Azərbaycan Türklərinin mifologiyası Mədəniyyət

Azərbaycan Türklərinin mifologiyası

2-ci yazı

Folklor, etnoqrafiya, tarix, fəlsəfə və filologiyanın müxtəlif problemlərini araşdıran bir sıra tədqiqatçılar (P.Əfəndiyev, V.Vəliyev, İ.Həbibbəyli, N.Cəfərov, İ.Abbasov, B.Abdullayev, K.Vəliyev, V.Həbiboğlu və b.) həm də mifologiyaya maraq göstərib və gərəkli fikirlər irəli sürüblər. Azərbaycan elminə son onilliklərdə qədəm basan yeni nəsil alimlərinin bir qrupunun – M.Cəfərli, F.Bayat, C.Bəydili, S.Rzasoy, R.Bədəlov, R.Əliyev, A.Xəlilov, R.Kamal, E.Əzizov, N.Mehdi əsas tədqiq obyekti Azərbaycan və ümumtürk mifoloji düşüncəsinin məhsullarıdır. F.Bayat arxaik türk qəhrəmanlıq eposlarında mifoloji xətlər, R.Bədəlov oğuznamələrin materialları əsasında mifologiyanın fəlsəfəsi, R.Kamal, S.Rzasoy Oğuz mifi və Oğuznamə eposunun struktur-semiotik metodla müqayisəsi əsasında oğuz ritual-mifoloji dünya modelini, onun kosmoloji struktur səviyyələrini öyrənib, oğuz mifinin funksional strukturunun "olüb-dirilmə", "gözdən doğulma" mifolegemləri kimi məsələləri aşkarlayıblar. C.Bəydili "Dədə Qorqud"un semantikası və mifologiyası, R.Əliyev nağıllarda mifoloji obrazlar, bədii şüurun formalaşmasına mifin təsiri kimi problemlərin həllinə dissertasiya, monoqrafiya və məqalələr həsr ediblər.
XIX yüzilliyin II yarısı və XX əsrin əvvəllərində xalqların adət-ənənələri, məişət tərzi və ibtidai inanc sistemlərinə aid çoxlu məlumatların əldə edilməsi mifoloji dünyagörüşlərinin araşdırılmasına maraq oyatmış, nəticədə mif-ritual-din əlaqələrinə münasibətdə fikirlər haçalanıb, bir-birinə zidd baxışlar meydana atılıb. Tədqiqatçılar çox hallarda məsələyə kompleks şəklində yanaşmayıb, yalnız qarşıya çıxan suallardan (ritual-mif bağlılığının səbəbi nədədir? Mif dindirmi? Onların qovuşuğundan alınan nəticə nədən ibarətdir? Hansı birincidir, əsasdır, hansı törəmə?) birinə cavab tapmaqla kifayətləniblər.
"Mifoloji məktəb"in nümayəndələri (Y.Qrim, V.Qrim) və "iqtibasçılar / təkamülçülər" (E.Teylor, Q.Speser, Y.Lippert) mifləri inanış - ilkin dini baxış kimi qəbul edərək, birinci və əsas sayıblar. Qrim qardaşları mif və nağıl materiallarının metodik şəkildə toplanmasına diqqət yetirməklə böyük iş görüblər. C.Frezerin araşdırmalarında müxtəlif mənbələrdən götürülmüş (qədim əlyazma mətnlərindən tutmuş etnoqrafların, missionerlərin topladıqlarınadək) olduqca zəngin material saf-çürük edilib. K.Yunq öyrədirdi ki, bütün insanlarda simvolların hər hansı bir ümumi xarakterini anadangəlmə "generasiya" etmək qabiliyyəti mövcuddur. Alim simvolların hamı tərəfindən izahsız anlaşılan cəhətlərini "arxetip" adlandıraraq bildirirdi ki, onlar özünü ilk növbədə yuxu prosesində göstərir. K.Yunqun sözləri ilə desək, "tanrı əsasən yuxu və yuxugörmə vasitəsi ilə danışır". Simvol-arxetiplər mif, əfsanə və nağıllarda geniş əks olunsa da, başlanğıcda "kollektivin kortəbii şüurunun məhsulları" kimi meydana gəlir. A.F.Losev, G.Qolosovker, A.F.Kosarev və b. daha çox mifologiyanın fəlsəfi tərəfini araşdırıblar. Mifik düşüncənin dialektik cəhətdən dindən ayrı mövcudluğunu qəbul edən A.F.Losevə görə, "mifologiya özlüyündə din deyil, xüsusi dini yaranış da deyil, sadəcə olaraq dinin özü də heç cürə mifologiya deyil". Əgər mifləri insanlar yaradır və özləri də həmişə miflərin aləmi ilə yaşayırsa, deməli, insanın özü də mifdir. Ona görə də insan mifin nə olduğunu bilmək üçün, ilk növbədə, özünü tanımalıdır. Qolosovker deyirdi ki, "ən əsas mif – mənim həyatımın mifidir".
Qədim mədəniyyətlərin böyük kəşfləri, arxeoloji qazıntıların tapıntıları, əski yazılı abidələr əsasında ibtidai cəmiyyətlərin, ilkin etnosların məişət tərzinin, dünyagörüşlərinin, etnoqrafik və folklor materiallarının üzə çıxarılması, aşkarlanan məlumatların müasir sivilizasiyadan uzaq düşmüş tayfaların (hindu, aboregen) anoloji əlamətləri ilə müqayisəsi ulu əcdadın mifoloji və dini təsəvvürlərinin formalaşma mərhələsinin əsas amilləri barədə fikir irəli sürməyə imkan yaradır. Elmdə belə bir qənaət var ki, paralel dünyalar haqqındakı ideya yuxarı paleolit dövründə formalaşıb.
Miflərin Azərbaycan xalqının ululuğunu, dünyanın ilk sakinləri sırasında durduğunu göstərən ilkin insan məskənlərində (Azıx mağarası, Qobustan qayalıqları və s.) yaranması şübhəsizdir. Oradakı daşlar, qayalar ulu babalarımızın ən əski rituallarının, kultlarının şahidləridir. Şahid qayaların bir neçəsinin üstündə ibtidai əcdadlarımızın əlləri ilə yonulan günəş, insan, heyvan şəkilləri və qəribə fiqurlar, naxışlar bu günədək qorunub saxlanıb. İlkin ədəbi-tarixi abidələrdə, dini kitablarda, arxeoloji qazıntılar zamanı tapılan müxtəlif məişət əşyalarının, silah və sursatların üstündə mif motivlərini əks etdirən işarə, naxış və qrafik şəkillərə təsadüf olunur ki, onların mif sistemlərinin bərpasında böyük əhəmiyyəti var. Bu işarələr nənə-babalarımız tərəfindən sonralar xalçaların üzərinə köçürülüb. Azərbaycanın qədim toxumalarında dünyanın yaranması haqqında mifik təsəvvürün bütöv mətnlərinin əks olunması şübhəsizdir. Onların kodunun açılması yolunda uğurlu addımlar atılır. Təəssüflər olsun ki, torpaqlarımızda aramsız qanlı müharibələr getdiyindən, ox-yaydan, qılıncdan daha çox musiqiyə, şeirə, sənətə üstünlük verən ulularımızla yanaşı, onların yaratdıqları abidələr də ya məhv edilib, ya da başqa ölkələrə aparılıb. Məsələn, ilkin olaraq on iki min inək dərisi üzərində qızıl hərflərlə Azərbaycan ərazisində yerləşən qədim Midiyada madayların (qədim türk etnosudur) dilində yazıya alınan "Avesta" makedoniyalı İsgəndər tərəfindən Yunanıstana göndərilib, avropalıların ürəklərinə yatan hissələr yunan dilinə çevrildikdən sonra orijinal mətn məhv edilib. Sonradan midiyalılara məxsus bu nəhəng abidənin cüzi hissəsi ancaq qədim pəhləvi və sindi dillərində bərpa edilib. Bununla xalqımızın neçə min illik tarixinə kölgə salınıb. Ona görə də yurdumuzun qədim tarixi, etnoqrafiyası, mədəniyyətinə aid məlumatları yunan, Ərəbistan, İran, Hindistan, Çin və b. ölkələrin əski sənədlərinin arasından axtarmalı oluruq.
Torpaqlarımız Şərqlə Qərbi birləşdirən karvan yolunun üstündə olduğundan tacirlər, səyyahlar, bilicilər, şeir-sənət hamiləri Azərbaycanda yaşayan insanların adət-ənənələri, dünyagörüşü, yaratdıqları barədə əldə etdiklərini də özləri ilə bir üzü Şərqə, bir üzü Qərbə daşıyıblar. Ona görə də başqa xalqlara aid bir sıra mötəbər kitablarda yurdumuzla bağlı maraqlı yazılara rast gəlirik. Herodotun, Strabonun, Plutarkın və başqalarının qələmi ilə ulu babalarımızın həyatının ən qədim çağlarına az da olsa, aydınlıq gətirilir. İlk "Tarix" (Herodot) kitabına düşən "Astiaq" və "Tomris" rəvayətləri ilə bir sıra mif sistemlərinin (xüsusilə tale mifi) ömrü uzadılır. Roma mifologiyasında ilkin dövlətçilik görüşləri əks olunur ki, bunu mədəni həyatın başlanğıcı hesab edirlər. Romul və Rem Romanı düşmən hücumlarından və daxili xəyanətkarlardan qorumaq üçün xüsusi icra mexanizmi olan yeni birlik yaradırlar. Astiaqın ulu babası Deiyokun Midiya dövləti qurması haqqında Herodotun verdiyi məlumatlar göstərir ki, Azərbaycan mifoloji təsəvvüründə dövlətin daha mükəmməl modeli qurulub.
Şifahi xalq yaradıcılığının elə bir forması yoxdur ki, miflərdən mayalanmasın. Atalar sözündən tutmuş çoxşaxəli süjetə malik eposlaradək hər bir folklor nümunəsini diqqətlə saf-çürük etsək və əski kitablardan ("Avesta" və "Dədə Qorqud" kimi) bizə məlum olan görüş sistemlərinin süzcəgindən keçirsək, Azərbaycan türklərinin mifoloji modelləri haqqında tam təsəvvürə malik olarıq. Miflərimizi özündə əks etdirib yaşadan "Kitabi-Dədə Qorqud" oğuznamələri ən gərəkli mənbədir. Həm ilkin türk təsəvvürləri, həm də Qafqaz mühitində formalaşıb yunan mifologiyasını belə qidalandıran ən arxaik görüşlər onun içərisində sintez edilir. Bu mənada "Kitabi-Dədə Qorqud"u Azərbaycan-türk mifologiyasının "İliada"sı, "Odisseya"sı, "Bilqamış"ı, "Riqveda"sı hesab etmək olar. Akademik İ.Həbibbəylinin yazdığı kimi, ""Dədə Qorqud" daha çox əsatiri-mifoloji varlıq kimi təqdim olunub. Şübhəsiz ki, burada elmiliklə yanaşı, elm donuna geydirilmiş ideologiyanın da izləri var".
Maraqlıdır ki, antik yunan tarixçiləri və mifologiyanı dünya miqyasında araşdıran Avropa tədqiqatçıları da öz əsərlərində cüzi də olsa, azərbaycanlıların ibtidai görüşlərinə yer ayırıblar. C.Frezer "ikinci doğuşdan" danışanda bildirirdi ki, "Qafqaz türklərində oğulluğa götürmə adi hadisədir, mərasim ondan ibarətdir ki, oğulluğa götürülən yeni ananın köynəyindən keçirilir, ona görə də türkcə "adamı köynəyindən keçir" anlayışı "oğulluğa götür" mənasını verir". Məgər bu, "Koroğlu" eposundakı Nigarın Eyvazı oğulluğa götürməsinin analoqu deyilmi? Alim daha sonra nağıllarımızda tez-tez rastlaşdığımız "kiçik qardaşa üstünlük verilməsi" məsələsinə aydınlıq gətirən orijinal fikirlər söyləyir və yas mərasimi haqqında yazır ki, "qədimlərdə türklər ölüləri üçün ağlayanda üzlərini bıçaqla elə kəsirdilər ki, qan damcıları yanaqlarında göz yaşları ilə yanaşı axırdı". Azərbaycanlıların qamlara aid mifik görüşlərində göstərilir ki, insanın ruhu bədənindən ayrılıb yeraltı dünyaya gedir və orada şər qüvvələr ona olmazın əzab-əziyyət verir. Yer üzündə qalan qohumları ağlayıb üz-gözlərini dırnaqları ilə, ya da iti bıçaqla yaralayırdılar. Duzlu göz yaşlarını qana qarışıb onların üz-gözünə yayılır və torpağın üstünə axırdı. Bununla elə zənn edirdilər ki, isti qanlarını qara yerdəki şər qüvvələrin üstünə səpirlər. Xalq arasında indi də geniş işlənən "gözdən qan çıxartmaq", "gözü qanlı", "gözlərindən qan damar" Frezerin nişan verdiyi adətlə və mifik təsəvvürlə bağlıdır. Keçən əsrin ikinci yarısında xalq yaradıcılığına böyük marağın oyanması ilə külli miqdarda mif mətnləri yazıya alınmış, etnoqrafik və folklor materialları ilə bir sırada rusdilli SMOMPK və b. məcmuələrdə nəşr olunub. O dövrdə bu iş ənənəvi xarakter daşıyırdı, ona görə də miflərin digər mətbuat orqanı səhifələrinə də yol tapması təbiidir. Adı çəkilən və yüzlərlə hələ araşdırılıb üzə çıxarılmayan qaynaqlara baş vurulsa, Azərbaycan türklərinin mifologiyasının bərpasına tam nail olmaq mümkündür. Və qəribədir ki, təxminən 150-180 il bundan qabaq Qrim qardaşları, E.Teylor, F.Dits, C.Frezer və A.Düma kimi dünya şöhrətli tədqiqatçılar, yazıçılar Avropada əyləşib Azərbaycan xalqının etnik tərkibinə daxil olan əsas etnosun adət-ənənələrini, ilkin dünyagörüşlərini, miflərini araşdırdığı halda bəziləri mifologiyamızın olmadığını elan etməyə özlərində cəsarət tapırlar.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor