Azərbaycanın geyim adları Mədəniyyət

Azərbaycanın geyim adları

2-ci yazı

XIX əsrin sonu XX yüzilin əvvəllərində mətbuat və bədii ədəbiyyatdan bəllidir ki, bir sıra pambıq parçalar toxunduğu ölkənin, şəhərin, yaxud da fabrikin adı ilə adlandırılıb: "Firəng çiti", "rus çiti", "Tağıyev ağı", "Proxoro ağı" və s. Habelə kəlağayılar barədə də bu sözləri demək olar: Gəncə kələğayısı, Şamaxı kələğayısı, yaxud Şamaxı, Benqal, Heratı kələğayı, Hələbi kələğayı.
Uzun illərdən bəri davam edib gələn ənənəyə, habelə etnoqrafik təsnifata sadiq qalaraq biz geyim adlarını aşağıdakı bölgü əsasında diqqətinizə çatdırırıq: a) qadın geyimləri, b) kişi geyimləri, c) bəzək adları.
Qadın geyimləri. I. Qadın əyin geyimləri: köynək, üst köynəyi, can köynəyi, alt köynəyi, ət köynəyi, şəltə, cüt tuman, darbalaq, cütbalaq, arxalıq, küləcə, don, ləbbadə, tuman (10-12 taxtalı tuman), üst tuman, çəpkən, kürdü, Xorasan kürdü, baharı, çaxçur, nimtənə, zıvını, cübbə.
Qadın baş geyimləri: II. çutçu, təsək, dingə, çalma/ məxmər və yaxud qanovuzdan/, sərəndaz, naz-naz, bəlalə, xarala, bənarə, alafa örpəklər, bağdadı, yaşmaq, alınlıq, çadra, atlaz çadra, çit çadra, rənginə görə qırmızı, ağ örpəklər, tor, rübənd, tül, qıyqac, araxçın, ləçək, yaylıq, cüna, tirmə, şal, çarqat, kələğayı, hələbi, çarşab, şal, başlıq, şəddə.
Qadın ayaq geyimləri: III. qondara, məst, uzunboğaz çəkmə, başmaq, tumac başmaqlar, üzütikməli başmaq, tikməli başmaq, çust, corab, sarğı başmaq.
XIX əsrin axırları XX əsrin əvvəllərində adətən zəngin, varlı ailələrin qadınları qanovuz dab, mov, darayı, xara və b. parçalardan paltar geyərdilər. Qadınlar adətən toy geyimlərini zərxara, atlaz, məxmər və b. müxtəlif ipək parçalardan tikdirirdilər. İndinin özündə də ipək parça öz mövqeyini qoruyub saxlayır. Cavan qız və gəlinlər toy paltarlarını ənənəvi olaraq moruq rəngli, tünd qırmızı, yaxud da çəhrayı parçalardan biçdirərdilər, yaşı qadınlar isə toylarda tünd rəngli paltarlar geyərdilər.
Kişi geyimləri. Kişi geyimləri də tarixən uzun bir inkişaf yolu keçmiş, milli keyfiyyətlərini saxlayıb:
I. Kişi üst geyimləri, ənənəvi əyin geyimləri: köynək, arxalıq, don, çuxa, kürk, Ərdəbil kürkü, Xorasan kürkü, yapıncı, baharı, sərdarı, çərkəzi, çuxa, vəznəli çuxa, vəznəsiz çuxa, birvəznəli çuxa, ikivəznəli çuxa, qurşaq, kəmər, gümüş kəmər, məndulə, dizlik, nifəli şalvar, şalvar, canlıq, əba.
II. Baş geyimləri. Papaq, börk, təsək, arakçın, başlıq, sarıq, əmmamə, motal papaq, sürpapaq, şələpapaq, Buxara papaq, doqqa papaq, Xurmayı papaq, qələmi papaq, "Şikari", "qacarı", "qoçu papağı".
III. Ayaq geyimləri: çarıq, bağlı çarıq, əcəmi çarıq, kalmanı çarıq, şirvani çarıq, şirazi çarıq, qılbüzmə çarıq, qarğaburun çarıq, kürdüvari çarıq, ədük, başmaq, ayaqqabı, uzunboğaz çəkmə, dolaq, patava, papış, sarğı, dolaqlıq, patavalıq, sarıqlıq, corab, yun corab, məst, nəleyin, çust, ayaq şalı, şətəl, dübəndi, qondara, şiblit.
Ayaq geyimləri üçün materiallar: aşılanmış gön, xam gön, tumac, xrom, qara rəngli dəri, müşkü, köşə, çarığın köşəsi, köşəsindən yanmaq, köşə çəkdirmək.
Geyimin (paltarın) ayrı-ayrı hissələrinin adları:
Q.Qaraqaşlı paltarın 9 hissəsini qeyd edir: dal (kürək), qol, qabaq (sinə), əyindirlik (çiyindirlik), yaxa, qolluq, biləzik (bilərzik), ətək, xişdək. Göstərilən geyim hissələrindən başqa belbağı, cib, qurşaq, qayış, bilək, balaq, qolçaq, düymə, ilcək, döşlük, önlük, oyma, qarmaq, qoltuqaltı da paltarın hissələrinə aid edilir. Daha sonra əlcəkdən də geyim elementi kimi bəhs edilib: meşin əlcək, qadın əlcəyi, beşbarmaq əlcək, təkbarmaq əlcək, yun əlcək, dəri əlcək, tumac əlcək kimi növləri göstərilir.
Azərbaycan ərazisində tərkibində geyim adları işlənən bir çox etnonim, toponim, etnotoponim və b. onomastik adlara da təsadüf edilir: qarapapaq, Şişpapaqlar, Ağköynək, Kəmərli, Qaradolaq, Ağşalvarlılar, Qaraşalvarlılar, Qarabörklü, Qaradonlu, Kəpənəkçi, Alaqurşaqlı.
Türk mənşəli rus soy adlarının yaranmasında geyim adları iştirak edib: Başmakov, Epança, Epançin, Erlıkov, Kablukov, Kolpakov, Çarıkov, Kolçak, Kurşakov, Çulkov, Şarapov.
Qırmızı rəngli ipək parçalar al, ağ rəngli çit parçalar isə ağ (ağ rəngli müxtəlif parçalar da deyilmişdir) adları ilə daha çox məşhurlaşıb. Danışıqda belə ifadəni tez-tez işlədirlər: "Filankəs al da geysə yaraşır, şal da".
Azərbaycan sənətkarlarının toxuduğu parçaların keyfiyyətli olması, onların estetik baxımdan qəlb oxşaması, zərifliyi, gözəlliyi xalq arasında bir çox metaforik məzmunlu adların yaranmasına səbəb olub. Əslində onların öz əsl adlarını bəlkə də xatırlatmaq çox çətin olardı. Bəzi parçalar rənginə, materialına görə metaforik adlarla məşhurdur: "Gendədur", "Alışdım-yandım", "Qonşu bağrı çatdasın", "Küçə mənə dar gəlir", "Gecə-gündüz", "hacı bəri bax" (Hacı mənə bax)
Alınma sözlərdən ibarət geyim adları. "Son dövrlərə qədər ərəb və fars dillərinin təsirini daha çox şişirdirlər. Əgər bir tərəfdən türk dillərində, həmçinin digər tərəfdən ərəb və fars dillərində türk dilləri materiallarına əsasən izahı çətin olan leksik paralellər aşkara çıxarılıb ki, bunları da heç bir şübhə olmadan ərəb və fars alınmalarına aid edirdilər." Bununla belə, ana dilimizdə işlənən ərəb və fars mənşəli alınma geyim və parça adları da az deyil. İndi bunlardan bəzilərinə nəzər salaq.
Ərəb və fars mənşəli sözlər. Ərəb mənşəli alınmalar: məxmər, zəncirə, cübbə, ləbbadə, əba, abaaun, əmmamə, xirçə, parça-bez, qumaş, paltar, zünnar, ətləs, niqab (üz örtüyü), yaşmaq, şalatlaz-parça.
Fars mənşəli alınmalar içərisində parça və geyim adları üstünlük təşkil edir: zərbəft, xara, qanovuz, lingə qanovuz, sətov qanovuz, çərtov qanovuz, kəmxa, tirmə, midqal, külah, külah-duz, şəbkülah, şirazi papaq, zər-ziba, zərxana, şalvar, piləkduz, baş örtüyü, pirahən, köynək, pəlas, paltar, nimtənə, mimtənə, candonu, dübəndi, şərf, şarf, papuş.
"Kitabi-Dədə Qorqud" dastanlarında külah baş geyim, fars alınmasına təsadüf edirik: Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı ərkəc dərisindən külah etsə, qulaqlarını örtmiyən, qoli, budı xırancə, uzun baldırları incə, Qazanbəgün tayısı, At ağızlı Uruz qoca çapar yetdi.
Fransız dili mənşəli parça və geyim adları: batist, beret, bluza, bot, botinka, bukle, velür, drap, məxmər və plüşün bəzi növlərinin adı, drap, drapri, jaket, kaşne, kristalon, kostyum, krep, krepdeşin, krepjorjet, krepşifon, mundir, gipür, malkizet, markoken, poplin, ponama, pike, sürtük, manto, palto, triko, trikotaj, trikotin, şifon, flanel, bandaj, korset, kaşne.
Birinci tərəfi Azərbaycan dilinə məxsus ikinci tərəfi fransızca olan geyim bildirən birinci növ təyini söz birləşməllərinə də təsadüf edirik: ipək trikotaj, yun trikotaj, pambıq trikotaj.
İngilis dili mənşəli geyim və parça adları: velvet, disko, koverkot, sviter, cins, cemper, pijama, pencək ( pidjak).
Alman, latın, yunan, holland, polyak, tibet və b. dillərə məxsus əsasən rus dili vasitəsilə alınan geyim adları da müşahidə olunur: qalstuk, büsthalter, kitel, diaqonal (parça adı), gimnastyor, bayka, lama (palto), kaşmir, türban, səndəl, furajka, kolqotki.
Rus mənşəli: bobrik (parça), bosonojka, qaloş, kepka, yubka, kofta, mayka, plaş, palto-plaş, tursik, tufli, şapka, şlyapa.
Plaş ismi ilə bir neçə söz birləşməsi də işlənir: dəri plaş, başlıqlı plaş, sırıqlı plaş, plaş-çadır.
Bəzək adları. Yeri gəlmişkən, bir tarixi-bədii həqiqəti də yada salmaq istərdik. Miladın ilk əsrlərində ərəbdilli poeziyada türk-Azərbaycan mənşəli bir çox sözlər, o cümlədən də məişət sözləri işlənib. M.Mahmudov yazır ki, VI əsr şairi Meymun ibn Qeys Ə`şa öz yaradıcılığında bir çox əcnəbi sözlərlə yanaşı Azərbaycan sözü "yaraq" sözünü aşiqanə şeirlərindən birində Mirsəm adlı gözəlin bəzəyini təsvir edərkən "yaraq" sözünü işlədib, Əşanın divanına yazılan şərhdə o "bilərzik", "qolbaq" kimi izah olunub, həm də "enli geniş qolbaq" mənası daşıdığı göstərilib. M.Mahmudov yaraq sözünün bu gün bəzək əşyası kimi mənasını saxlayan (onun silah, hazırlıq, dəskah, mərasim mənaları da var) yeganə fakt kimi "düzəlib hər yarağı, qalıb saqqal darağı" atalar sözündə qaldığı fikrini qeyd edir.
Bəzək adları geyim adları tematik qrupuna daxildir. Əslində bəzək şeylərindən bəhs edərkən əsasən zərgərlik məmulatlarının adlarını nəzərimizə gətiririk. Bütövlükdə metal emalı ilə bağlı peşə-sənət leksikasına daxil olan zərgərlik məmulatlarının adlarını tədqiq etmək dilçiliyimizin terminologiya sahəsində ən aktual problem olaraq qalır.
Bəzək adları geyimlərə aid olduğundan burada təkcə zərgərlik məmulatlarının adları haqda deyil, habelə geyimi tamamlayan başqa bəzək adlarından da (tikmələr, kəmərlər və s.) bəhs edilir.
Daşıdıqları vəzifəyə, başqa sözlə, gəzdirilmə tərzinə görə bəzəklər: qulaq, baş, boyun, döş, bel, bilək və barmaq bəzəkləri olmaqla müxtəlif növlərə ayrılır. Bundan başqa libaslara bənd edilən bəzəklər də qadın zinətlərinə daxildir.
Qulaq bəzəkləri dörddüymə, qırxdüymə, heydəri, satılsırğa, minarə sırğa, şarlı sırğa, badamı sırğa, gənə sırğa və s. adlarla tanınan müxtəlif tanalardan ibarət olub.
Qadın zinətləri içərisində baş bəzəkləri də özünəməxsus yer tutur: cütqabağı, qarmaq, qızıl sancaq, tac və s. Müasir dövrdə isə abadok, daraq, biqudi, bijuteriya, bezdeluşka, nevdimka, sancaq, klon və s.
Ötən yüzillərdə varlı qadınlar kəhrəba, mirvari və yaxud "arpa" qızıldan düzəldilmiş qiymətli boyun bəzəkləri gəzdiririblər. Təkcə onu deyək ki, Şirvan qadınları arasında həmçinin çəkic, qarabatdaq, göl və s. kimi boğazaltılar geniş yayılıb.
Bilək və barmaq bəzəkləri də (üzük və qolbaqlar) Azərbaycan qadınlarının geyimində əhəmiyyətli yer tutub və bu gün də öz mövqeyini saxlayır: zümrüd, almaz, yaqut, firuzə, brilliant qaşlı üzüklər, əqiq üzüklər, "paxlava" qaşlı üzüklər, qaşsız üzüklər içərisində "nişan üzüyü" xüsusilə fərqlənir. Nişan üzüyü adaxlandıqdan sonra barmağa taxılırdı. Ənənəyə görə nişan üzüyü sol əlin "gəlin barmağı"na taxılırdı. İndi də bu adət davam etdirilir. Dul qadınlar isə onu şəhadət barmaqlarına dəyişdirirdilər.
Bəzək adlarını aşağıdakı bölgülərə ayırmaq olar: Zərgərlikdə istifadə olunan material adları və b. bəzək əşyalarını adları. Azərbaycan mənşəli: qızıl, gümüş, altun, almaz, sümük, tunc, mis, sırğa, üzük, boyunbağı, qolbağı, cütqabağı, boğazaltı, bilərzik. Dilimizin inkişafının ilk dövrlərində ikinci növ təyini söz birləşmələri quruluşca birinci növ təyini söz birləşmələrindən fərqlənməyib. Məs: bilərzik – bilək üzük; alınlıq, aralıq, qızıl ətəklik, qızıl və ya gümüş qulplu pul, düymələr, arpa, zincirə və s. Alınma sözlər: kəmərbənd, kəmər, kəmərçin, brilliant, zümrüd, yaqut, mirvari, firuzə, əqiq, həmail, boyunbənd, sinəbənd, imarət (qadınların istifadə etdikləri bəzək şeylərinin dəstinə deyirdilər).


İsmayıl Məmmədli
filologiya üzrə elmlər doktoru, profossor