Tokioda Qara Qarayevin 100 illiyi qeyd ediləcək Mədəniyyət

Tokioda Qara Qarayevin 100 illiyi qeyd ediləcək

Görkəmli Azərbaycan bəstəkarı, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən cari ildə həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda dahi bəstəkarın xatirəsinə həsr olunmuş təntənəli tədbirlər təşkil olunur.
Dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti yubiley konserti noyabrın 25-də Tokionun "Dojin-Kyokay" zalında keçiriləcək.
Konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən "Musiqi Evi"nin rəhbəri, azərbaycanlı pianoçu Gülnarə Səfərova agentliyimizin Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, konsertin təşkilində məqsəd yapon musiqisevərləri qədim və zəngin Azərbaycan musiqisi, xüsusən də tanınmış Azərbaycan bəstəkarı Qara Qarayev haqqında məlumatlandırmaqdır.
Gülnarə Səfərova əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yetirməsi Qara Qarayevin böyük rolu olub.
Gülnarə Səfərova qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropa ölkələrində çox geniş tanınmasına baxmayaraq, Yaponiyada bu Azərbaycan bəstəkarı, onun yaradıcılığı haqqında məlumatlar çox azdır. Məhz bunu nəzərə alaraq "Musiqi Evi" Qara Qarayevin Yaponiyada tanınması və təbliği məqsədilə böyük bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunan konsert təşkil etməyi qərara alıb. Sevindirici haldır ki, Yaponiyada yaşayan digər xalqların nümayəndələri, o cümlədən yapon və rus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Konsertin proqramına isə Qara Qarayevin ən məşhur əsərləri daxil edilib. Proqramda skripka üçün sonata, fortepiano üçün prelüdlər, bəstəkarın məşhur romansları, balet musiqisi var. Yaponiyada yaşayan balet ustası böyük məmnuniyyətlə Qara Qarayevin "Yeddi gözəl" baletindən Ayşənin rəqsini ifa etməyə razılıq verib.
Konsertin təşkilinə göstərilən köməyə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə, "WorldInvestors TV" internet televiziyasının rəhbərliyinə minnətdarlığını bildirən G.Səfərova yapon musiqisevərləri Qara Qarayevin 100 illik yubileyi münasibətilə noyabrın 25-də Tokionun "Dojin-Kyokay" zalında keçiriləcək konsertə dəvət edib.