“Nabat” Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb Mədəniyyət

“Nabat” Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb

"Nabat" bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından APA-ya verilən məlumata görə, film "Müstəqil Beynəlxalq Münsiflər Heyəti"nin rəyinə əsasən insan əzmliliyinin hekayəsini təsirli və dünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının "Mannheym-Heydelberq mükafatı"na layiq görülüb. Bu, festivalın üç əsas mükafatından biridir. "Nabat" bədii filmi həmçinin "Müstəqil Beynəlxalq Münsiflər Heyəti"nin "Beynəlxalq Kinotənqidçilər Mükafatı"na və Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən "Ecumenical Jury Award"a layiq görülüb. Mükafatların təqdimat mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.