Dünən DGK sədri qazaxıstanlı həmkarı ilə görüşüb İqtisadiyyat

Dünən DGK sədri qazaxıstanlı həmkarı ilə görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Ardak Tengebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, A. Əliyev Qazaxıstan və Azərbaycanın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəlilədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya layihələrindən bəhs edən A. Əliyev informasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayıb, "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər layihələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib.
Komitə sədri gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.
A.Tengebayev ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqə­lərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlən­məsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. İki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıqdan da razılıqla söhbət açan A. Tengebayev Azərbaycan gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu təcrübədən yararlanmağın ümumi işə faydasından bəhs edib və yaxın perspek­tivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüş başa çatdıqdan sonra isə Qazaxıstan nümayəndə heyəti DGK-da gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.