“Azərbaycan tarı, dünən, bu gün və sabah” Mədəniyyət

“Azərbaycan tarı, dünən, bu gün və sabah”

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan tarı, dünən, bu gün və sabah" adlı dəyirmi masa keçirilib. Tədbir Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb. Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bildirib ki, tar xalqımızın çox sevdiyi, vətənimizdə geniş populyarlıq qazanmış alətlərdən biridir.
Vurğulayıb ki, tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir. Güclü və özünəməxsus səs tembrinə malik olan Azərbaycan tarı həm solo, həm də orkestrlərdə virtuoz ifa imkanlarına malik olmaqla seçilir. Tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf və təkamül yolu Azərbaycan musiqi tarixində bir sıra ustad tarzənlərin meydana gəlməsinə möhkəm zəmin yaradıb.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov tədbirin əhəmiyyətini qeyd edərək alətin səs tembrinin insanlarda tara qarşı böyük diqqət və sevgi yaratdığını söyləyib. Bildirib ki, tar muğam sənətinin aparıcı alətidir və bu sənətin yaşadılmasında, qorunmasında müstəsna xüsusiyyətə malikdir. Geniş səs diapazonu, aydın səs tembri, mexaniki dalğaların gec sönməsi kimi xüsusiyyətlər tarın, həm də ansambl və orkestr aləti qismində inkişaf etməsinə vəsilə olub.
Tədbirdə konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, görkəmli tarzənlər - Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Fikrət Verdiyev, həmçinin AMK-nın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, Sadıqcanın nəticəsi, tədqiqatçısı Elxan Cəfərov və başqaları məruzələrlə çıxış ediblər. Məruzələrdə tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzulara toxunulub.