Gəlimli, gedimli dünya... Mədəniyyət

Gəlimli, gedimli dünya...

Dədə Qorqud böyük hörmət və nüfuzuna görə Dədə titulunu qazanıb

Hanı, dediyim bəy ərənlər?
Dünya mənim deyənlər,
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya!

Qədim türk dünyasının mənəvi atası, keçmişdən və gələcəkdən xəbərlər verən, diləyi hasil olan, təbiətin bütün canlı və cansız nəsnələrinə ad verən, oğuz igidlərinin qəhrəmanlığına görə ad qoyan, nəhayət, üç Oğuz xanına vəzirlik edən, ozanlar ozanı Dədəm Qorqud min dörd yüz ildən bəri tarixi şəxsiyyətdən əfsanəvi azmana çevrilib qeyri-adi insan kimi unudulmayıb, bu gün də türk dünyasının ulu atası kimi öz yerini tutmaqdadır. Yaşadığımız minilliyin əvvəlindən başlayaraq Şərqin və Qərbin bir çox tarixçiləri, şərqşünasları, salnaməçilər, səyyahlar, xalq yaradıcılığı və ozan-aşıq sənətinin araşdırıcıları Qorqud ata haqqında çeşid-çeşid fikirlər söyləyib, dürlü-dürlü əfsanələr, rəvayətlər və nağıllar düzüb, qoşub, nəhayət, "Dədə Qorqud kitabı" adı ilə məşhur olan boyları ozanlar ustad-şəyird yaddaşında yazıya alınana qədər yaşadıblar.
Dədə Qorqudun adı, şəxsiyyəti, yaşadığı dövr ilk növbədə bu boylarda və müxtəlif oğuznamələrdə qorunub yaşanıb. Bizim möhtərəm qorqudşünasların bir qismi Qorqud Atanın tarixi şəxsiyyət kimi, bir qismi isə əfsanəvi ümumiləşmiş dastan kimi təqdim etmişlər. Sonuncular Dədə Qorqudun qəbrinin Qazaxıstanda, Türkmənistanda, Sır-dərya sahilində və Azərbaycanda da olduğuna əsaslanıb onun ümumiləşmiş bədii obraz olmasını əsas götürürlər. Elə bu başdan xatırladaq ki, Mövlananın, Yunis İmrənin, Molla Nəsrəddinin, hətta XVII yüzildə yaşamış Qaracaoğlanın hər birinin bir neçə qəbri bəllidir. Belə qəbirlər böyük şəxslərə xalqın onlara məhəbbətindən yaranıb. Koroğlu memar olmayıb, ancaq onlarla Koroğlu qalası bəllidir. Qəhrəman səfərləri zamanı hansı qalaya sığınıbsa, xalq həmin qalanı sonralar Koroğlunun adına çıxıb...
Dədə Qorqudun adı bütün türklərin yaşadıqları bölgələrdə min ildən bəri dolaşdığına görə onun adı ilə yerlər, yurdlar və qəbirlərin də olması təbiidir. Dədə Qorqudun tarixi şəxsiyyət olması, nə zaman yaşaması, hansı xanlara vəzirlik etməsi, ozanlar ozanı kimi söylədiyi öyüdlər tarix boyu yaşayıb, bu gün də yaşamaqdadır.
Oğuznamələrdə Qorqud Ata ilə bağlı məqamları xatırlamaq üçün ilk növbədə dastanın özünə müraciət etmək lazım gəlir. "Rəsul əleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud ata derlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı. Qaibdən dürlü xəbər söylərdi. Həqqtəala onun könlünə ilham edərdi. ...Qorqud Ata Oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa Qorqud Ataya danışmayınca işləməzlərdi. Hər nə ki, buyursa qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi". Deməli, Dədə Qorqud peyğəmbərin (570-633) zamanına yaxın – yəni VI yüzilin ortalarında oğuzların Bayat boyundan dünyaya gəlib. Bayat qəbiləsi oğuzların ən ulu, ən nüfuzlu, bütün qəbilələrin ehtiram göstərdiyi boy olub, türk dünyasına bir sıra böyük şəxsiyyətlər verib. Dədə Qorqud, Məhəmməd Füzuli, M.P.Vaqif, məşhur şair-aşıq Bayat Abbas, eləcə də xalq şeirinin ən çox yayılmış şəkli-bayatı, bir sıra muğam havaları – Bayatı-Şiraz Bayat qəbiləsinin adı ilə bağlıdır. Hətta böyük var-dövlət və nüfuz sahibi olanların adına bay və ya bəy titulu əlavə etmişlər, bu da güman ki, "bəy-ad-bayat" sözünün kökündən törəyib. Qaynaqlarda "Bayat" tanrı məqamına qədər ucaldılıb və etiqad edilib. Qorqud Ata Dədə Qorqud ləqəbini Oğuz tayfaları arasında qazandığı böyük hörmət və müdrikliyinə görə alıb. "Kitabi-Dədə Qorqud" dastanında deyildiyi kimi, Oğuz övladları 15 yaşa qədər ata adı ilə və ya şərti adla çağırılıb, sonralar qabiliyyətinə görə ad qazanıblar.
Qorqud atanın da uşaqlıqda adı Kərənçik olub (evin beli uzunu qoyulan əsas sütuna kərən deyilir). Güman ki, qəbilənin bel sütunu kimi Qorqud bu adla çağrılıb. F.Rəşidəddinin "Oğuznamə"sində deyilir: "...Hələ öz sağlığında padşahlığı oğlu Ala atlı Keş Dərnəkli Qayı İnal xana vermək istəyirdi. Qayı atasının adıdır. Onu şahlıq taxtına oturtdu. Qorqud Bayat nəslindən olub Qara Xocanın oğlu idi. Çox ağıllı, bilikli və kəramət sahibi bir kəs idi. İnal xan Sır Yavquyun dövründə meydana çıxmışdı. Bu sözləri söyləyənin dediyinə görə, iki yüz doxsan beş il ömür sürmüşdü. Onun gözəl sözləri, deyimləri və haqqında gözəl hekayətlər çoxdur. "Oğuznamə"nin şərh hissəsində deyildiyi kimi, "Qorqudun adı ilk dəfə yuxarıda haqqında söhbət gedən şəxslərin adı ilə birlikdə çəkilir". Ondan öncə heç bir qaynaqda xatırlanmır. "Oğuznamə"də verilmiş Oğuz xanlarının şəcərəsində Dədə Qorqudun vəzir olduğu İnal Sır Yavqu, Ala Atlı Keş Dərnəkli Qayi İnal xan, Göl Erki Xan-Tüman (Duman) növbə ilə xanlıq etmişlər. Qaynaqlarda deyildiyi kimi, Dədə Qorqud bu üç xana vəzirlik edib. Bu Oğuz xanları peyğəmbərdən bir az əvvəl, peyğəmbər dövründə və ondan sonra yaşamışlar.
Əbdül-Qazidə hadisələr belə təsvir edilir: "Qayi elindən Qara Xocanın oğlu Qorqud Atanın, Salur elindən Enksi Xocanın (Qazan xanın anasıdır) və Avaşban Xocanın başçılığı ilə bütün oğuz eli yığıldı və Qayı elindən olan İnal Yavqıyı padşah seçdilər. Onun vəziri Qorqud Ata idi. Və Qorqud Ata nə desə, padşah onun sözündən kənara çıxmazdı. Qorqud Ata bir çox qəribə işlər gördü. Yuxarıda göstərilən hadisələr 622-ci ildən sonra baş verir".
İstər oğuznamələrdə, istərsə boyalarda Dədə Qorqud eyni vəzifəni – mənəvi ata-imam vəzifəsini yerinə yetirir. XVII yüzilin məşhur türk səyyahı Evliyyə Çələbi də "Səyahətnamə" əsərində Dərbənddə olarkən Dədə Qorqudun qəbrini ziyarət etdiyini yazır: "Bir ziyarətgah da böyük Sultan Dədə Qorqudunkudur. Şirvanlılar bu Sultana pərəstiş edirlər". Buradaca məşhur qorqudşünasların da Dədə Qorqud haqqında fikirlərini söyləmək yerinə düşər. V.İ.Jirmunski: "O, özündən neçə il əvvəl olmuşlardan və özündən neçə il sonra olacaqlardan xəbər verərdi".
V.İ.Jirmunskinin dediyində böyük həqiqət vardı. Çünki Qorqud Atanın söyləmələrinə görə boylardakı hadisələr çoxdan olub. Ona görə də hər boyun sonunda şadlıqdan sonra "hanı gördüyün bəy ərənlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi" - deyə keçmişini xatırlayırdı. "Elə bir zaman gələcək ki, oğul atadan icazəsiz danışacaq, insanlar arasında hörmət-izzət qalmayacaq" – demişdi Dədə Qorqud. Bu qənaəti məşhur şərqşünas V.V.Bartold da qeyd edir: "O, qabaqcadan xəbər verib, elə bir zaman gələcək ki, ata-analar öz balalarına rəhm etməyəcək, uşaqlar öz valideynlərinə hörmət qoymayacaqlar, oğul öz atasının hüzurunda əmrlər verəcək".
Saydığımız bütün məziyyətlərilə yanaşı, Dədə Qorqud qəbilələrin mənəvi atası kimi bütün dini və mövsüm mərasimlərinə, toy və yas mərasimlərinə özü rəhbərlik edirdi.
Dədə Qorqudun hörmət və nüfuzu tanıyanlar arasında elə bir məqama çatır ki, hətta bütün canlılara və cansızlara, bitkilərə belə ilkin adı o verir. Hətta adqoyma ilə bağlı sonralar xalq onun haqqında mahnı da qoşmuşlar:

Gəlinə ayran demədi ol Dədə Qorqud,
Ayrana doyran demədi ol Dədə Qorqud,
İynəyə tikan demədi ol Dədə Qorqud,
Tikana sökən demədi ol Dədə Qorqud.

Mənbələrdə deyildiyi kimi, Dədə Qorqud həm də ilk musiqi aləti-qopuzun ixtiraçısı, ozanların atası, şeirin, sənətin himayəçisi kimi əbədiləşdirilib. Boylara və rəvayətlərə görə, ilk qopuzu Qorqud Ata düzəldib. O, elə bir musiqi aləti düzəltmək istəyir ki, bütün havaları onda çalmaq mümkün olsun. Həm də onun çaldığı havalar elə ecazkar qüdrətə malik olsun ki, hətta bu musiqi Əzrayılı razı edə bilsin. Qorqud Ata belə bir musiqi alətini-qopuzu düzəldir. Qopuz da onu qayıran Dədə Qorqud kimi müqəddəsləşir. Əfsanəyə görə, Dədə Qorqud qopuzda çaldığı sehrli hava ilə Əzrayılı da əfsunlayıb, onu yaxına buraxmayıb. Yalnız Qorqud Atanı yuxu apardıqdan sonra qopuz əlindən düşüb, bundan sonra Əzrayıl onun canını alıb.
Xatırladaq ki, Uşun qocanın böyük oğlu Əkrək əsir düşdükdən sonra kiçik qardaşı Səkrək böyüyüb qardaşını xilas etməyə gedir. O, Təkurun qoşununu məğlub edib, sonra yuxusunu almaq üçün çəmənlikdə yatır. Təkurun əmri ilə zindandan Əkrəki çıxarıb qardaşı Səkrəyin üstünə göndərirlər. Qardaşını tanımayan Əkrək onun belində qopuz olduğunu görür, buna görə də onu öldürmür. Qopuzu çala-çala oxuyub onu oyadır və deyir: "Mərə, kafir, Dədə Qorqud qopuzu hörmətinə çapmadım. Əgər əlində qopuz olmasaydı, anam başı üçün səni iki para qılardım".
Nəhayət, Dədə Qorqud ulu ozan, ozanların Dədəsi kimi şöhrətlənib. O, fitri istedadı, ağlı, uzaqgörənliyi və müdrikliyi ilə ifaçı ozanlardan fərqlənən hərtərəfli biliyə malik ustad sənətkar olub, böyük hörmət və nüfuzuna görə Dədə titulunu qazanıb.
Bütün yuxarıda xatırladığımız bilgilər Dədə Qorqudun VI-VII yüzillərdə yaşadığını söyləməyə əsas verir. Xatırladaq ki, böyük tarixi şaxsiyyətlərin qurub-yaratdıqları, insanlığa xidmət edən əzəli işləri, sonralar xalq tərəfindən sevilə-sevilə mübaliğəli dona bürünür, şəxsiyyət qeyri-adi, əfsanəvi ümumiləşmiş bir qəhrəmana çevrilir. Dədə Qorqud da möcüzələr yarada bilən əfsanəvi insana çevrilib. Dədə Qorqud öz əyyamının müdrik bilicisi olub qədim Şumer ("Bilqamıs" dastanı) İslam, Midiya mədəniyyətini "Avesta" abidəsini, Oğuz xaqan və başqa türk dastanlarını və ümumiyyətlə, xeyir-şər fəlsəfəsini öyrənib insanlıq naminə ən xeyir¬xah əməllərə xidmət edib. Dədə Qorqud bir əzəmi söz ustadı kimi sonrakı ozan-aşıq yaradıcılığına dərin təsir göstərib. Orta əsr ozanlarından Dədə Kərəmin, Tahir Mirzənin, Sarı Aşığın, Koroğlunun, Aşıq Cununun, Miskin Abdalın, Qəribin, Novruzun (Dədə Çoban), Qurbaninin, Qaracaoğlanın, Xəstə Qasımın hətta Ələsgərin sözlərində ulu ustadın ruhu görünməkdədir.
Qeyd edək ki, bizim günümüzdə də xalq arasında Dədə Qorqud və Dədə Qorqud nağılları yaşamaqdadır. 1968-ci ildə Bakı Dövlət Universitetində Dədə Qorquddan dərs keçərkən Əhmədli qəsəbəsində yaşayan Zeynəb adlı tələbəm nənəsinin çoxlu Dədə Qorqud nağılları bildiyini söylədi. Xahişimizlə o nağıllaradan birini - "Buğacın nağılı"nı yazıb gətirdi. Bu nağıl doğrudan da Dədə Qorqud boylarının ağızlarda yaşanan variantı idi. Təəssüflər olsun ki, vaxtında o nağılları bütövlükdə yazıya ala bilmədik. Zeynəbin nənəsi dünyadan getdi, o nadir inciləri də özü ilə apardı…

Qara Namazov
professor