“TAP-ın tikintisinə mayın 17-də başlanacaq” İqtisadiyyat

“TAP-ın tikintisinə mayın 17-də başlanacaq”

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.
Bunu Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis bildirib.
O qeyd edib ki, təməlqoyma mərasimində siyasətçilər də iştirak edəcəklər: "Bu, çoxlu iş yerlərinin yaradılmasına imkan verən vacib layihədir".
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.