“Gilan Holdinq”: Gələn il böyük layihələrin tikintisini davam etdirəcəyik İqtisadiyyat

“Gilan Holdinq”: Gələn il böyük layihələrin tikintisini davam etdirəcəyik

"Biz "RecExpo II" daşınmaz əmlak və investisiya sərgisində iştirak etməklə daşınmaz əmlak sahəsində olan layihələrimiz, satışda olan mənzillərimiz, xidmətlərimiz barədə iştirakçılara məlumat vermək, hər hansı bir potensial əməkdaşlığa çalışmaq və ölkəmizə daşınmaz əmlak üzrə investorların cəlb olunmasında rol oynamaqda maraqlıyıq. Çünki bir çox layihələrimiz var ki, xarici alıcılar və xarici investorlar üçün də maraqlı ola bilər". Bunu "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində "Gilan Holdinq"in daşınmaz əmlak portfeli üzrə direktoru Tural Novruzov açıqlaması zamanı bildirib.
T.Novruzovun sözlərinə görə, hal-hazırda sərgidə iştirak edən xarici qonaqlar əsasən tikilməkdə olan layihələrin gələcəyi və gəlirliliyi ilə maraqlanırlar: "Türkiyədən, Körfəz ölkələrindən, Avropadan və eyni zamanda Azərbaycandakı beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrindən bizim layihələrlə maraqlananlar var".
2017-ci ildəki planlarından danışan "Gilan Holdinq"in rəsmisi gələn il də tikilməkdə olan böyük layihələrin tikintisinin davam etdiriləcəyini vurğulayıb. O bildirib ki, Nərimanov, Qaradağ, Yasamal rayonlarında mövcud və tikilməkdə olan layihələrin yekunlaşmasına çalışılacaq. "Biz tikililərin, əhalinin tələbinə uyğun olaraq təqdim olunmasına çalışırıq. Bu baxımdan da şirkət olaraq təqdim etdiyimiz layihələr ilə alıcılarımız arasında vasitə yaratmağa can atırıq. İqtisadi çətinliklərə gəlincə isə, bu istənilən sektor üçün gözlənilən haldır. Əsas odur ki, bu məqamda alıcıların mövcud maliyyə vəziyyətlərinə uyğun mənzillər təklif edə biləsən.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilir. Dünyanın 11 ölkəsindən 100-ə qədər tikinti və inşaat şirkətlərinin qatıldığı sərgidə bir-birindən maraqlı layihələr təqdim olunur.