Turizm Bürosuna akkreditasiya attestatı təqdim edilib Mədəniyyət

Turizm Bürosuna akkreditasiya attestatı təqdim edilib

Hotellərə udluzların verilməsi prosesinə 2020-ci ilin ilk rübündə başlanılacaq
Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.
“Azərbaycanda ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək”, - deyə Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev qeyd edib. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.
Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.
Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.
Baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.