“Yeni tədbirlər həyata keçiriləcək” İqtisadiyyat

“Yeni tədbirlər həyata keçiriləcək”

Şahin Mustafayev: "İstehlak bazarında qiymətlərin artması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib"

"Dünyadakı iqtisadi proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi ölkənin gəlirlərini və investisiyanın həcmini, o cümlədən iqtisadi subyektlərin aktivliyini azaldıb".
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Şahin Mustafayev bildirib ki, investisiyaların təşviqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb: "Bu fərman yerli və xarici investisiyanın stimullaşdırılmasına gətirib çıxaracaq. İnvestisiyaların təşviqi ilə bağlı yeni tədbirlər paketi hazırlanıb. Bu tədbirlər paketində investisiyanın təşviqi üçün müəyyən güzəştlərin tətbiq edilməsi təqdim olunur. Əvvəllər fərdi qaydada müəyyən güzəştlər tətbiq edilirdisə, yeni tədbirlər planına əsasən investisiya layihələrinə 3 meyar əsasında - investisiyanın həcmi, fəaliyyət sahəsi və Azərbaycanın bölgəsi üzrə meyarlar nəzərə alınmaqla güzəştlər tətbiq olunacaq. Birinci güzəşt ondan ibarətdir ki, yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, tədbirlər planında 7 il ərzində regionlar üzrə investisiya layihələrinin əmlak vergisindən tam, mənfəət vergisindən isə 50% azad olunması nəzərdə tutulur. Regionlarda konkret fəaliyyət sahələrinin təşviq edilməsi ilə investisiyanın həcmini müəyyən edə biləcəyik. Bundan başqa, tədbirlər planında qeyri-neft sektorunun inkişafı ilə bağlı da bir sıra məsələlər öz əksini tapıb. Qeyri-neft sektorunun stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalaşma mexanizmi hazırlanacaq. Əlavə olaraq, tədbirlər planında Azərbaycana məxsus milli brendlərin yaradılması da nəzərdə tutulur. Milli brendlərin yaradılmasında dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bir sözlə, ölkənin qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərdə tutan kompleks tədbirlər həyata keçiriləcək. Bu tədbirlərlə əlaqədar Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı tərəfimizdən iki məsələ qaldırıb. Bu, ilk növbədə investisiyanın təşviqinə imkan verəcək. Məsələ ondan ibarətdir ki, bu məsələlər yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların və sənaye parklarında rezident kimi qeydiyyatdan keçən sahibkarların gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. Bu dəyişikliklərin qəbul olunması sahibkarların xərclərinin azalmasına yerli və xarici investisiyanın cəlb olunmasına, o cümlədən həcminin artmasına gətirib çıxaracaq".
Şahin Mustafayev bildirib ki, 2015-ci ilin 10 ayı ərzində devalvasiyanın baş verməsi ölkənin istehlak bazarına mənfi təsir edib.
Nazirin sözlərinə görə, istehlak bazarında qiymətlərin artması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib: "İstehlak bazarına nəzarətin həyata keçirilməsi üçün un və buğda ununun idxalı və satışı ƏDV-dən azad edilib. İqtisadi aktivliyin artması ilə bağlı yeni tədbirlər həyata keçiriləcək".