Vətəndaş şair Mədəniyyət

Vətəndaş şair

Mikayıl Müşfiqin balaca bir şeiri belə xalqı azadlığa, istiqlaliyyətə çağırışdır

Mikayıl Müşfiqin faciəli ölümündən 76 il ötdü. O, 1908-ci ildə Bakıda müəllim ailəsində anadan olub. Körpəlikdən anasını, 6 yaşında atasını itirib. İbtidai təhsilini rus-tatar məktəbində alıb. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini bitirən Mikayıl Bakı məktəblərində müəllimliyə başlayıb, "Azərnəşr"də redaktor və tərcüməçi işləyib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Hazırda bu məktəb onun adını daşıyır. İlk şeirlər kitabı "Küləklər" üçüncü kursda oxuyarkən çap edilib. 1937-ci ilə qədər 9 kitabı çıxıb. "Çağlayan" adlı kitabını nəşr etdirmək ona qismət olmayıb. 1938-ci il yanvarın 6-da güllələnib.
Mikayıl Müşfiq irsinin araşdırıcısı Gülhüseyn Hüseynoğlu yazır: "Mikayıl Müşfiq itkisi xalq üçün ağırdır, yeganə təsəllimiz şairin qoyub getdiyi və xalqımızın göz-bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi olub. Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır Müşfiq. Axı bu, onun bir şair kimi ən böyük arzusu idi. Vətəndaş şair, cəsarətli idi Müşfiq.
Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədris olunması qadağan ediləndə "İnqilab və mədəniyyət" jurnalı özünün 1929-cu il 2-ci nömrəsindəki "Tar konservatoriyadan çıxarıldı" sərlövhəli xəbərində yazırdı: "Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur" yazanda Müşfiq sinəsini qabağa verdi, məşhur "Tar" şeirini xalqına bəxş elədi, tarın şöhrətini bir az da qaldırdı. "Tar" şeiri vətəndaş şairin uzaqgörənliyini göstərməklə bərabər, həm də sənətkar cəsarətini numayiş etdirən əsərdir. Müşfiq 20-ci illərin axırı, 30-cu illərin əvvəlində klassiklərimizə etinasızlığı görəndə qələmə sarıldı, "Yeni il" şeirində ürək sözlərini bəyan elədi: "Yazalım, özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim".
Axı Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevmiş, klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləmiş, bunların yaxşı ənənələrindən həmişə öyrənməyin, yeni şəraitdə onları davam və inkişaf etdirməyin ən ardıcıl tərəfdarlarından olmuşdu. Müasirini özünü dərk edən, mühitinin hadisələrindən baş çıxaran, "xalqilə titrəyən, xalqilə gülən..." görmək istəyən Müşfiq "Alqış varlığını duyan insana!" misrasını heç də təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın əzəli, əbədi, nəcib sifətlərindən biri əməyə məhəbbətdir. Məhz əməyə bağlılıq insanı torpağı layiqincə dərk etməyə, ona səcdə etməyə gətirib çıxarır.
Şairə görə əmək insana güc verir, insan gücü ilə yaşayışını asanlaşdırır, gözəlləşdirir. "Özündən alışan, özündən yanan, - hər sabah hamıdan erkən oyanan, iş başına qoşan" insanları şair bəxtiyar hesab edir".
Araşdırmaçı daha sonra hesab edir ki, milli musiqi alətlərimizin göz bəbəyi kimi qorunması və əmək mövzuları ilə yanaşı Müşfiq insanın böyüklüyü, maarif, müəllim nüfuzu, səfilsərgərdan həyat keçirən uşaqların himayəyə alınması, məktəblərə cəlb olunması, qayğıkeşlik, qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və onun tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, təmiz, saf məhəbbəti, ülviliyi və s. məsələlər haqqında da yazıb, tutarlı poetik sözünü deyib: "Ədəbiyyatın, sənətin bitib-tükənməyən, tükənməyəcək, əzəli və əbədi mövzusunda, sənətkarların bütün zamanlarda, dönə-dönə müraciət etdikləri bəşəri mövzuda, məhəbbət mövzusunda Müşfiq də yazıb-yaradıb.
Onun bu əsərlərində məhəbbətin sehri, ucalığı, sevdanın "sərin atəş"liliyi, ümid qapılarına dikilən baxışlar, sevən gəncin ürəyini dərindən tutub qoparan sevgilisinin gül əllərindən ərkyana giley-güzarı, şikayəti, "hicran ümidinə" qalmaq, hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb-yandırması, qəlbdə fırtınalar qoparması, məhəbbətin neçə-neçə çaları, rəngi, acısı, şirini öz ifadəsini tapmayıbmı? Müşfiqin duyğuları ürəkdən gəldiyi üçün də təsir edir, birbaşa ürəklərə gedir. Ayrı cür mümkün də deyil. Gözəl təbii mənzərələr, lirik peyzaj yaratmaq ustasıdır Müşfiq. Harahat bir sənətkar olan Müşfiq onu məşğul edən, düşündürən, nifrət və məhəbbətinə, kədər və sevincinə səbəb olan məsələlərin ecazkar ifadəsi üçün həmişə çırpınıb, rəngarəng mövzulu, məzmunlu poeziyasında əlverişli poetik formaların da olmasına çalışıb, bu sahədəki axtarışını heç vaxt dayandırmayıb. Ənənənin rolunu düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şeirinin, istərsə də klassik şerin poetik formalarına həmişə həssaslıqla yanaşıb, bunların çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müsəddəs), yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. poeziyasında işlədib. Şairin Qərb şeirinin poetik forması olan sonetə biganə qalmadığını, sonetlər yazdığını və yeri düşdükcə özünün də yeni poetik formalar yaratdığını qeyd etsəm, müəllifin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyi aydınlaşır".
Ədəbiyyatşünas Gülxani Pənahın fikrincə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq müasir Azərbaycan poeziyasının inkişafında mühüm rolu olan sənətkarımızdır. G.Pənah G.Hüseynoğlunun aqibətcə Müşfiq taleyini yaşadığını bildirir: "Mikayıl Müşfiq yaradıcılığının yenidən nəşrinə gərgin əmək sərf edən qələm sahibi Gülhüseyn Hüseynoğlu Müşfiq taleyinin, Müşfiq dərdlərinin, ağrı-acılarını, həyatının bir sıra məqamlarını yaşamış insandır. O da bir zamanlar Stalinizm siyasətinin dəhşətlərini yaşayıb, həbsxanaya atılıb, bəşəri fikirlərlə, amallarla yazıb yaradan Mikayıl Müşfiq kimi ölümə məhkum edilib, ancaq Stalinin "humanizm"i sayəsində SSRİ-də güllələnmə cəzası müvəqqəti ləğv olunduğundan, iyirmi beş illik həbs cəzası almış təsadüfi sağ qalanlardan, "baxtı" gətirənlərdəndir. Müşfiq az yaşadığı ömürdə elə əsərlər yazıb qoyub gedib ki, balaca bir şeiri belə xalqı azadlığa, istiqlaliyyətə çağırışdır, hər biri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və adların çəkmədiyim neçə-neçə ədib və sənətkarlarımızın çox zəngin yaradıcılığı var. Onlar özlərinin şəxsi həyatlarını unudaraq xalqı düşünənlərdir. Onların öz amalları, öz yolları var. O yol yalanlardan, şöhrətdən uzaq, uca bir yoldur. Onlar öz əsərlərində ancaq millətini düşünənlər, onu sevənlər, onun gələcəyi üçün narahatçılıq keçirənlərdir. G.Hüseynoğlu Azərbaycan ədəbiyyatının inkişafına yorulmadan çalışan, onun xoşbəxt gələcəyi naminə yazıb-yaradan, milli vətənpərvərlik duyğularının, amallarının qurbanı olanların yorulmaz tədqiqatçısı olub, konkret Müşfiqin əsərlərini tərtib edərək nəşr etdirib, "Müşfiq" kimi samballı elmi monoqrafiyasını, "Mikayıl Müşfiqin yaradıcılıq yolu" dissertasiyasını yazıb, onun yaradıcılığından bəhs edən ilk dərs vəsaitinin müəllifi olub, bu günə qədər onun yaradıcılığına, sənətinə pərəstiş edən, onun vurğunu olan müşfiqşünas kimi ədəbiyyat aləmimizdə tanınmaqdadır".
Azərbaycanın 30-cu illərdə repressiyaya məruz qalmış şəxsiyyətlərinin ömrünü araşdırmış Rəhman Babaxanlının fikrincə, repressiya deyəndə soydaşlarımız o saat 37-ci ili xatırlayırlar: "Ancaq bəşər tarixinin əksər səhifələri mahiyyətcə repressiya ilə doludur. Repressiyanın çeşidləri çoxdur. Bəşər tarixində ən qanlı terror sovet dövründə oldu: yüz minlərlə insanın qətlə yetirilməsi, sürgünlərə göndərilməsi. Əhməd Cavadın, Mikayıl Müşfiqin və başqalarının gələcəyinin əlindən alınması, istedadlarına qəsd də bu qəbildəndir. Almas İldırım, M.B.Məmmədzadə başlarını götürüb qaçdılar. Xoşbəxt taleli hesab edilən Səməd Vurğun da bütün acı-ağrıları yaşadı".
Repressiya mövzusunda araşdırmalar aparan professor Bədirxan Əhmədov hesab edir ki, tənqidçi H.Zeynallının 1923-cü ildə H.Cavidin "Peyğəmbər" dramına həsr olunmuş məqaləsi həm həcminə, həm də Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə görə özünə qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri hesab olunmalıdır: "Bu araşdırmaya səhv yanaşma nəticəsində şairin həbsindən 14 il əvvəl yazılmış bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib onu repressiya ilə əlaqələndirmək heç bir məntiqə sığmır. Yaxud H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək, o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu çıxışın müəllifi onun repressiyasında günahlandırılacaq. Halbuki bu çıxış repressiyadan üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqının 1-ci qurultayında (1934) C.Cabbarlı tərəfindən edilmişdi. Əgər biz istintaq sənədlərinin doğruluğuna inanmalı olsaq, repressiya olunanların işində onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər? Həbs olunanların demək olar ki, əksəriyyəti ifadələrində müstəntiqə uzun bir siyahı verirlər. Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı?"
30-cu illərin anoloqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də on minlərlə oxuma və yazma savadı olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə "alqışlandı", "satqınların", "xalq düşmənləri"nin mühakiməsi "tələb edildi".
Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud danos yazmasının üzərinə qoymaq olmaz. Bunu bütövlükdə sistemin adına yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində qalmış məqalələrə, fikirlərə isə metodoloji cəhətdən düzgün yanaşmaq ən doğru yoldur....

Uğur