“Kitabi-Dədə Qorqud” eposu -   3-cü yazı Mədəniyyət

“Kitabi-Dədə Qorqud” eposu -   3-cü yazı

“Dədə Qorqud” epos ənənəsinin “Kitabi-Türkmən lisani” oğuznamə əlyazmanın 2019-cu ildə müxtəlif adlarla üç nəşri və bu nəşrlərlə bağlı Türkiyədə, Azərbsycanda meydana gələn araşdırmalarla yeni beşinci mərhələsi başlanır. Belə ki, bir neçə ay əvvəl Türkiyə tədqiqatçısı prof. Mətin Ekici elm aləminə “Kitabi-Dədə Qorqud”un yeni əlyazmasının tapılması xəbərini duyurdu. Yeni əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi adlandıran alim mətnin, əsasən, soylamalardan və bir yeni boydan ibarət olduğunu göstərdi. “Boy”u “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” adlandıran M.Ekici onun “Kitabi-Dədə Qorqud”un 13-cü boyu olduğunu bəyan etdi.
Xəbər Dədə Qorqud dünyasına hər hansı şəkil və dərəcədə bələd olan insanların hamısını həyəcanlandırdı. Sosial şəbəkələrdə ilkin təəssüratları əks etdirən qızğın müzakirələr başlandı. Burada hər cür münasibəti ifadə edən rəylərə rast gəlmək olurdu. Bunun əsas səbəbi əlyazmanın İranda yaşayan hazırkı sahibi Vəli Məhəmməd Xocanın mətnin, özünün dediyi kimi, nə məzmunda olduğunu anlamaq, nə kimi bir əhəmiyyətə malik olduğunu bilmək üçün İranda və Türkiyədə müxtəlif adamlara (o cümlədən prof. Yusif Azmuna) verməsi idi. Əlyazmanın “Dədə Qorqud” eposu ənənələri ilə bağlılığını görən mütəxəssislər də, təbii ki, dərhal onu nəşr etdirmək, oxuculara çatdırmaq fikrinə düşdülər. Bununla da Türkiyədə “yeni türkoloji problem”in əsası qoyuldu. Türkiyə alimlərinin arasında əlyazma haqqında kimin ilk dəfə eşitməsi, Vəli Məhəmməd Xocanın kiminlə ilk dəfə əlaqə saxlaması, kimə və kimdən nə vaxt və neçə dəfə zəng olunması, başqa sözlə, “Kitabi-Dədə Qorqud”un “üçüncü nüsxəsinin” tapılmasında birincilik şərəfinin kimə məxsus olması haqqında amansız mübahisələr başlandı.
Vəli Məhəmməd Xocanın da bu prosesdə “göy muncuq kimdədirsə – odur” məsəlində olduğu kimi hərəkət etməsi sosial şəbəkələrdəki mübahisələri hətta təhqirlər səviyyəsinə qaldırdı. Türkiyə sahəsini əhatə edən və uzantıları Azərbaycanda da rezonanslar doğuran bu mübahisəyə qətiyyən qarışmadan, o cümlədən heç bir tərəf tutmadan, insaf naminə demək istərdik ki, bu yeni “Dədə Qorqud” oğuznaməsi haqqında xəbəri dünyaya ilk dəfə duyuran prof. Mətin Ekicidir. Ola bilər ki, Vəli Məhəmməd Xoca ondan əvvəl kimlərləsə əlaqə saxlayıb, əlyazmanı onlara göstərib və s., lakin onu elm aləminə ilk duyuran məhz məzkur kişidir.
Bu qızğın yarışmanın ilk mərhələsinin elm tarixi və ictimaiyyət üçün, sözün həqiqi mənasında, ən parlaq nəticəsi o oldu ki, əlyazmanın qısa bir müddət ərzində üç nəşri həyata keçirildi. Prof. Mətin Ekicinin, prof. Yusuf Azmunun və Ankara Universitetinin Sosial Elmlər İnstitutunun əməkdaşları Nasser Khaze Sahgoli, Valiollah Yaghobi, Shahrouz Aghatabai və Sara Behzadın başa gətirdikləri bu nəşrlər hər biri öz üstün tərtibat özəllikləri baxımından fərqlənməklə yanaşı, qorqudşünaslar, xüsusilə mətnşünas olmayıb, bu nəşrlər əsasında tədqiqat aparmaq istəyən müxtəlif sahə mütəxəssisləri üçün böyük töhfə oldu. Çünki hər bir mətnşünas əlyazma mətnini çapa hazırlayarkən ümumi tərtib prinsipləri ilə bərabər, öz fərdi yanaşma prinsiplərini də tətbiq edir. Bu halda isə bəzən ona əlyazmada “əhəmiyyətsiz” detal təsiri bağışlayan və üstündən etinasızcasına ötüb keçdiyi hər hansı element tarixi-mədəni baxımdan çox böyük elmi əhəmiyyət daşıya və hətta əlyazmanın özü və onun təqdim etdiyi informasiya ilə bağlı “açar” rolunu oynaya bilər. Yeni əlyazmanın birdən-birə üç nəşrinin həyata keçirilməsi və hər bir nəşrin öz keyfiyyətləri ilə fərqlənməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu cəhətdən, M.Ekici nəşrində fotofaksimilə ilə transkripsiyanın yanaşı səhifələrdə verilməsi, Yusif Azmunun soylamaların ritmik-sintaktik strukturunu onun tarixi fonomelodikasına (ozan-baxşı söyləyicilik, ifaçılıq üslubuna) uyğun şəkildə transkripsiya etməsi və əlyazmanın dilinin “türkmən” (türkman) ladını qoruması, N.X.Sahgölü, V.Yaqubi, Ş.Ağatabai və S.Behzadın əlyazmanın “Azərbaycan” ladını bütün etnolinqvistik təravəti ilə inikas etdirməyə çalışmaları, xüsusilə apardıqları yüksək elmi əyara malik dilçilik tədqiqatı əlyazmanın sonrakı araşdırıcılar tərəfindən “adekvat” şəkildə dəyərləndirilməsində böyük rol oynayacaq. Məhz bu nəşrlərlə və onlar ətrafında aparılan araşdırmalarla “Dədə Qorqud” epos ənənəsinin nəşri və tədqiqinin yeni mərhələsi başlanır.
Təbii ki, bütün bu nəşrlər, o cümlədən tez bir zamanda yazılan məqalələr “ilkin təəssüratları” əks etdirirdi. Tapılmış əlyazmanın yaratdığı həyəcan həm onun nəşrlərində, həm də bu barədə yazılmış məqalələrdə özünü, təbii olaraq, göstərdi. Əlyazma ilk andan “Kita-bi-Dədə Qorqud”un yeni (üçüncü) nüsxəsi elan olundu və bu zaman “nüsxə” termininin Türkiyə türkcəsində, o cümlədən Azərbaycan türkcəsindəki onunla eyni olan açıq-aydın mənasına (“bir-birinin eynisi olan yazılı şeylər, bir-birinin bənzəri, eynisi, surəti ) əhəmiyyət verilmədi. Bu da onunla nəticələndi ki, birmənalı şəkildə şifahi “Dədə Qorqud” eposu ənənəsinə aid olan bu yeni oğuznamə mətni “Kitabi-Dədə Qorqud”un nüsxəsi, yəni onun eynisi/kopyası olmadığı halda, onun nəinki variantı, heç olmasa, versiyası belə adlandırılmadı. Oğuzların öz Oğuz adı ilə adlandırıldıqları epoxanın məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanı ilə XVIII əsrin ikinci yarısı – XIX əsr “Türkman epoxasının” məhsulu olan “Kitabi-Türkmən lisani” oğuznaməsi bütün elmi prinsiplər ayaq altına atılaraq eyniləşdirildi. “Kitabi-Dədə Qorqud”un yeni əlyazması kəşfinin müəllifi olmaq ehtirası o qədər güclü oldu ki, dastan tipologiyasına malik olan “Kitabi-Dədə Qorqud”la tam fərqli funksional tipologiyaya malik olan əlyazma arasında bərabərlik işarəsi qoyuldu. Ekzoterik (hamı üçün açıq olan bədii-estetik) xarakterli mətnlə ezoterik (gizli, batini) mətn eyni məna sırasında təqdim olundu. Acınacaqlıdır ki, bir sıra qorqudşünas mütəxəssislər bu əlyazmaların fərqli tipologiyaya malik olmasını, intuitiv şəkildə olsa da, hiss etmələrinə, xüsusilə “nüsxə” məsələsində ifrata varılmasını açıq şəkildə görmələrinə baxmayaraq, elmi cəhətdən obyektiv mövqe tutmayıb, Türkiyə türkologiyasında yaranmış cəbhə xətlərinin “mərmi daşıyanı”, yaxud “topa güllə qoyanı” olmağı üstün tutdular.
Beləliklə, prof. Seyfəddin Rzasoyla birlikdə gəldiyimiz nəticəyə görə, “Kitabi-Türkmən lisani” oğuznaməsindəki soylamalar və “Salur Qazanın əjdahanı öldürməsi” süjeti heç bir halda “Kitabi-Dədə Qorqud”un 13-cü boyu olmayıb, Türkmən folklor fakturasıdır. “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması kimi elm aləminə təqdim olunub və mətnin içərisində “Kitabi-Türkmən lisani” adlandırmış əlyazma poetik strukturu etibarilə eposun Drezden və Vatikan nüsxələri ilə heç bir məqamda nüsxələşə bilmədiyi üçün onun nə üçüncü nüsxəsi, nə də üçüncü əlyazmasıdır. Bu məsələdə elm aləmi şifahi “Dədə Qorqud” eposu ilə onun konkret bir epoxada yazıya alınmış şəkli olan “Kitabi-Dədə Qorqud” abidəsini eyniləşdirməklə aldadılıb.
“Kitabi-Dədə Qorqud”un on birinci boyundakı Qazanın söylədiyi 2-ci nəğmə “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsinin kontaminativ işarəsi, yaxud düyünüdür. ”Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi bilavasitə yazılı abidə olan “Kitabi-Dədə Qorqud”un deyil, şifahi “Dədə Qorqud” eposunun kontaminativ əlavəsidir. Çünki “Kitabi-Türkmən lisani” də, “Kitabi-Dədə Qorqud” da bütün hallarda şifahi “Dədə Qorqud” epos nüvəsinin yazılı törəmələri – paradiqmalarıdır. Yəni “Kitabi-Türkmən lisani” birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun Türkman/Türkmən epoxasındakı davamıdır. Bu halda o heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması ola bilməz.
“Dədə Qorqud” Oğuz milli düşüncə sistemini bütövlükdə əhatə edən eposdur. Onun tarixən iki məna paradiqması var: Şifahi “Dədə Qorqud” dastanı: Bu, “Qorqud Ata” mifik nüvəsindən başlanan, Oğuz epoxasından keçən və oğuzların milli xalqlara diferensiasiya etdiyi dövrə qədər davam edən və sonra milli eposlara transformasiya olunan epik ənənədir. İki nüsxədən (Drezden və Vatikan) ibarət yazılı “Kitabi-Dədə Qorqud” dastanı: Bu, şifahi “Dədə Qorqud” dastanının konkret məkan-zaman nöqtəsində yazılı şəkildə qeydə alınmış şəklidir. Şifahi “Dədə Qorqud” dastanı minillər boyunca dəyişərək inkişaf etmiş, “Kitab-Dədə Qorqud” dastanı isə öz inkişafını donduraraq, əlyazma şəklində daşlaşıb.
“Kitabi-Dədə Qorqud”da əlyazmalaşmış mətn dastan funksiyasını yerinə yetirdiyi halda, “Kitabi-Türkmən lisani” oğuznaməsi funksional tipinə görə dastan deyil. “Kitabi-Dədə Qorqud”un ifaçıları – ozanlar, ifa mühiti – el şənlikləri, şölənlər, ziyafətlər, qonaqlıqlar və s., auditoriyası – geniş publika, Oğuz elinin ən müxtəlif təbəqələri, mətnin sakrallıq dərəcəsi – ekzoterik mətn tipi, yəni dinlənilməsi hamı üçün açıq olan, konkret olaraq hər hansı etnososial qrupa aid edilməyən, yaxud eşidilməsi, öyrənilməsi cəmiyyətin hansısa təbəqələrinə, qruplarına qadağan edilməyən mətn, mətnin etnopoetik tipi – oğuznamə, mətnin funksional struktur tipologiyası – bədii-estetik, əyləncəvi funksiyaya malik dastan olduğu halda, “Kitabi-Türkmən lisani”nin ifaçıları – baxşı/ozanlar, ifa mühiti – qırxlar məclisi; auditoriyası – qırx şagird; mətnin sakrallıq dərəcəsi – ezoterik mətn tipi, yəni dinlənilməsi yalnız konkret etnososial qrup (qırx şagird) üçün nəzərdə tutulan, inisiasiya ritualından keçməyənlə dinlənilməsi, eşidilməsi qadağan edilən mətn, mətnin etnopoetik tipi – oğuznamə, mətnin funksional struktur tipologiyası – sakral-mistik, gizlin-ezoterik funksiyaya malik ərgənlik törəsidir.
“Kitabi-Türkmən lisani” və “Kitabi-Dədə Qorqud” biri ezoterik, o biri ekzoterik funksional tipologiyaya malik mətnlərdir və bu səbəbdən onların hər ikisi şifahi “Dədə Qorqud” eposu ənənəsi ilə bağlı olsalar da, ezoterik “Kitabi-Türkmən lisani” oğuznaməsi tipoloji baxımdan ekzoterik “Kitabi-Dədə Qorqud” oğzunamələrinin üçüncü nüsxəsi, yaxud üçüncü əlyazması deyil. “Kitabi-Dədə Qorqud” oğuz tayfalarının dilində (“ala lisani taifeyi oğuzan”) olduğu kimi, “Kitabi-Türkmən lisani” də türkman tayfalarının dilində (“Türkman lisani”də, başqa sözlə, “ala lisani taifeyi türkman”) olan abidədir. Dədə Qorqud epos ənənəsi oğuzların yaşadıqları çox böyük arealda geniş yayılaraq əksər türk xalqlarının mədəniyyətində dərin izlər buraxmış və bütün dünyada əvəzi olmayan şifahi bədii yaradıcılıq hadisəsinə çevrilib.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru