oldu Mədəniyyət

Yunus Oğuzun 5 kitabının təqdimatı oldu

Dünən yazıçı-publisist Yunus Oğuzun 55 illik yubileyi ilə əlaqədar çap edilən 5 kitabın təqdimatı keçirilib.
Yunus Oğuzun Azərbaycan dilində çap olunmuş "Sultan Alp Arslan", "Pyeslər - Attila, Altun dəftər, Nadir şah" kitabları, rus dilində çap olunmuş "Attila", "Şah arvadı və çadugər", eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan, alim Sabir Bəşirovun Yunus Oğuzun yaradıçılığı ilə bağlı yazdığı "Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" (Azərbaycan dilində) adlı kutabları artıq oxucuların istifadəsinə verilib.
Təqdimat mırasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün tarixi faktlatın işıqlandırılması baxımından tarixi romanların yazılmasına böyük ehtiyac var. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitaba olan maraq azdır. Deputat hesab edir ki, belə kitabların nəşri Azərbaycanda kitaba olan marağın artmasına səbəb ola bilər. Yunus Oğuzun yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, müəllif əsərlərində olduqca vacib məsələlərə toxunur. Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu tarixi əsərlər gələcəyə öz töhfəsini verəcək. Onun sözlərinə görə, tarixin bəzi məqamlarının öyrənilməsində bu kitablar mühüm əhəmiyyət daşıyır. Yunus Oğuzun yaradıcılığını yüksək dəyərləndirən Musa Qasımlı hesab edir ki, yeni kitablar gənclərimizin tarixi daha dərindən öyrənməsinə imkan yaradacaq. Bakı Dövlət Universitetinin professoru Şamil Vəliyev çıxışında yeni kitabların əhəmiyyətindən danışıb. O, bu əsərlərin dilinin də çox sadə olduğunu söyləyib: "Tarixi roman yazılanda həm epopeya, həm də fəlsəfəçilik nəzərə alınmalıdır. Bu əsərlərdə bunlar nəzərə alınıb".
Professor Firudin Cəlilov isə deyib ki, o, ənənəsinə sadiq qalan Yunus Oğuzun əsərlərində tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq saldığını söyləyib. Firudin Cəlilov Yunus Oğuzun yeni kitablarının stolüstü kitablar olacağına əminliyini bildirib: "Əgər yazıçıya tələbat varsa, o, əsərlər ortaya qoyur. O kitablar qiymətli olur ki, həmin kitablar stolüstü kitablar olur. Bu baxımdan Yunus Oğuzu yalnız təbrik etmək olar".
Tədbirdə çıxış edən digər natiqlər də yeni kitabların tariximizə işıq saldığını söyləyiblər. Natiqlər qeyd ediblər ki, Yunus Oğuzun əsərləri bədii strukturunun və kompozisiyasının özünəməxsusluğu ilə fərqlənir. Natiqlər müəllifin müxtəlif illərdə yazdığı bu əsərlərin daha çox oxucu tərəfindən oxunacağına, oxucu auditoriyasında maraqla qarşılaşacağına əminliklərini bildiriblər.