13:21
161
Fransa hakimiyyəti noyabrın 14-də Parisdə keçiriləcək etiraz aksiyalarında 30 mindən 60 minə qədər insanın iştirak edəcəyini gözləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın Respublika meydanından başlayacaq üç müxtəlif etiraz yürüşünün keçirilməsi üçün müraciət edilib. İlk aksiya qiymət artımına qarşı müxtəlif şüarlarla çıxış edən "Sarı jiletlilər" hərəkatının nümayəndələri tərəfindən təşkil olunub. İkinci yürüşü uşaqlara qarşı zorakılığın əleyhdarları keçirəcək. Üçüncü aksiya isə parlament tərəfindən polis əməkdaşlarının silahdan qanuni istifadəsi prezumpsiyası haqqında qanunun qəbuluna etiraz edənləri bir araya gətirəcək.
Nümayişlərin təşkilatçıları Millət və Bastiliya meydanlarında başa çatacaq müxtəlif hərəkət marşrutları təklif ediblər. Hazırda Paris Polis Prefekturası bu marşrutların heç birini təsdiqləməyib. Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyinin analitikləri təşkilatçılar arasında həmkarlar ittifaqlarının nümayəndələrinin olmaması səbəbindən təhlükəsizlik baxımından mümkün risklərdən ehtiyat edirlər. Bununla belə, prefekturada vurğulanıb ki, hakimiyyətin iğtişaşlar və talanlarla bağlı narahatlığı fonunda aksiyanın şəhər kənarına köçürülməsi təkliflərinə ən açıq yanaşan tərəf məhz "Sarı jiletlilər" olub.
"Aksiyalar açıq şəkildə polis əleyhinə xarakter daşıyacaq və sol radikalları cəlb edəcək mövzuları gündəmə gətirəcək. Həmçinin kəşfiyyat məlumatlarına əsasən, hüquq-mühafizə orqanlarına qarşı aqressiv köklənmiş təxminən 600 gəncdən ibarət qruplaşmanın da iştirakı gözlənilir", – deyə telekanalın müxbiri Rafael Mayoşon bildirib.
Bundan əvvəl telekanalın efirində çıxış edən Fransanın daxili işlər naziri Loran Nunyes ölkə üzrə ümumilikdə 50-60 müxtəlif nümayişin gözlənildiyini açıqlayıb. O, bu dəfə şəhər küçələrində asayişin qorunmasına nə qədər polis qüvvəsinin cəlb ediləcəyini dəqiqləşdirməyib və gün ərzində güc strukturlarının nümayəndələri ilə keçirəcəyi müşavirədə bu məsələni müzakirə edəcəyini deyib.
Məryəm Quliyeva