İqtisadçılardan dövlətə büdcə ilə bağlı təkliflər İqtisadiyyat

İqtisadçılardan dövlətə büdcə ilə bağlı təkliflər

İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin ekspert qrupunun rəyi dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2016-cı ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.
Rəyin hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur:
"2016-cı ilin dövlət büdcəsi proqnozunun təhlili və qiymətləndirilməsi əsasında belə bir qənaətə gəlirik ki, gələn ilin dövlət büdcəsi devalvasiya və inflyasiya büdcəsidir. 2015-ci il ərzində milli valyutanın ikinci devalvasiyası da 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsinin icrasında gözlənilən (yuxarıda qeyd edilən) problemləri aradan qaldıra bilməyəcək.

Manatın bu və bundan sonrakı dəyərsizləşməsi ölkəyə daxil olan neft gəlirlərinin manat ifadəsində artımını təmin etsə də, ölkə iqtisadiyyatında böhran dərinləşməkdə davam edəcək, əhalinin sosial vəziyyəti, biznesin və bank sektorunun durumu daha da ağırlaşacaq. Yuxarıda qeyd edildiyi kimi, milli valyutanın devalvasiyası və inflyasiya şəraitində əhalinin gəlirlərinin və pensiyaların indeksləşdirilməsi üçün büdcədə əlavə vəsait nəzərdə tutulmayıb, iqtisadi fəallığın artırılması üçün hökumətin əlavə investisiyalar imkanı isə son dərəcə məhduddur.

Ölkənin neft gəlirlərinin azalması və qeyri-neft inkişafının prioritet elan edildiyi indiki şəraitdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi üçün aşağıdakıları təklif edirik:

1) ARDNF-dən dövlət büdcəsinə transferlər üzrə limit tətbiqinə başlanılsın, həmçinin neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipinə (gəlirlərin azı 25 faizinin yığıma yönəldilməsi) əməl olunsun;

2) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və digər iri dövlət şirkətləri üzrə vergi proqnozları tədiyə növləri üzrə açıqlanması təmin edilsin;

3) Özəl və dövlət sektoru üzrə büdcə daxilolamalarının proqnozu tədiyyə növləri üzrə açıqlansın;

4) Ölkənin rayon və şəhərləri üzrə vergi proqnozlarının tədiyyə növləri üzrə açıqlanması məqsədəuyğundur;

5) Dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyələşdirilən bütün layihələr üzrə detallı məlumatlar büdcə zərfinə daxil edilsin;

6) Dövlət büdcəsi hesabına ödənilən dövlət borcları ilə bağlı detallı məlumatlar, o cümlədən borcun ödəndiyi subyektlər, onların hər biri üzrə əsas və faiz borcu, borcun təyinatı, borc müqaviləsinin başlanma və bitmə tarixi barədə bütün informasiyalar büdcə zərfinə daxil edilsin;

7) Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılsın, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilsin, habelə bütün büdcə sifarişlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilsin;

8) Son nəticələrə yönəlik büdcə planlaşdırılması mexanizminə keçid təmin edilsin, büdcə proqramlarını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəriciləri, həmçinin səmərəlilik və keyfiyyət indikatorları işlənilsin və büdcə zərfinə əlavə edilsin;

9) Dövlət xarici borcunun sürətli artımının qarşısı alınsın, xüsusilə dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici kreditlər cəlb etmələrinə sərt məhdudiyətlər müəyyən edilsin;

10) Prioritet elan edilən istiqamətlər, xüsusilə sahibkarlığın inkişafı, mənzil-kommunal sektoru və infrastruktur layihələrinin dəstəklənməsi sayəsində əldə olunan real nəticələrlə bağlı səmərəlilik və nəticəlilik hesabatları hazırlansın və Parlamentə (habelə ictimaiyyətə) təqdim edilsin;

11) Büdcə siyasətində yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin həcminin müəyyən edilməsi zamanı şəhər və rayonların yerli gəlirlərinin həcminin stimullaşdırıcı amil kimi nəzərə alınması məqsədəuyğundur;

12) Dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisə təqdim edilən büdcə zərfinə büdcənin gender təhlili və ekspertizası əlavə edilsin. Bunun üçün büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı xüsusi normativ hüquqi sənədlərin qəbul edilməsi zəruridir;

13) Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında qəbuluna təminat verən hüquqi mexanizmlərin formalaşdırılsın".