Azərbaycan milli rəqsi NTV telekanalının efirində Mədəniyyət

Azərbaycan milli rəqsi NTV telekanalının efirində

NTV telekanalı "Ты супер! Танцы" layihəsinin ikinci müsabiqə gününü nümayiş etdirib. Bu müsabiqədə azərbaycanlı gənc rəqqas Abbasqulu Səfərov iştirak edib.
16 yaşlı Abbasqulu Səfərov internat-məktəbdə təhsil alır və artıq beş ildir ki, xoreoqrafiya qrupunda məşğul olur. Onun məşğələlərinin əsas istiqamətləri Latın Amerikası və Azərbaycan xalq rəqsləridir. Layihənin birinci turunda Abbasqulu münsiflər heyətinin və milyonlarla tamaşaçının diqqətinə "Məzəli rəqs" adlı Azərbaycan milli rəqsini təqdim edib.
Layihənin münsiflər heyətinin üzvləri – xoreoqraf Yeqor Drujinin, Böyük Teatrın balerinası və aparıcı solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili, teatr və kino artisti Anastasiya Zavorotnyuk həmvətənimizin çıxışına heyran olduqlarını bildiriblər. Onlar gənc azərbaycanlı rəqqasın ikinci tura keçməsinə yekdilliklə səs verərək, alqış sədaları altında bu rəqsi bir də ifa etməsini xahiş ediblər.
Seçim sınaqlarının mühüm mərhələsində gənc rəqqasları tanınmış artistlər dəstəkləyir. Abbasqulunu bizim həmyerlimiz, tanınmış teatr və kino rejissoru, Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının birinci Milli Mükafatı olan "Nika" mükafatının təsisçisi, Şən və Hazırcavablar Klubunun münsiflər heyətinin daimi üzvü, Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi Yuli Qusman dəstəkləyib. Proqramın qonağı olan Yuli Qusman bu gənc rəqqasın çıxışından təsirlənərək qeyd edib ki, gənc Abbasqulu öz ölkəsini səhnədə layiqincə təmsil edib. Yuli Qusman deyib: "Mən Abbasqulunun çıxışını böyük həyəcanla müşahidə edirdim. Əlbəttə, o, hələ çox gəncdir, lakin artıq indi, o, çox ləyaqətli rəqqasdır, Azərbaycan rəqsinin ritmini, üslubunu duyması, bu rəqsin təbiətini anlaması danılmaz faktdır. Mən səhnə arxasından onu müşahidə edərkən öz-özümə fikirləşdim ki, bu cavan oğlan Bakının mərkəzindəki nüfuzlu mədəniyyət evindən, yaxud adlı-sanlı bir kollektivdən yox, internat-məktəbdən gəlib. ...Məhz bu səbəbdən, müsabiqənin ideyası son dərəcə əhəmiyyətlidir. Axı, burada gənclərlə, sözün həqiqi mənasında, işləyirlər, onun əlindən tutub, sanki liftlə yuxarı qaldırırlar. Bu layihə belə uşaqlara çox lazımdır. Buna görə NTV telekanalına çox təşəkkür edirəm!".
Uşaqlar üçün keçirilən "Ты супер! Танцы" adlı Beynəlxalq Uşaq Rəqs Müsabiqəsi valideyn qayğısından məhrum olmuş istedadlı gənc rəqqaslara öz qabiliyyətlərini göstərmək şansı verir. Şounun iştirakçıları Rusiyanın, digər MDB ölkələrinin və Baltikyanı dövlətlərin uşaq evlərində, internat-məktəblərdə tərbiyə alan, övladlığa götürülmüş və ya qəyyum ailələrdə yaşayan uşaqlardır. Bu müsabiqədə Azərbaycanı Abbasqulu Səfərovla yanaşı İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva da təmsil edir.