Ustad aşıqlar… Mədəniyyət

Ustad aşıqlar…

Ustad aşıqlar və ya el şairləri yaratdıqları ədəbi irsdə öz müəlliflik hüququnu, yəni adlarını qoruyub saxlamaq üçün müxtəlif üsullardan istifadə ediblər. Aşıq qoşduğu şeirin möhürbəndində öz adını və ya təxəllüsünü bildirir. Epik yaradıcılıqda və ya dastanda isə aşıq daha çox əsas qəhrəman kimi iştirak edir. Dastanın məzmunundan asılı olmayaraq əsas cəfakeş aşiq müəllifin öz adını daşıyır: "Əsli-Kərəm", "Aşıq Qərib", "Qurbani", "Abbas və Gülgəz"; hətta XIX əsrin ustad aşıqları Şəmkirli Hüseynin "Hüseyn və Reyhan", Aşıq Valehin "Valeh və Zərnigar", Aşıq Ələsgərin "Ələsgər və Həcər xanım", Aşıq Məhəmmədin "Məhəmməd və gürcü qızı" dastanları yaranıb. Dövrümüzün aşıqları da "Şəmşir və Sənubər", "Bəhmən və Humay", "Soltan və Qəndab" və bir çox dastanlarda bu ənənəyə sadiq qalıblar. İkinci qisim dastanlarda isə müəllif-aşıq əsas qəhrəmana kömək edən xeyirxah bir surət kimi iştirak edirlər. Şübhəsiz, "Koroğlu"da Aşıq Cünunun, "Mahmud və Nigar"da Qaracaoğlanın, "Novruz-Qəndab"da, "İbrahim"də, "Alı xan və Pəri xanım"da Dədə Çobanın və ya Budaq Dədənin (əslində eyni şəxsdirlər – Q.N.) müəlliflik hüququnu inkar etmək olmaz. Əlbəttə, bu, dastanın ilk variantına aiddir. Sonra dastan dildən-dilə düşdükcə yeni-yeni variantlar əmələ gəlir.
Aşıqlar yazılı ədəbiyyatda olduğu kimi öz adlarına doğulduğu diyarın və kəndin də adını əlavə ediblər: Dirili Qurbani, Tikmədaşlı Xəstə Qasım, Varxiyanlı Aşıq Məhəmməd, Şəmkirli Hüseyn, Göyçəli Ələsgər və b. Bu titullar hətta onların ünvanlarını yaşadıqları yerə görə müəyyənləşdirməyə imkan verir. Aşıqlar belə bir üsuldan bəstələdikləri havalarda da istifadə ediblər. Aşıq yaratdığı havanı ustadının, məşhur bir tarixi şəxsiyyətin, yaşadığı diyarın, mənsub olduğu tayfanın və özünün adı ilə adlandırıb: "Mansırı", "Yanıq Kərəmi", "Kərəm gözəlləməsi", "Cəngi Koroğlu", "Hüseyni", "Şah Xətai, "Cəlili", "Heydəri", "Dilqəmi", "Urfanı, "Məmmədhüseyni", "Varsağı", "İrəvan çuxuru", Şərili", "Ovşarı", "Qaraçı", "Naxçıvanı", "Göyçə havası", "Borçalı", "Qarabağ qaytarması", "Şirvan şikəstəsi" və s. Ustad sənətkarların və el şairlərinin yaratdıqları bütün bu ədəbi irsi ilk növbədə ifaçı aşıqlar öyrənib, məclislərdə ifa edib, yetirmələrinə də öyrədiblər.
Aşıq sənəti məlum müəlliflərinə görə şifahi xalq ədəbiyyatından fərqlənir. Orta əsrlərin yaşamış məşhur aşıqlarından Kərəm, Sarı Aşıq, Qərib, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım divan müəlliflərinə nisbətən xalqa daha yaxın olublar. Aşıq sənətinin belə hörmət və nüfuz qazanması nəticəsində yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəb yarandı: Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbi. Aşıq sənəti qərb regionlarında (Göyçə, Şəmkir, Tovuz, Qazax, Gəncə, İrəvan, Gədəbəy, Naxçıvan, Borçalı və başqa yerlər) geniş yayılıb inkişaf edib, həm də ozan ənənəsini qoruyub yaşadıb. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. Saz havalarında isə aşiqanə gözəlləmələrin ifasında lirik melodiyalardan, dastan yaradıcılığında isə epik melodiyalardan istifadə olunur.
Qərb regionlarında inkişaf edən aşıq məktəbləri bir-birindən az fərqlənir. Onların bəzilərində nəfəsli musiqi alətlərindən istifadə olunsa da, saz öz üstünlüyünü qoruyub saxlayır, aşığın rəqsi ahəngdardır, sözü sazı üstələmir. Şərq aşıq məktəbi isə nisbətən şəhər mühiti ilə (Şirvan şahlığı və Bakı mühiti nəzərdə tutulur) təmasda olduğundan saza qoşulan nəfəsli və zərb alətləri aşıq havalarına muğam və başqa xalq melodiyaları motivləri gətirib, onun mündəricəsini xeyli dəyişdirib.
Cənub aşıq məktəbi isə həm ifaçılıq, həm də sənətkarlıq baxımından hər iki aşıq məktəbindən fərqlənir. Elmi ədəbiyyatda çox danışıldığından bu barədə söz demirik. XVII-XVIII əsrlərdə aşıq sənətinin şöhrəti elə sürətlə yayıldı ki, hətta Yaxın Şərqin bir sıra başqa xalqları – erməni, gürcü, kürd, ləzgi və b. içərisindən görkəmli aşıqlar yetişdi. Bu aşıqlar əsasən azərbaycanca şeir qoşur, Azərbaycan aşıq havaları üzərində oxuyur, tədricən dastanları öz dillərinə çevirir, şeirləri isə orijinalda olduğu kimi saxlayırdılar. "Koroğlu", "Əsli-Kərəm", "Aşıq Qərib", "Tahir-Zöhrə", "Şah İsmayıl" və b. bu yolla qonşu xalqlara da keçdi.
Aşıq sənətində yazıya almaya qədərki bütün dövrlərdə musiqini, şeiri, epik dastan yaradıcılığını, müxtəlif formalı xalq ədəbiyyatı nümunələrini yaddaşa həkk edib nəsil-nəsil yaşatmaq qanuna çevrildi. Bu, sənətin tələbindən doğan qanun idi. Çünki aşıq məclis aparanda xalq qarşısında saatlarla, bəzən bir neçə gün dalbadal çalıb oxumalı idi. Buna görə də istər-istəməz ifaçı aşıq ustadların yaratdığı yaxşı nə varsa əzbərdən bilməlidir. Aşığa bəzən məclislərdə bu və ya başqa şeiri, dastanı ifa etməyi sifariş verirlər. Aşıq bu sifarişi yerinə yetirə bilməsə, bir daha məclis keçirə bilməz. Mükəmməl qabiliyyətə, gözəl səsə və mahir ifaçılıq məharətinə malik olan sinədəftər ifaçı aşıqlara da ustad aşıq deyirlər. Hətta xalq onları canlı kitab adlandırır. Bu "canlı kitablar" yüzlərlə zəngin mündəricəli aşıq havalarını, çox mürəkkəb şəkilli aşıq şeirini, geniş məzmunlu dastanları, möhtəşəm "Koroğlu" eposunu bu günümüzə qədər yaşadıb gətiriblər.
Azərbaycan mədəniyyəti və incəsənəti tarixində xüsusi yer tutan aşıq sənəti qədim keçmişə və zəngin ənənələrə malik olsa da, XVIII əsrdən sonra yazıya alınmış, XIX əsrdən çap olunmağa başlamış, sonrakı dövrlərdə isə dövlət tərəfindən himayə olunub, ona qayğı göstərilib. Aşıq sənəti tədqiq edilib öyrənilib, aşıqların ədəbi irsi çoxcildli toplularda işıq üzü görüb, aşıq havaları lentə köçürülüb, ayrı-ayrı aşıqların yaradıcılığı kitab şəklində oxuculara təqdim olunub. Aşıqlar yaşadığı rayonun mədəniyyət evlərinə cəlb olunur, radio və televiziyada, konsert salonlarında çıxış edir, ölkəmizin bütün mədəni tədbirlərində təmsil olunurlar.
Aşıq sənətinin möhtəşəm abidələri – "Koroğlu", "Əsli-Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" dastanlarının süjeti əsasında məhşur opera əsərləri yaradılıb. Aşıqların beş qurultayı keçirilib (birinci qurultay 1928-ci ildə, ikinci qurultay 1933-cü ildə, üçüncü qurultay 1961-ci ildə, dördüncü qurultay 1984-cü ildə, beşinci qurultay isə 2009-cu ildə), dördüncü qurultayda Azərbaycan Aşıqlar Birliyi (AAB) yaradılıb. Öz ədəbi keçmişinin ən yaxşı ənənələrini yaşadan, xalqın ürəyindən axıb gələn müasir aşıq yaradıcılığı qaynar bir həyat keçirir. O, bu gün ədəbiyyat və incəsənətin geniş addımları ilə ayaqlaşır. Bugünkü aşıq sələflərinə nisbətən yeni məziyyətlərə malikdir. Onlar hər şeydən əvvəl müəyyən təhsil görmüş, mədəni inkişafa meylli insanlardır. Onlar təkcə çalıb oxumaqla kifayətlənmir, eyni zamanda qoşduğu şeirlərin üzərində dönə-dönə işləyib onu cilalaya bilirlər. Bizim aşıqlar yalnız toy və mərasimlərdə deyil, həmçinin xalq teatrlarında, filarmoniyalarda, böyük konsert salonlarında dəstələrlə çıxış edirlər.
Bu ansambllara vaxtilə Aşıq Əkbər, Aşıq İmran, Aşıq İsfəndiyar, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Hacı kimi tanınmış saz-söz ustadları rəhbərlik etmişlər. Qocaman ustadlardan Hüseyn Cavan, Bisavad Teymur, Miskin Vəli, Aşıq Əmrah, Aşıq Avdı, Saraclı Hüseyn, Azaflı Mikayıl, Aşıq Müseyib, Aşıq Məhərrəm və başqaları biliklərini yeni nəsildən əsirgəməyiblər.
Aşıq sənətindən söz düşəndə üç kəlmə yada düşür: Aşıq, saz, söz!..
Aşıq deyəndə məhəbbət alovunda alovlanan Kərəm yada düşür. Pərisini gözləməkdən gözləri yollara dikili qalan nakam Qurbani yada düşür. Sevgilisi əlindən alınmış Tufarqanlı Abbas yada düşür, məhəbbətini Vətəndə qoyub, məhəbbətinə qovuşmaq üçün qərib ellərdə dolaşan Qərib yada düşür. Tellisini itirən Dilqəm yada düşür...
Aşıq deyəndə telli saz yada düşür: Telli saz deyəndə Yanıq Kərəm, Zarıncı Kərəm, Dilqəmi, Gəraylı, Göyçə gülü, Qəhrəmanı, cəngi Koroğlu... gözəlləmələr yada düşür... Aşıq deyəndə saz yada düşür: Qurbaninin boynubükük "Bənövşə"si, Abbasın gəraylıları, Xəstə Qasımın, Valehin indi də açılmamış bağlamaları, Alının, Şəmşirli Hüseynin, Ələsgərin nəsihətləri, ustadnamələri yada düşür...
Aşıq deyəndə qədim bir sənət məbədi yada düşür, saz yada düşür, söz yada düşür...
Aşıq sözü bir titul kimi XI-XII əsrlərdən bəllidir.
Hələ XII əsrdə aşıq tərzli şeirin bitkin nümunələri yaranıb. XIII əsrdə Aşıq Paşa (1272-1333) aşıq sözünü titul kimi daşıyırdı. XV-XVI əsrlərdə də Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq İbrahim bu titulu gəzdiriblər. Bir istilah kimi "aşıq" sözünün mənasına gəldikdə indiyə qədər deyilən fikir və mülahizələri üç qismə bölmək olar:
1. Aşıq – ərəb dilindəki "aşiq" sözündən olub vurulmaq, məhəbbət bağlamaq, bənd olmaq deməkdir. Ü.Hacıbəyov aşıq sənətinə dair məqalələrində bu fikri dəfələrlə xatırladıb. Aşıq Tələt və H.K.Qədri də əsasən bu fikirdədirlər.
2. "Aşıq" sözü türkdilli xalqların "işıq" sözündəndir. V.Çələbi "eşq" və "aşiq" sözlərinin türkcə "işıq" sözündən əmələ gəldiyini xatırlatmaqla bərabər, aşığın "ürəyi eşq ilə yanan, qəlbi məhəbbətlə nurlanan kimsə" adlandırıb. F.Köprülü də "aşıq" sözünün türk dillərində işlənən "işıq" sözündən olduğunu söyləyir və belə hesab edir ki, işıq, nur, haqq, "haqq aşığı" orta əsr təriqətlərinin (qələndəri, bəhayi, bəktaşi, hürufi və b.) rəmzi mənası, əqidəsidir.
F.Köprülü ilə eyni mövqedə dayanan V.Qordlevski yazır: "Qələndəri XVI əsrdə çox geniş yayılmış istilah olan "işıq" adlandırırlar. Burada bəlkə də türkcə "od" demək olan "işıq" sözü ilə ərəbcə "allaha məhəbbətlə yanan" demək olan "aşiq" sözünün kontaminasiyası baş verib.
3. "Aşıq" sözü "aşılamaq" sözündən əmələ gəlib. M.H.Təhmasib "aşıq" sözünün çoxçalarlığından bəhs etməklə yanaşı, "aşıq" sözünün aşılamaq sözündən əmələ gəlməsinə daha çox diqqət yetirir və yazır ki, "Aşiq"in kökü ərəbcənin "eşq", "aşığ"ın kökü isə, bizcə, türkcədə indi artıq tamamilə arxaikləşmiş olan qədim "aş"dır. Bu sözün öz fikrini, məqsədini, istəyini başqalarına təlqin etmək mənasında işlədilən "aşılamaq" forması bu saat da dilimizdə işlənməkdədir.
M.H.Təhmasibin dediklərində uyğunluq var. "Aşula" aşıq havasının olması da bunu təsdiq edir. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, aşiq – aşıq – aşılamaq sözləri şəkilcə bir-birilərinə bənzədikləri kimi, daxili məzmun və mahiyyət etibarilə də yaxındırlar. Deməli, aşıq istər-istəməz işıqdan, nurdan, günəşdən nəşət tapır, qopuzu müqəddəs, diləyi hasil olan Dədə Qorquda sığınır, özünü onda tapır. Bununla da Dədə Qorqud aşığın özülü və nüvəsi olaraq qalır.

Qara Namazov
professor