Bolqarıstanın qazlaşdırılmasında SOCAR-ın iştirak imkanları müzakirə edilib İqtisadiyyat

Bolqarıstanın qazlaşdırılmasında SOCAR-ın iştirak imkanları müzakirə edilib

Azərbaycan prezidenti və Bolqarıstanın baş naziri arasında Bolqarıstanın qazlaşdırılması proqramında SOCAR-ın mümkün iştirakının araşdırılmasına dair əldə edilmiş razılaşmaya əsasən, SOCAR-ın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bolqarıstanın əlaqədar qurumları ilə müzakirələr aparmaq məqsədi ilə Sofiya şəhərinə səfər edib. SOCAR-dan verilən məlumata görə, nümayəndə heyətinin ilk görüşü Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə olub. T. Petkova SOCAR-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökumətin mümkün dəstəyini ifadə edib.
SOCAR prezidentinin müşaviri, "SOCAR Balkans" şirkətinin icraçı direktoru Murad Heydərov öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin icrasında cari vəziyyət barədə məlumat verib. Daha sonra, İCGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi, Bulgartransqaz şirkətinin icraçı direktoru Vladimir Malinov isə qaz infrastrukturunun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Daha sonra mütəxəssislər arasında müzakirələr aparılıb.
Xatırladaq ki, 2 qitə və 6 ölkə üzərindən inşa edilən Cənub Qaz Dəhlizi meqalayihəsinin 3 seqmenti – "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin Türkiyədək olan hissəsi artıq bu ildə başa çatdırılacaq. 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP boru kəməri ilk qaz həcmlərini Avropa ölkələrin bazarlarına çatdıracaq. "Şahdəniz" yatağında əldə edilən qazın bir qismi, zəmanət əsasında Azərbaycanın daxili tələbatına yönləndiriləcək. İldə 6 milyard kubmetr qazın Türkiyə bazarına, 10 mlrd. kubmetr qazın isə Avropa bazarına satışı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi üzrə nəql edilməsi nəzərdə tutulan təbii qazın bir hissəsinin Balkan ölkələrinin bazarlarında da reallaşdırılması üçün həmin ölkələrdə qazpaylayıcı şəbəkələrin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri aparılır.