“Azərbaycan Dəmir Yolları” lokomotiv parkını yeniləyir İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” lokomotiv parkını yeniləyir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti lokomotiv parkının yenilənməsi istiqamətində aparılan işlərə dair hesabat yayıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Qazaxıstan Respublikasının "Lokomotiv quraşdırma" Səhmdar Cəmiyyəti arasında imzalanan müqaviləyə uyğun olaraq 2 ədəd TE33A "Evalution" tipli teplovoz Azərbaycana gətirilib.
Bununla da Azərbaycana gətirilən TE33A "Evalution" tipli teplovozların sayı 5 ədədə çatıb. Bu teplovozların birincisi bu il avqustun 3-də də Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib, ikisi isə oktyabr ayında Azərbaycana çatdırılıb. Hazırda sayları 5 ədədə çatmış TE33A "Evalution" tipli teplovozlar müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyYatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır. Bu teplovozlar yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılıb, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib. Bu teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
Bundan başqa, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Estoniya Respublikasının "Hanseatic Rail LLC" şirkəti arasında bağlanmış müqaviləyə əsasən 4 (dörd) ədəd yeni quraşdırılıb, müasir VL-11m6 seriyalı elektrovoz alınıb. Bu elektrovozlar 2014-cü ildə istehsal edilib, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir. Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılıb, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib. Yeniləşmə prosesi davam edir.