Yeni tikilən binalarda mənzil alanlar çıxarış barədə öncədən məlumat ala biləcəklər İqtisadiyyat

Yeni tikilən binalarda mənzil alanlar çıxarış barədə öncədən məlumat ala biləcəklər

"Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar" mövzusunda ictimai təqdimat keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcək, eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.
Tədbirdə çıxış edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son dövrlər dövlət qurumlarının qarşısında qoyulan tapşırıqlara əsasən vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi istiqamətində uğurlu işlər icra olunur. Komitə də fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir. Digər sahələrlə yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində də yeniliklər tətbiq edilir. Qeydiyyat prosedurlarının sadələşdirilməsi, qabaqcadan qeydiyyat mexanizminin fəaliyyəti, elektron çıxarışın mövcudluğu bu sahədə görülən işlərin əyani sübutudur. Eyni zamanda vətəndaşların bilavasitə ünvanlarında keçirilən "Kütləvi çıxarış" və hüquqi yardım kampaniyası, mobil xidmətlər komitənin sosial layihələrindəndir.
Digər faydalı xidmət isə innnovativ üsulların tətbiq edildiyi "Əmlakın qeydiyyatı kalkulyatorudur". Belə ki, ölkə vətəndaşlarına, mənzil sahiblərinə böyük fayda verə biləcək, onların işini sadələşdirəcək 2 yeni elektron xidmət istifadəyə verib. Bunlar "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" və "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" elektron xidmətləridir. Bu xidmətlərin artıq "Elektron hökumət" portalına inteqrasiya edildiyi də qeyd olunub.
Bildirilib ki, "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" adlanan elektron xidmətinin köməyi ilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənəcək. Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumatı elektron qaydada onlayn rejimdə əldə edə bilər. Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir.
Xidmət vasitəsilə vətəndaş mənzil almamışdan qabaq sahib olacağı mənzilə çıxarışın verilməsi üçün ilkin hüquq müəyyənedici sənədlərin qaydasında olub-olmamasını elektron şəkildə, əvvəlcədən real vaxt rejimində öyrənə biləcək. Bu isə gələcəkdə istər paytaxtda, istərsə də regionlardakı vətəndaşların mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, onların etibarlı və leqal əmlak sahibi olmasına köməklik edir. Vətəndaşlarda etibarlı, çıxarışla təmin olunumuş mənzil və ev alqı-satqısında geniş seçim imkanı yaradır. Eyni zamanda xidmət bazarda mövcud olan leqal əmlaklara sahib olan vətəndaşların sayının artmasına, bu sahədə mövcud risklərin minimuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır, vətəndaş-məmur münasibətlərini minimuma endirir, bu sahədə çevikliyi artırır. Həmçinin bununla mənzillər üzərində ipoteka, girov, alqı-satqı kimi iqtisadi əməliyyatların yerinə yetirilməsi daha da sadələşir.
Yeni istifadəyə verilən digər elektron xidmət - "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" də öz əhəmiyyətinə görə, mənzil sahibləri və alıcıları üçün mühüm əhəmiyyət daşıyır. Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə etmək istədikləri ərazidə evlərin təqribi bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə biləcəklər. Nəticədə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir. Eyni zamanda onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir. Xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. "Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar" mövzusunda keçirilən təqdimatda bu yeni xidmətlərin üstünlükləri, vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə danışılıb.