Əcnəbi tələbələr Nizami muzeyində Mədəniyyət

Əcnəbi tələbələr Nizami muzeyində

Tərlan

Yay günlərində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələn qonaqların sayı çox olur. Azərbaycanın gün-gündən yeni sürətlər alan inkişafı, dövlətimizin dünya miqyasında ən müxtəlif sahələrdə əldə etdiyi uğurlar həm xalqımıza, həm də bütövlükdə ölkəmizə olan marağı durmadan artırmaqdadır. Azərbaycanı daha yaxşı tanımaq və bilmək istəyənlər, ölkəmizlə dost olmaq arzusunda olanlar bu gün dünya boyuncadır və Azərbaycan Respublikası Xarici İşlər, Gənclər və İdman nazirlikləri ilə birgə gerçəkləşdirdiyi yeni layihə də məhz həmin təmayüllə bağlıdır.
"Mən Azərbaycanı necə tanıyıram?" adlı sözügedən layihə Meksika, Argentina, Braziliya, Estoniya, Vyetnam, Belçika, Kanada, Cənubi Afrika Rspublikasında gənclər arsında keçirilən inşa müsabiqəsindən ibarətdir. AMEA-nın məlumatına görə, bir neçə ay davam edən müsabiqənin nəticəsi olaraq müvafiq ölkələrdəki səfirliklərimizin təşkil etdiyi mötəbər münsiflər heyətləri qalibləri müəyyənləşdirib. Müsabiqənin keçirildiyi ölkələrdən olan və Azərbaycan haqqında ən yaxşı inşa yazıların müəllifləri kimi qiymətləndirilmiş 110 nəfər gənc ölkəmizlə daha yaxından tanış olmaq üçün respublikamıza dəvət ediliblər. Xalqımıza və yurdumuza rəğbətlər bəsləyən əcnəbi gənclər üçün Qobustana, Atəşgaha, Azərbaycan rayonlarına maraqlı ekskursiyalar təşkil edilib.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə qonaq olan gənclərin təəssüratları daha geniş və yaddaqalan olub. Bunu əcnəbi tələbələrin muzeyin rəy və xatirələr kitabında heyranlıq dolu qeydləri də sübut etməkdədir. "Muzeyinizi səyahət heyrətamiz idi. Biz zalları seyr etdikcə Azərbaycan xalqının necə zəngin olduğunun və ölkənin gələcəyi üçün müxtəlif yazıçıların necə misilsiz fəaliyyət göstərdiyinin şahidi olduq. Böyük təəssüratlar və gözəl bələdçi üçün sizə təşəkkür edirik". Bunu Cənubi Afrikadan olan tələbələr yazıblar.
Bu isə kanadalı tələbələrin düşüncələridir: "Qısa müddətdə Azərbaycanın bir çox məşhur abidə və muzeylərini ziyarət etmək ölkəniz haqqında bizim təsəvvürlərimizi xeyli artırdı. Xüsusən Nizami muzeyində görüb eşitdiklərimiz bizi valeh etdi, bir xalqın belə möhtəşəm ədəbi irsinin olması həqiqətən onun tarix boyu davam edən yüksək mədəniyyətinin göstəricisidir. Kanadalı tələbələr olaraq sizə çox təşəkkür edirik. Muzeyinizin ekspozisiyasının daha da gözəlləşməsini arzulayırıq".
Bu da vyetnamlı tələbələrin ürək sözləri: "Mən Azərbaycanı necə tanıyıram" yarışının qalibləri üçün bu gəzinti böyük hədiyyədir. Muzeyinizin memarlığı çox əzəmətlidir. "Romeo və Cülyetta"nın Azərbaycan versiyası olan "Leyli və Məcnun" poeması bizi çox təsirləndirdi. Əminik ki, rəssam və heykəltaraşların möhtəşəm əl işləri yaddaşımızda əbədi qalacaqdır". Nizami muzeyinə səyahət nəticəsində bir neçə saat ərzində Azərbaycan haqqında bilik və təsəvvürlərinin xeyli artdığını etiraf edən əcnəbi tələbələr gələcəkdə bu elm və mədəniyyət ocağının saytını daim izləyəcəklərini bildiriblər. Qonaqlara muzeyin buklet və nəşrlərindən nümunələr hədiyyə edilib.