Könlümün sevinci, qəmi bu torpaq... Mədəniyyət

Könlümün sevinci, qəmi bu torpaq...

Tanınmış şair-alim Adil Cəmilin 60 yaşı tamam oldu. Onun ilk şeiri "Bahar" 1970 ci ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk şeirlər kitabı "İşıqlar, pərvanələr" isə 1980-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Adil Cəmilin yaradıcılığında yurd həsrəti ayrıca yer tutur. 20 ildən çoxdur ki, o, Kəlbəcər itkisi ilə yaşayır. Onun şeirlərində bu dönəmdən sonra açıq-aşkar duyulan kədər motivinin səbəbi aydındır…

Yaylağım qovuşmaz, yaylam bitişməz,
Baharı gətirən bayram bitişməz.
İki parçalanmış laylam bitişməz-
Bölünmüş beşiyin körpəsiyəm mən.

Qaradağ, Qarabağ-qədim mahalım,
Al sınıq könlümü, qoyma yuxalım.
Yetər Savalana, yetər bu halım-
Yurdumun nisgilli Kəpəziyəm mən.

Yaramı açmayın-aranı açın,
Qəribdir qardaşım, yalqızdır bacım.
Bu tayda göyərən yaşıl ağacın
O tayda qaralan kölgəsiyəm mən.

Ömrümdən-günümdən baxan Arazdır,
Araz aramızdan axan Arazdır,
Desələr günahkar o xan Arazdır,
Arazı gözümdən səpəsiyəm mən.

Könlümdən sevinci, qəmi-bu torpaq,
Sünbülə döndərər dəni bu torpaq.
"Çiyninə aşırıb" məni bu torpaq-
O taylı, bu taylı heybəsiyəm mən.

Onun yaradıcılığı haqqında kitab yazmış tənqidçi Vaqif Yusiflinin fikirlərinə varaq: "İlk şeiri 16 yaşında, ilk kitabı isə 26 yaşında... Bir şairin ədəbiyyata gəlişi üçün bu on il kifayət qədər yetərlidir. Yəni Adil Cəmil hay-küylə, "mən varam" iddiası ilə ədəbiyyata gəlməyib. Onu poeziyaya gətirən daxili bir inam olub və bu inam Adilin bütün ömrü boyu onu tərk etməyən təvazökarlığı ilə qoşa adımlayıb". Onun fikrincə, Adil Cəmil elə ilk şeirlərindən həssas müşahidə qabiliyyətinə malik olan bir şair kimi diqqəti cəlb edirdi. Kənddən, təbiətdən, onun gözəlliklərindən söz açan şeirlərində işlənən detallar Adilin təsvir etdiyi obyektə dərindən bələd olduğunu sübut edirdi". V.Yusifli Bəxtiyar Vahabzadənin "Söz məcaza çevriləndə" məqaləsini xatırladır: "Məqalə Adil Cəmilin "Aylı gecə nağılı" kitabına öz söz kimi yazılıb, belə başlayırdı: "Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Söz sənətkarı bir mənalı sözlərə öz duyğu vəhəyəcanlarını yükləyəndə sözlər şeirləşir, nəğmələşir. Buna sözlərdən toxunmuş həyəcan, duyğu hörgüsü, yəni şeir deyilir". B.Vahabzadə Adil Cəmilin simasında ədəbiyyata təzə bir nəfəs gəldiyini, onun şeirlərinin xalq ruhundan süzüldüyünü söyləyirdi, gənc müəllifin şeirlərindəki ayrı- ayrı uğurlu misralar, ifadələr, təşbihlər haqqında ürəklə söz açırdı".
Kəlbəcərin ağır günlərində Adil Cəmil tez- tez ata yurduna, doğma ocağa baş çəkir. Amma o, Vətəndə qəriblik havası duyur: "Bu torpaq, bu meşə, bu dağlar mənim, Bəs niyə bağrıma basa bilmirəm. Yuvası dağılmış budaqlar mənim- Ay ellər, dərdimi yaza bilmirəm".
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu Adil Cəmilin ədəbiyyatşünas, publisist, başlıcası, şair kimi özünəməxsus keyfiyyətlərini belə dəyərləndirir: "Adilin ailmliyi də, publisistliyi də, tərcüməçiliyi də onun şairliyindən doğulub. Onun bütün fəaliyyət sahələrinin mərkəzində sözün sehri deyilən gövhər, maya var, hər şey oradan qidalanır. Adil Cəmilin publisistikasının özəyində də bir şair ovqatı var. Bədii təxəyyülü iştirak etməsəydi, o, tərcümələrini ortaya qoya bilməzdi. Adil Cəmil təkcə türk xalqları ədəbiyyatından yox, müxtəlif xalqların ədəbiyyatından (belarus, rus, moldav və s.) tərcümələr eləyib. Adil Cəmil "Manas eposu və türk dastançılıq ənənəsi" adlı əsərini yazıb. O əsərdə Adilin türk mədəniyyətinə böyük sevgisi var. Bu sevgi öz mayasını Kəlbəcər ədəbi mühitindən, xüsusən bu mühit üçün çox səciyyəvi olan aşıq sənətindən alır. Adilin 9 yaşınadək həyatı Kəlbəcərlə sıx bağlı olub. Bu müddət isə onun şair taleyində öz sözünü deyib. Adil Cəmilin ikicildliyini oxuyandan sonra onu bir şair kimi yenidən tanıdım. Kəlbəcərin işğalından sonra həsrət şeirləri yazmaq, əlbəttə, adi haldır. Maraqlı burasıdır ki, Adil Kəlbəcərin işğalına qədər də özünü bir həsrət şairi kimi təqdim edib. Onun belə bir misrası var: "Adım ayrılıqdır, həsrət oğluyam". Hesab edirəm ki, bu misra Adili bir şair kimi tanımaqda açar rolu oynayır".
Professor Kamran Əliyevin fikrincə, yaradıcı insan olaraq o, hərtərəflidir: "Adil Cəmil adidə qeyri-adini görə bilir. Şair bir şeirində "Ağaclar torpağın azadlığıdır" - deyir. Onun şeirlərində insan təbiətə qovuşur". Filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgər əsas diqqəti onun alimliyinə çəkir, ilk növbədə Adil Cəmilin manasşünas alim kimi toxunduğu məsələlərdən söz açır: "Onun "Manas" dastanındakı söyləyicilikdən yazması çox əhəmiyyətlidir. Adil Cəmilin "Manas"la bağlı tədqiqatı bizim türk dastan ənənəsi haqqındakı təsəvvürümüzü genişləndirdi".
Professor Nizami Tağısoyun fikrincə, Adil Cəmil "Manas"ı oxucuya elə çatdırır ki, hər kəs onun dediyini anlaya bilir. Araşdırmaçı Əli Şamil bildirir ki, onun milli şüuru yüksəldən, insana qayğı ifadə edən şeirlərini həmişə dəyərləndirib.

Uğur