Sərnişin və yük daşımalarının yeni qaydaları müəyyənləşdirilir İqtisadiyyat

Sərnişin və yük daşımalarının yeni qaydaları müəyyənləşdirilir

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının yeni standartları, bunu yerinə yetirən fiziki və hüquqi şəxslərin yeni vəzifələri müəyyənləşdirilir. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna yeni 6-1 (Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslərin vəzifələri) maddəsinin əlavə edilməsi təklif olunub. Təklifə əsasən beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlama müddəti bitmiş, plomblanması pozulmuş tamamailə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Yeni layihəyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinə də yenilik edilir. Məcəllənin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə müvafiq cərimələr nəzərdə tutulur. Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.