“Dünya iqtisadiyyatında resessiya təhlükəsi yarana bilər” İqtisadiyyat

“Dünya iqtisadiyyatında resessiya təhlükəsi yarana bilər”

“Əslində Avropa ilə danışıqlar hələ davam eləyir. Çünki bu tariflərin avqustun 1-dən tətbiq olunması gözlənilir. Əgər 30 faizlik tarif tətbiq olunarsa və danışıqlar nəticə verməzsə, Avropa da Amerika mallarına adekvat olaraq rüsum tətbiq edə bilər. Amma məsələnin kökü ondan ibarətdir ki, Avropa Amerikaya daha çox mal satır, nəinki Amerikadan alır”.

Bu sözləri xalqcəbhəsi.az-a iqtisadçı Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan mallara əlavə gömrük rüsumunu tətbiq etməsi haqqında danışarkən söyləyib.

İqtisadçının sözlərinə görə, Trampın da istəyi odur ki, tariflər vasitəsilə Avropanı məcbur etsin ki, Amerikadan daha çox məhsul alsınlar və daha yüksək qiymətə alsınlar: “Yəni buna görə indi artıq danışıqlar sürətlənir. Əgər tarif müharibələri davam edəcəksə, uzunmüddətli olacaqsa, bu, təbii ki, dünya iqtisadiyyatında daralmaya səbəb ola bilər. Çünki qiymətlər artdıqca, inflyasiya yüksəldikcə istehlak azalır, istehlak azalırsa, istehsal da azalır. Yəni dünya iqtisadiyyatında bir resessiya təhlükəsi də yarana bilər”.

Röya İsrafilova