Dil olmasa, varlıqda bütünlük gedər... Mədəniyyət

Dil olmasa, varlıqda bütünlük gedər...

Savalan xalqı yad millətlərin havasına uyub tarixini, soykökünü, milli dəyərlərini unutmamağa səsləyir

Savalan yaradıcılığında xalqın həyat eşqi, gələcəyə inamı, yaratmaq qabiliyyəti, xoşbəxtlik idealları əks olunur. 1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyasında Savalanın son dərəcə orijinal və nəhəng bir sima kimi ucalmasının da səbəbi budur. Əgər Savalanın əsərləri təkcə vətən xainlərini, satqınları, öz xalqına yuxarıdan aşağı baxanları ifşa etməklə məhdudlaşsaydı, onda onu zəngin bir xəzinəyə bənzətmək olmazdı. O, bir müddət işlənib sonra istifadəsiz qalan silaha bənzəyərdi. Lakin Savalanın sənəti indinin özündə də kəsərlidir. Bu, ona görədir ki, Savalan xalq həyatının bir çox mürəkkəb həqiqətlərini, fəlsəfəsini, insan mənəviyyatının ziddiyətli cəhətlərini parlaq bədii obrazlarla ifadə edib.
Savalanın yaradıcılığı dar çərçivəyə sığmır. O, sözün əsl mənasında xalqın şairidir, Azərbaycan xalqının şairidir və doğma xalqının arzu istəklərini misralara köçürür. Özü də bunları məhdud şəkildə, başdansovdu eləmir, şairlik kəramətinə dayanaraq hər sözü, hər misranı, hər ifadəni yüz dəfə ölçüb biçir, süzgəcdən keçirir və bununla da xalqın zövqünü oxşamayan heç bir şeyi saxlamır, yalnız xalqın ruhuna qida verə bilən kəlamları xalqının ixtiyarına verir. Savalan tənqid edir, ifşa edir, öyüd-nəsihət, tövsiyə verir. Xalqı şeytana uymamağa, yad millətlərin havasına uyub tarixini, yeddi arxa dönənini, soykökünü, adət-ənənələrini, milli dəyərlərini unutmamağa səsləyir, lakin bütün bunları sevərəkdən eləyir, onun əsərlərində rişxənd, ələ salmaq, eyib axtarmaq yoxdur.
Şair günəş kimi görünən həqiqəti söyləsə də bunu olduqca mədəni surətdə edir. Savalan fikirlərini geniş oxucu kütləsinə daha asan çat¬dırmaqdan ötrü zəngin xalq yaradıcılığı xəzinəsindən geniş surətdə istifadə edir. Şairin "Apardı sellər Saranı" poeması isə deyilənlərə ən parlaq sübutdur. Folklor motivləri şübhəsiz ki, şairin obrazlı təfəkkürünü daha da dərinləşdirmiş, ona ictimai məzmun vermişdi.
Savalan "Apardı sellər Saranı" poemasını İranda yaşayan azər¬baycanlıların tarixinə, mədəniyyətinə, keçmişinə, çox əsrlik ədəbi irsinə, mənəvi sərvətlərinə, doğma dilinə, milli-mənəvi dəyərlərinə ağır zərbələr vurulduğu bir dövrdə qələmə alıb. Xalqını, millətini, doğma dilini canından artıq sevən, milli dəyərlərinə, tarixinə, keçmişinə dərin hörmət və ehtiram bəsləyən şair, şah üsuli-idarəsinin, eyni zamanda fars şoviniziminin tüğyan etdiyi zamanda xalqına olan hədsiz məhəbbətinin ona verdiyi qeyrətə, cəsarətə dayanaraq, Azərbaycan xalqının keçmişini, mədəniyyətini, mənəviyyatını özündə güzgü kimi əks etdirən olduqca əhəmiyyətli, vacib bir əsər yaradıb.
Çoxlarına məlumdur ki, Azərbaycan xalqı daim saflığı, qəlbitəmizliyi, yüksək-mənəvi keyfiyyətlərə malik olması, mərdliyi, zəhmətsevərliyi ilə tanınıb. Savalan "Apardı sellər Saranı" poemasında məhz Azərbaycan xalqına xas olan nəcib sifətlərə geniş yer verib, Xan Çoban və Saranın timsalında canlı lövhələrlə, eyni zamanda poetik imkanlarının bütün vasitələrlə, şəkillərlə bir rəssam kimi cizgilərini cızıb. Şairin bu poemasına nəzər saldıqca oxucunun nəzərində silinməz izlər buraxan mənzərələrin şahidi oluruq. Savalan yaradıcılığında xalqın keçmişində gələcəyinə uzanan qırılmaz bir xətt vardır. Bu Savalan yaradıcılığından bir ana xətt kimi keçir. Olduqca qədim tarixə və mədəniyyətə malik olan xalqın adət-ənənəsini, həyatını, məişətini, folklorunu heyrətamiz bir şəkildə canlandıran şair, eyni zamanda folklorumuzun aparıcı qüvvəsi olan xalq şeirinin bütün incəliklərindən, poetik şəkillərindən, formalarından, qəliblərindən məharətlə istifadə edib, bununla yanaşı olduqca orijinal bir şəkildə özünəməxsus yeni cizgilər, ştrixlər yaradaraq həm mövzu, həm mündəricə, həm də mücərrədlikdən uzaq bir romantika etibarilə gələcəyə inamlı addımlar atır.
"Xan Çoban və Sara" adlı xalq əfsanəsinin motivləri əsasında qələmə alınmış "Apardı sellər Saranı" poeması şairin qələmilə əfsanədən real həqiqətə elə bir şəkildə çevrilir ki, oxucu bu əsərin əfsanə motivləri əsasında yazıldığına inanmır və sənədli bir həqiqəti gözləri ilə görürmüş kimi zənn edir. Xan Çobanla Saranın arasında ülvi bir eşq mövcuddur. Xalqımızın keçmişinə nəzər salsaq, əcdadlarımızın eşqi çox uca tutduğunu, dahi Nizami demişkən, "Eşqsiz bu dünyanın heç bir dəyəri yoxdur" prinsipi ilə yaşadıqlarını görərik. Xalqın ülvi hisslərinin, yüksək mənəvi keyfiyyətlərinin təcəssümü kimi Xan Çobanla Sara arasında olan eşq saf və pak mənəviyyat aynasıdır. Fəqət Ağa Soltan bu eşqin nurunu söndürmək, qırılması mümkün olmayan tellərini qırmaq istəyir. Lakin eşq ruhun təcəllasıdır. Əsl eşqi sığndırmaq, əsl aşiqləri bir-birindən ayırmaq qeyri-mümkündür. Öz yaradıcılığında hər şeyi dəqiqliklə ölçüb-biçən Savalan, xalqın ruhunun dərinliklərinə yaxından bələd olduğuna görə əsərini belə bir finalla bitirir. Saranın atası qızını yada qismət eləməməkdən ötrü onu öz əllərilə Araz çayında batırır və Arazın təlatümlü dalğaları ilə tarixin çoxəsrlik sinəsinə müqəddəs bir eşq dastanı yazılır.
Savalanın "Apardı sellər Saranı" poeması keçmiş Azərbaycan həyatının bütün yaxşı və pis cəhətlərinin, mənfi və müsbət qütblərinin bədii löhvələrlə əksidir. Yuxarıda qeyd olunduğu kimi Savalan poeziyası quru ənənəçiliyə uyan, məhəbbəti, həsrəti, nisgili mücərrəd şəkildə deyilmiş sözlər və ifadələrlə təsvir edən, dərin və hikmətli fəlsəfi fikirlərdən məhrum olan bir poeziya deyil. Savalan şah üsul-idarəsi bataqlığından yuxarı qalxıb mühitin mütərəqqi, poeziyada zidd cərəyanlara qarşı gedərək bu və ya digər dərəcədə həyatı əks edən, həyatla, ictimai çarpışmalarla bağlı əsərlər yaradıb.
Savalanın əsərləri hikmətamizdir. "Hədər olmaz" qəzəlində şair bir çox əsərlərində olduğu kimi insanları yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərliyə, doğma dilini sevməyə, elm arxasıyca getməyə səfərbər edir:


Gör hümməti olsa kişi ömrü hədər olmaz,
Hümmətsizin heç yerdə sözündə kəsər olmaz.
Sən istəmiş olsan da el içrə ola qədrin,
Səy et elin uğrunda ki, bundan zərər olmaz.
Sən yurduna yan, yan elüvə, yanmalı vaxtdır,
Doğma dilüvə yansan əgər bisəmər olmaz.
Bax gör səni dünyada tanırlar bu dil ilə,
Dil olmasa, varlıqda bütünlük gedər olmaz.
Sən tut elini, tap özünü, bil, yaşa düzgün
Hər iş görəsən, bil ki, hədəsiz əsər olmaz.
Aç gözlərini, elmü-maarif çağırır bax,
İnsan tanınan kimsə belə bibəsər olmaz.
Sən ey Savalan, yatmışdınsa ayıl indi,
Qəflət yuxusunda yaşayan bəxtəvər olmaz.


Qəzəlin mündəricəsini, estetik idealını təşkil edən bu cür müdrik həyati fikirlərə yalnız sadə nəsihət, ritorik nidalar kimi baxmaq olmaz. Çünki bu fikirlər ehtirasdan, hissdən, duyğudan ayrı deyilməyib, hiss şəklində ifadə olunub. Yəni hissi konkretlik, obrazlılıq əsərin əsas bədii xüsusiyyətidir. Bütün bunlar şairin şəxsi duyğuları şəklində ümumiləşdirildiyindən, insanın yalnız mənəvi həyatına deyil, cismani, bioloji həyatına aid bir çox müşahidələri əks etdiyi üçün olduqca təbii və inandırıcıdır:


Qızıl günəş işıq salıb,
Min çiçəklə gəlib bahar,
Atalardan bir söz qalıb,
Hər gecənin gündüzü var.

Söz bura çatdı qoy deyim,
Sabirə yüz rəhmət ola,
Həqqi deyib, qəbri onun,
Həşrə kimi nurla dola.

Sən deyən olmayıb hələ,
Arxa su dolmayıb hələ,
Köhnədən çox əsər durur,
Rəngi də solmayıb hələ.

Atalar da böylə deyib,
Yaxşıdan yaxşılıq törər,
Hər eli sən ağırlasan,
Öz elin də hörmət görər.

Bayatı formasında yazılmış bu poemada çox dərin mənalı müşahidələr, müdrik həyatı fikirlər və hikmətamiz düşüncələr öz əksini tapıb. Poemada tez-tez atalar sözlərindən, zərb misallardan peşəkarlıqla istifadə eləyən, eyni zamanda folklor motivlərindən bir an belə kənara çıxmayan, bir çox cənublu şairlər kimi dahi Sabiri özünə ustad hesab eləyən Savalan olduqca yığcam, lakonik bir şəkildə, eyni zamanda poetik qəlibdən tamamilə kənara çıxmayaraq böyük sevgi ilə yad edib, onun yalnız həqqi söylədiyini dilə gətirir və həşrə, yəni qiyamət gününə qədər onun qəbrinin nurla dolmasını arzulayır.


Savalanın poeziyasında folklor motivləri ümumi mövzu vüsətinə, ictimai-siyasi və fəlsəfi-əxlaqi dərinliyə malikdir. Şairin poeziyası böyük sənətkar nəfəsilə isindiyindən, vətənpərvərlik duyğuları şəklində tərənnüm olunur:

Hərdən duyuram ki, mənim ömrüm hədər oldu,
Çox sevdiyim ellər dağılıb dərbədər oldu.
Bax kim, yanıram yurduma haqsızlıq ucundan,
Gör yurdumun oğlanları küskün kədər oldu.
Yadlar dedilər: "İndi bizik sizlərə hakim",
Odlar evini özgələr artıq güdər oldu...

Həsən Məcidzadə Savalanın yazdığı bayatılarda novatorluq özünü qabarıq şəkildə göstərir və müasir şeirimizdə bədii novatorluğun müxtəlif formalarından birini təşkil edir. Onun bayatıları xalq ədəbiyyatından mayalanmaqla yanaşı, öz oxucusuna ana dilini əziz tutmağı, yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik olmağı, yaşadığı torpağı, vətəni sevməyi, mərd-mərdanə yaşamağı tövsiyə edir.
1950-1980-ci illər Cənubi Azərbaycan ədəbiyyatında Ələkbər Pəkzad Həddadın xüsusi yeri var. O, Sabir məktəbinin, Sabir yolunun ən fəal davamçılarından olsa da, yaradıcılığının parlaq xüsusiyyətləri ilə heç kəsə oxşamayan, heç kəsi təkrar etməyən novator keyfiyyətləri ilə başqalarından seçilmişdir. Bu orijinallıq, bu novatorluq Həddadın əsərlərinin həm mündəricəsinə, həm əks etdirdiyi həyat lövhələrinə, həm də obrazlar silsiləsinə, bədii boyalara aiddir. Həddad Cənubi Azərbaycan ədəbiyyatının ictimai fikir çərçivəsini genişləndirməkdə, xalq həyatını, adət-ənənələrini, mənəvi ehtiyaclarını, dərdlərini, sevinclərini göstərməklə, kəskin, əhatəli, qollu-qanadlı bir poeziya mənzərəsi əks etdirib. Məsələ burasındadır ki, şairin qələmi daim xalq çeşməsindən su içərək, xalq adət-ənənələrini, arzu-istəklərini, amal və ideallarını tərənnüm etmişdir. Şairin əsərləri o qədər mənalı, o qədər orijinaldır ki, onları ancaq böyük istedad sahibləri yarada bilər. Həddad üslub, dil, bədii ifadə və sənətkarlıq cəhətdən böyük bir novator kimi çıxış edərək Azərbaycan xalqının milli koloritini ədəbiyyata gətirib.

Vüqar Əhməd
professor