1150 ailə təsərrüfatı yaradılıb İqtisadiyyat

1150 ailə təsərrüfatı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli sərəncamının icrası olaraq, ƏƏSMN tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha 16 nəfər işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) təqdim olunub. Nzirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı artıq 1150-yə çatıb. Proqram iştirakçılarının 300 nəfərə qədərini qadınlar, qalanlarını kişilər təşkil edir. Eyni zamanda, 280 nəfər gənc, 60 nəfər əlilliyi olan şəxs də özünüməşğulluq proqramına cəlb olunub.
Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir.
Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb. Digər tərəfdən, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, bu sektorda məhsul istehsalının artımını da stimullaşdırır. Növbəti ildən özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayı dəfələrlə artırılacaq. 2018-ci ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında" Qanunun tətbiqi ilə formalaşan maliyyə resurslarının əhəmiyyətli bir hissəsi məhz aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması prosesinin əhəmiyyətli şəkildə genişləndirilməsinə yönəldiləcək.